Qədim tarixi keçmişə malik olan doğma Naxçıvanımızın bu gün hansı tərəfinə yolun düşürsə, o yerdə müasirlik, yenilik görürsən. Bütün bunlar isə təsadüfi deyil. 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq aparılan məqsədyönlü işlər diyarımızın bütün bölgələrinə inkişaf, tərəqqi gətirib. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa rayonunda da bütün bunları aydın görmək olar. Rayonun əsrarəngiz təbiəti, günü-gündən abadlaşan, müasirləşən yaşayış məntəqələri, rahat, hamar yolları ilk növbədə bu yerə ayaq basan hər bir kəsin qəlbini oxşayır.
Bu baxımdan Naxçıvan və Culfa şəhərlərini birləşdirən magistral yolun rahat, hamar olması uğurla həyata keçirilən quruculuq siyasətinin bəhrəsidir. Yol isə iqtisadiyyatdır, mədəniyyətdir. Elə məhz bunun nəticəsidir ki, bu bölgədə də yol tikintisi, körpü salınması həmişə diqqət mərkəzində saxlanılır. Son illər Çeşməbasar-Boyəhməd kəndlərini birləşdirən magistral yol da yenidən qurulub, insanların müxtəlif ünvanlara gediş-gəlişi xeyli asanlaşıb. Bu istiqamətdə Qazançı, Teyvaz, Milax, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində kompleks quruculuq işləri aparılıb, dağ kəndlərində, eləcə də sərhəd yaşayış məntəqələrində mühüm infrastruktur layihələri reallaşdırılıb.
Naxçıvandan Culfa şəhərinə istiqamət alan geniş, hamar yolla irəlilədikcə göz önündə əsrarəngiz təbiət, abad yaşayış məntəqələri canlanır. Şəhərin girişində salınan Bayraq meydanı, burada əzəmətlə ucalan ay-ulduzlu, üçrəngli bayrağımız, ətrafın yaşıl libası adamın qəlbini açır. Qarşı tərəfdə isə Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa şəhəri özünün abad, müasir görünüşü ilə diqqət çəkir. Qürurla söyləmək olar ki, müstəqilik illərində bu qədim bölgə də sürətlə inkişaf edib, dəyişib. Həm rayon mərkəzi, həm də ayrı-ayrı kəndlər müasir görkəm alıb. Xüsusən də 2017-ci ilin birinci yarısında həyata keçirilən quruculuq tədbirlərinin, görülən işlərin həcmi daha çoxdur. Qazanılan uğurlar, əldə edilən nəticələr statistik rəqəmlərdə də özünü aydın göstərir. Belə ki, bu ilin yanvar-iyun aylarında 3 milyon 315 min manatlıq sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 459 min manat investisiya yönəldilib.
Kənd təsərrüfatı Culfa rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 13 yanvar tarixli Sərəncamına uyğun olaraq məhsul istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 589 min 600 manat dəyərində 1034 ton mineral gübrə satılıb, əkinçiliyin inkişafı üçün 22 min manat kredit verilib. Cari ilin ötən dövründə aqrolizinq xətti ilə 14 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı gətirilib sahibkarlara satılıb. Bütün bunların hamısı rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafında əsaslı rol oynayıb. Bölgədə ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il fevral ayının 8-də qəbul olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə bu ilin ötən müddətində yaşıllıqların və meyvə bağlarının ümumi ərazisi xeyli genişləndirilib, 8 min 325 ədəd müxtəlif meyvə tingləri əkilib.
Taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Cari ilin ötən müddətində bu vacib sahə diqqət mərkəzində saxlanılıb, 6 min 557 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsinin 27 faizindən 5 min 402 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla hər hektarda 29,7 sentner olub. Bundan əlavə, 275 hektar kartof sahəsindən 985 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 78,2 sentner təşkil edib. 339 hektar tərəvəz sahəsindən isə 300 tondan artıq məhsul yığılıb, ərazilərdə məhsul yığımı davam etdirilir. Bundan əlavə, meyvə bağlarında 940 ton məhsul toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.
Cari ilin ötən aylarında heyvandarlığın və arıçılığın inkişafı da diqqətdə saxlanılıb. Bunun da sayəsində mal-qarının baş sayı artırılıb, cins tərkibi yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində rayonda arı ailələrinin sayı 13 min 710 başa çatdırılıb. Bu dövrdə 8 milyon 76 min manat heyvandarlıq, 7 milyon 635 min manat isə bitkiçilik məhsulları olmaqla bütövlükdə 15 milyon 711 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. İstehsal edilən məhsullar yerli tələbatı ödəyir, bazar və yarmarkalara çıxarılır, istehsalçının maddi rifah halını yüksəldir.
