11 sentyabr 2017 14:46
794

Ağstafada 4 avtomobil körpüsünün tikintisi başa çatıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün tikintisi başa çatıb. Artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və 29,5-ci kilometrində Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir. Layihəyə uyğun olaraq, körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir.