30 avqust 2017 23:38
1110

Azərbaycanda münbit sərmayə mühiti formalaşıb

Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir

“Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.”

Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə yaradılan sabitliyin və normal iqtisadi mühitin investisiya axınının sürətlənməsində rolunu önə çəkərək, cari ilin ötən dövründə ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmini açıqlamaqla həyata keçirilən siyasətin düşünülmüş və məqsədyönlülüyünü bir daha təsdiqləyir. Müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud xaos, anarxiya əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaradılan sabitlik, iqtisadi mühit bu tərəddüdləri aradan qaldırdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana inam artdı, ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ümumilikdə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollara yaxındır.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün potensial baza kimi neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması, modernləşdirilməsi nəzərdə tutulur, neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın da nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik,  iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir: “Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?” Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.  ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 13 ildən artıq dövr ərzində 1,5 milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Cari ilin ötən dövründə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzüunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir. Ölkə Prezidentinin imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası sözsüz ki, maarifləndirmə işinin gücləndirilməsinə və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatına qoyulacaq investisiyaların həcminin artmasına öz müsbət təsirini göstərəcək.

Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq  təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman təqdir olunur. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sənədə uyğun olaraq həyata keçirilən tədbirlər, təsdiqlənən Dövlət proqramları, İnkişaf konsepsiyaları və onların uğurlu icrası sonda müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza inamı artırır. Cənab İlham Əliyev hər zaman bildirir ki, atılan addımlar Azərbaycanın inkişafının hərtərəfli və sürətli olmasına xidmət edir.

Yeganə Əliyeva, “İki sahil”