Bu gün rayonun hər bir sakini iftixar hissi keçirir ki, bütün bu yaradılanlar, qurulanlar, abad guşələr uğurla həyata keçirilən quruculuq siyasətinin layiqli töhfələridir. Həyata keçirilən quruculuq tədbirləri sayəsində 13.272 nəfər əhalisi olan Culfa şəhəri də xeyli böyüyüb, burada bir-birindən əhəmiyyətli sosial yönümlü obyektlər tikilib, yaşıllıqların ümumi ərazisi xeyli genişləndirilib, ictimai binalara yeni görkəm verilib, sakinlər üçün rahat kommunal-məişət şəraiti yaradılıb, digər məqsədyönlü tədbirlər həyata keçirilib.
Qürurla söyləmək olar ki, muxtar respub
likamızdakı sürətli inkişaf və tərəqqidən Culfa rayonuna da xeyli pay düşüb. Həm Culfa şəhərində, həm də ayrı-ayrı yaşayış məntəqələrində müasirtipli məktəb binaları, kənd mərkəzləri, həkim ambulatoriyaları və digər sosial obyektlər tikilib istifadəyə verilib, yol infrastrukturu yeniləşdirilib, əhalinin rahat, firavan yaşayışı üçün tikinti, quruculuq, abadlıq işləri görülüb, yaşıllaşdırma tədbirləri həyata keçirilib. Culfa şəhər sakini, uzun illər mədəniyyət sahəsində çalışan təcrübəli mütəxəssis Əqidə Zeynalova bütün bunların hamısını qədim bölgənin müasirləşməsi, yeniləşməsi baxımından atılan uğurlu addımlar kimi dəyərləndirir. Deyir ki, Culfa şəhərimiz, eləcə də ayrı-ayrı kənd yaşayış məntəqələrimiz xeyli böyüyüb, gözəlləşib, müasirləşib. Bir-birindən gözəl, yaraşıqlı binalar, rahat hamar yollar, yaşıllıqlar əsrarəngiz təbiət lövhələri adamı valeh edir. Culfamızın girişində Dövlət Bayraq Meydanı yaradılıb. Bu yerdə bayrağımız əzəmətlə ucalır. Bayraq bizim vüqarımız, qürurumuzdur. Burada geniş bir ərazidə yaşıllıq zolağı da salınıb, həmişəyaşıl dekorativ ağaclar, gül kolları əkilib. Ətraf sahələr abadlaşdırılıb. Bu qədim bölgəyə gələn qonaqlar ilk təəssüratı da bu yerdən alırlar. Culfamız daim qonaqlı-qaralı olur. Son vaxtlar turistlərin gəlişi də çoxalıb. Onlar Culfa şəhəri ilə tanış olur, bölgənin tarixi keçmişi ilə maraqlanır, memarlıq inciləri, görməli yerləri, şəfalı suları onlarda xoş təəssürat oyadır. Şəhərimizdəki binalar yenilənib, insanların rahat yaşayışı üçün infrastrukturlar yaradılıb. Yaşıl bağ-bağçalarımız, nümunəvi istirahər yerlərimiz var. Culfanın mərkəzindəki Heydər parkı bu isti yay günlərində əhalinin üz tutduğu ünvanlardan biridir. Parkdakı uşaq əyləncə yerləri, fəvvarəli hovuz, həmişəyaşıl dekorativ ağaclar, gül kolları, təmizlik, abadlıq insanı valeh edir. Bir şəhər sakini kimi deyim ki, yayımız kimi, qışımız da gözəl olur. Elə bir çətinlik çəkmirik. İsti, rahat mənzillər, nümunəvi kommunal şərait hamımızın ürəyincədir.
Heydər Əliyev prospekti Culfa şəhərinin baş meydanıdır. Son illər bu prospektdə onlarla yeni, müasirtipli obyekt tikilib istifadəyə verilib. Prospektdəki Culfa şəhər musiqi məktəbinin yeni binası, mədəniyyət evi, uşaq bağçası, 2 və 3 nömrəli tam orta məktəblərin maddi-texniki bazası güclü olan təhsil müəssisələri və digər obyektlər quruculuq siyasətinin layiqli töhfələridir. Son illər həyata keçirilən quruculuq tədbirləri, yeni-yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi bu vacib sahədə də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəldib. Rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşı Aidə İbrahimova indi daha yaxşı işləmək, fəaliyyət göstərmək imkanları yarandığını nikbinliklə söyləyir. Deyir ki, ilin bu vədəsində mədəni-kütləvi tədbirlər daha maraqlı, rəngarəng keçirilir. Milli dəyərlərimiz, adət-ənənələrimiz yaşadılır, təbliğ olunur. Rayon mədəniyyət və turizm şöbəsinin “Çeşmə” instrumental ansanblı maraqlı konsert proqramları verir. Xüsusən də, rayonumuzun ərazisindəki “N” saylı hərbi hissələrdə Vətənimizin keşiyini çəkən əsgər və zabitlər qarşısında təşkil edilən maraqlı konsert proqramları böyük ruh yüksəkliyi ilə qarşılanır.
Təhsil prioritet sahədir. Son illər Culfa rayonunda bu istiqamətdə də uğurlu nəticələr qazanılıb. Xüsusilə də 2016-2017-ci tədris ilində təhsil işçilərinin əldə etdiyi nəticələr sevindiricidir. Qeyd edək ki, bu gün rayonda 26 tam orta və 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 5118 şagirdin təlim-tərbiyəsi ilə 1025 müəllim məşğul olur. Yaradılan nümunəvi şərait isə təhsilin, tədrisin səviyyəsini yüksəldir. Hazırda rayon tikinti quraşdırma idarəsinin inşaatçıları Dizə kəndində daha bir yeni- 216 yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisini sürətlə həyata keçirirlər. Kəndi magistrala birləşdirən yol da genişləndirilir, abadlıq işləri aparılır.
Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da səhiyyənin inkişafı, eləcə də əhalinin sağlamlığı naminə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni-yeni səhiyyə ocaqları tikilib istifadəyə verilir. Ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən, maddi-texniki bazası güclü olan rayon Mərkəzi xəstəxanasının müasir tipli binası buna əyani sübutdur. Hələ ucqar dağ və sərhəd yaşayış məntəqələrimizdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarını, feldşer-mama məntəqələrini demirik.
Culfa rayonunda əhaliyə göstərilən poçt-rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülür. Hazırda rayonda 6 min 393 abonent telefon-rabitə xidmətindən səmərəli istifadə edir. Bu ilin ötən müddətində 180 ünvana yeni telefon xətləri çəkilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Culfa şəhərində quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirlərinə də ciddi diqqət yetirilir. Park və yaşıllıq zolaqlarına müntəzəm qulluq göstərilir, insanların asudə vaxtının səmərəli keçməsi üçün məqsədyönlü tədbirlər aparılır. Bu baxımdan şəhərin mərkəzində salınmış Heydər parkı ilin bütün fəsillərində sakinlərin üz tutduqları ünvanlardan biridir. Bu yerdə Ulu Öndərimizin büstü qoyulub, ətraf sahələr abadlaşdırılıb, həmişəyaşıl dekorativ ağaclar ilin bütün fəsillərində baharı xatırladır, füsunkarlıq, gözəllik yaradır.
Qeyd edək ki, rayonun kəndlərində də inkişaf və tərəqqi vardır. Belə yaşayış məntəqələrindən biri də Ərəzin kəndidir. Bu kənddə kompleks quruculuq işləri aparılıb, kəndi magistrala birləşdirən yola asfalt örtük verilib, müasir tipli məktəb binası, kənd və xidmət mərkəzləri tikilib. Əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşdırılıb. Kənd sakini, ziyalı Kamran Cəfərov aparılan möhtəşəm quruculuq işləri və rahat yaşayış barədə nikbinliklə danışır. Söyləyir ki, qədim tarixi keçmişə malik olan Ərəzin kəndi sanki qəsəbə körkəmi alıb. Yeni təhsil ocağı, kənd və xidmət mərkəzi, həkim ambulatoriyası, qara örtüklü asvalt yollarımız hamımızın ürəyincədir.
Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da həyata keçirilən quruculuq və iqtisadi siyasət davamlı inkişafa, firavan həyata gətirib çıxarıb. Diyarımızda davamlı inkişafın təminatçısı isə ilk növbədə ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün isə dahi şəxsiyyətin siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhəmməd Fərəcov,
Naxçıvan Dövlət Radiosunun baş redaktoru