08 sentyabr 2017 23:38
938

Sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilir

Gəmiçiliyin “MPK-452” sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırılmış donanmasına məxsus “MPK-452” sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəminin arxa hissəsində qüsurlu metal lövhələr dəyişdirilib, sualtı və suüstü hissələri rənglənib. Kinqston qutusunun, lövbər və lövbər zəncirinin təmiri həyata keçirilir. Həmçinin gəminin maşın şöbəsində elektrik cihazları saz vəziyyətə gətirilib. Yağ, yanacaq və su sistemlərində çatışmazlıqlar aradan qaldırılıb.

Uzunluğu 34,03 metr, eni 7,2 metr olan gəminin maksimal sürəti 11,1 uzel, dedveyti isə 30,5 tondur. Gəmi göyərtəsinə 66 sərnişin qəbul edə bilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və sair) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Təmirə dayanan “MPK-452” sərnişin gəmisi də neftçilərin iş yerlərinə çatdırılması və digər xidmətlərdə istismar edilir.