06 sentyabr 2017 23:08
1292

İdxaldan asılılıq azaldılmalı, ərzaq təhlükəsizliyi tam təmin edilməlidir

Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi ölkəmizdə bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, valyutaya qənaət edilməsinin də qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu nümayiş etdirir. Eyni zamanda bu, ölkəmizdə ümumi daxili məhsul istehsalının, məşğulluğun artırılmasına imkan verir.

Əlbəttə ki, söhbət ildə 100 milyon ABŞ dollarına yaxın vəsaitin sözügedən kənd təsərrüfatı məhsullarının ölkədaxili tələbatın ödənilməsinə yönəldilməsindən gedir. Burada ölkə əhalisinin qida rasionunda əhəmiyyətli yer tutan çay və düyünü xüsusilə vurğulamaq lazımdır. Məsələ burasındadır ki, bu məhsullar üzrə idxalın illik dəyəri 82 milyon dollardır. Hərçənd ki, bu məhsulların ölkə ərazisində yetişdirilməsi üçün təbii iqlim şəraiti mövcuddur və dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi dəstəyi də buraya əlavə etsək, nəinki yerli tələbatın tam ödənilməsi, eyni zamanda, ixrac potensialına da malik olmaq mümkündür. Hazırda Azərbaycandan çay ixracı həyata keçirilsə də, onun həcmi həmin məhsulun idxalı ilə müqayisədə olduqca az olmaqla yanaşı, xammalı da elə idxal hesabınadır. Ötən  il 6,2 milyon dollar dəyərində 1100 ton çay ixrac edilib. Çay idxalının həcmi isə 12,6 min ton olub ki, buna 45 milyon dollar vəsait yönəldilib.

Qeyd etmək lazımdır ki, hələ keçmiş SSRİ dövründə Azərbaycanda kifayət qədər böyük həcmdə çay istehsal olunurdu. Təkcə  1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdi və çay istehsalı 26 min tona çatmışdı.  Sonrakı illərdə bu həcm xeyli azalmaya məruz qalsa da, hazırda Azərbaycanda çayçılıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Respublikada çayın ümumi əkin sahəsi 1016 hektardır ki, bundan da 664 hektarı bar verir. Əkin sahələrinin 94 faizi, istehsalın isə 94,7 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Çayçılıqla bağlı mühüm amil isə ondan ibarətdir ki, artıq bu məhsul üzrə bazar axtarmağa da ehtiyac yoxdur. Əsas məsələ xammalın ölkə ərazisində istehsalına nail olmaqdır.

Çəltikçiliyə gəldikdə isə, bu sahə son illərdə böyük inkişaf yolu keçib. Əgər 2016-cı ildə 2500 hektar ərazidə çəltik əkilmişdisə, 2017-ci ildə bu göstərici iki dəfə artıb. Bunun başlıca səbəblərindən biri bu sahənin gəlirliyinin yüksək olmasıdır. Bu amil Prezident İlham Əliyev tərəfindən sözügedən müşavirədə də qeyd olunub. Digər tərəfdən, əvvəllər çəltikçilik böyük əziyyət tələb edən kənd təsərrüfatı sahələrindən idisə, hazırda  müasir texnologiyaların tətbiqi bu sahədə istehsalın asanlaşdırılmasına imkan verir.

Bununla belə ötən  il ölkəmizə 37 milyon dollar dəyərində 48 min ton düyü idxal edilib. Çayçılıqdan fərqli olaraq düyünün daha çox qablaşdırılmış formada idxalı yerli bazarda xarici düyü markalarının yer almasına şərait yaradıb. Bu isə yerli istehsalçıları ölkə daxilində rəqabətədavamlı məhsul yetişdirilməsinə sövq edəcək. Şübhəsiz ki, bunun üçün isə ilk növbədə  məhsul istehsalının kəskin şəkildə artırılması da gərəkdir. Məsələ burasındadır ki,  ötən il 48 min ton düyü idxalının qarşılığında 5600 ton çəltik istehsal edilib.

2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib. Bundan başqa, həmin dövr ərzində ölkəmizdə 56,6 min ton sitrus meyvələri tədarük edilib. Sadalanan digər məhsullarla müqayisədə sitrus meyvələrinə olan tələbatın böyük hissəsinin ölkəmizdə istehsal edilməsi müsbət haldır. Demək olar ki, bu sahədə əvvəlki illərlə müqayisədə xeyli artım olub. Müqayisə üçün deyək ki, 2010-cu ildə Azərbaycanda sitrus meyvələrinin ümumi istehsalının həcmi 19 min ton olub. Lakin təkcə yerli tələbatı ödəmək üçün bu həcmin azı 27 min ton artırılması lazımdır. Sonrakı mərhələdə isə tələbatdan artıq olan məhsulun ixracı üçün xarici bazarlar axtarmaq olar.

Ölkə başçısının son bir ay ərzində Azərbaycanın şimal-qərb, şimal regionundan sonra cənub bölgəsinə səfəri və keçirilən müşavirələr dövlətin qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına verilən diqqət və qayğısının bariz nümunəsidir. Bununla da Prezident İlham Əliyevin kənd təsərrüfatının, xüsusilə də onun ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı aidiyyəti orqanlara verdiyi tapşırıqlara yerlərdə nəzarət etməsi, sahibkarları narahat edən bütün məsələlərlə yerində tanış olması və bu barədə tövsiyə və tapşırıqlarını verməsi sahibkarlıq subyektlərinin yaxın gələcəkdə daha çox məhsul istehsal etmələrini  stimullaşdırır. Bu isə bir daha onu deməyə imkan verir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı gələcəkdə də  prioritet sahə olaraq qalacaq. Buraya eyni zamanda, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də aiddir.

Ceyhun Piriyev, “İki sahil"