31 avqust 2017 22:39
3947

Üçrəngli bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Bayraq adi parça deyil, müqəddəslik rəmzidir.

Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi, "tuğ" adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının səmavi kitablarla birgə bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Döyüşlərdə bayrağı silahı kimi canı, qanı ilə qoruyan igidlərimiz çoxdur. "Zəfər güllərini üstündə göyərdən, tarixdən qədim, zamandan qoca adlandırılan" bayraq yalnız onun uğrunda ölən şəhidlərin ruhu qarşısında "baş əyir", qəhrəmanlara özü kimi əbədilik qazandırır.

Vətən uğrunda ölməyi, onun müqəddəsliyinin qorunmasını şərəf işi hesab edən ulu öndər Heydər Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi.

...1990-cı ildə doğma vətəni Naxçıvana qayıdaraq Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri bir salnamə kimi tariximizə yazılsa da onların arasında gələcək taleyimizi müəyyənləşdirən, əhəmiyyəti ilə seçilənləri də az deyildir. Ən böyük azərbaycanlı olduğunu 17 noyabr 1990-cı ildə təcrübəli dövlət xadimi kimi sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifi ilə bildirən ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu ifadə edən bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin kövrək təməli qoyuldu.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyevin: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa , dövlətə olan məhəbbətə bərabər olsun" sözləri bayrağımızın müqəddəslik rəmzidir.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: "Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam."

Bu siyasətə sadiq qalan cənab Prezident İlham Əliyev 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı Sərəncam imzalamaqla sınanmış ideyaları reallaşdırdı, bayrağımıza ümumxalq ehtiramını, məhəbbətini artırdı. Varlığımızı təsdiqləyən bayrağımızla bağlı bu tarixlərin il fərqi olsa da eyni günə təsadüf etməsi Ulu Öndərin ideyalarına sadiqlik ifadəsi oldu. 50 milyonluq Azərbaycan xalqı böyük qürur hissi keçirdi. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT- nin, Avropa Şurasının, ölkəmizi başqa dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması da əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, suverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.

Prezident İlham Əliyevin "Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında" Sərəncamından sonra işlərin sürətləndirilməsi üçün lazımi tədbirlər görüldü. Ölkə başçısının 17 noyabr 2009-cu il sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə, hər il 9 noyabr tarixi respublikamızda Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətə çevrildiyini 1 sentyabr 2010-cu ildə Dövlət Bayrağı Meydanının təntənəli açılışındakı çıxışında qeyd edən Prezident İlham Əliyev müstəqilliyimizin atributlarının əks olunduğu meydanın yaranmasında məqsədin respublikanın daha da güclənməsinə, tanınmasına, dünya birliyində mövqeyinin möhkəmlənməsinə yönəldiyini vurğuladı. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himnimizin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Dövlət Bayrağı Muzeyi əsl mənada Azərbaycanın qəhrəmanlıq tarixinin simvolu, "Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq" söyləyən hər bir azərbaycanlının qürur duyduğu keçmişə uzanan yaddaşıdır.

Bayrağımızın müqəddəsliyini Azərbaycandan uzaqlarda belə qorumaqla gəncliyə nümunə göstərən, dövlət atributumuzun toxunulmazlığını hər bir vətəndaşın şərəf işi olduğunu bildirən, Azərbaycan bayrağını təhqir edən erməni şovinistinə layiq olduğu dərsi verməklə hərbçi şərəfini və dövlətçiliyimizin müqəddəsliyini, toxunulmazlığını qoruyan Ramil Səfərovun bu hərəkəti bayrağımıza sədaqətin məntiqi ifadəsi oldu. Ramilin Azərbaycana dönüşünü, azadlığa buraxılmasını Prezident İlham Əliyevin bir dövlət başçısı, zabitinin şərəfini qoruyan Ali Baş Komandan kimi qətiyyətinin təntənəsi, haqq-ədalətin qələbə simvolu adlandıran xalqımız sevincini bayrağımızı əbədi uğurlarımızın şahidi kimi dalğalandırmaqla bildirdi.

Paytaxtımızın ən uca, əzəmətli və görməli güşəsində yerləşən Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkı şəhərimizə gələn bütün qonaqların diqqətini cəlb edir. Əzəməti ilə seçilən Azərbaycanın bayrağı Ginnesin Rekordlar kitabına salınıb. Dövlət bayrağımız ölkəmizdən kənarda belə Vətənimizin varlığını təsdiq edir. "Eurovision-2012" mahnı müsabiqəsində, XXX London Yay Olimpiadasında ölkəmizə birincilik qazandıran qaliblərin şərəfinə ucaldılan bayrağımız sivilizasiyalararası dialoq məkanı, mədəniyyətlərin qovuşduğu respublika kimi mötəbər məclislərə ev sahibliyi edərək qonaqları da salamlayır.

Olimpiadalarda, beynəlxalq yarışlarda idmançılarımızın qələbəsini, " qızıl uğurunu" yüksək pillədən dünyaya çatdıran Azərbaycan bayrağı Birinci Avropa Oyunlarında 21, IV İslam Həmrəyliyi Oyunlarında 75 dəfə belə "şansa" sahib oldu. Bayrağımız hələ neçə-neçə möhtəşəm idman və musiqi bayramlarında ölkəmizə uğur qazandıracaq.

"Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın" söyləyən Prezident İlham Əliyevin xarici səfərlərində ölkəmizin tanıdılması üçün söylədiyi xoş sözlərin ilk "dinləyicisi" də xitabət kürsülərinin bəzəyi, Azərbaycanı təmsil edən bayrağımız olur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müstəqil siyasəti bütün uğurların başlıca şərti olduğu kimi, müstəqilliyimiz də ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqillik simvolumuz isə bayrağımızdır. Ölkəmizdə bütün millətlərin nümayəndələri, müxtəlif dini konfessiyalara məxsus insanlar mehribanlıq, dostluq şəraitində yaşayırlar. Azərbaycan tolerant və multikulturalizm prinsiplərini əks etdirən milli-dini dözümlülük məkanı kimi nümunə kimi göstərilir. Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən, regional sabitlik, təhlükəsizlik məkanıdır.

Prezident İlham Əliyev andiçmə mərasimində məhz bu bayraq altında xalqına daim sədaqətlə xidmət edəcəyini bildirmiş, Azərbaycanı iqtisadi qüdrəti ilə seçiləcək ölkə səviyyəsinə qaldıracağı vədini vermiş və andına sadiq qalmışdır. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətləri ilə fəth edirsə bu, daim uca tutulan bayrağımız qarşısında dövlət başçımızın öhdəsinə götürdüyü məsuliyyətə, vədinə sadiqlik rəmzidir.

Gün gələcək müstəqilliyimizin, suverenliyimizin ifadəsi, düşmənə göz dağı kimi Lələtəpədə dalğalanan bayrağımız işğal altında qalan bütün torpaqlarımızda dalğalanacaq, silahdan də kəsərli əzəməti ilə varlığımızı təsdiqləyəcək. Bu ünvanların Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə azad olunacağını bildirən Azərbaycan xalqı dövlət başçısının bu sözlərinin reallaşacağına tam əmindir : "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq."

Xuraman İsmayılqızı, “İki sahil"