Qaraçuxur qəsəbəsində yararsız binaların yerinə yeni yaşayış binaları tikilir
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ədəd 2 mərtəbəli yaşayış binasının əvəzinə “Etibarlı” MTK tərəfindən 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binaları inşa edilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, sözügedən binaların tikintisi sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun həyata keçirilir.
Bundan əlavə, hazırda Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə pilot layihə çərçivəsində “Spektor-H” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır.