13 iyul 2018 14:10
1572

Bakı-Tbilisi-Ceyhanın “ardıcılları”: TANAP, TAP

13 iyul 2006-cı ildə Azərbaycan nefti BTC vasitəsilə Heydər Əliyev adına Ceyhan terminalına çatdırıldı

“Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir.” Azərbaycanda neft sənayesinin tarixini, inkişaf dövrünü qısa olaraq bu sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamış, Rusiyada yeni neft yataqlarının kəşfində böyük rolu olmuşdur . Keçmiş SSRİ məkanında “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər də Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neft sənayesində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri xarici ölkələrdə belə tanınaraq böyük hörmət qazanmışlar.

Ötən əsrdə, texnologiyanın inkişaf etmədiyi bir zamanda Azərbaycanın neft ölkəsi kimi tanınması, Bakı nefti uğrunda mübarizənin güclənməsi, xarici neft maqnatlarının diqqətini cəlb etməsi ölkəmizi dünyada tanıtdırdı. O dövrdə bir qrup milyonçunun şəxsi sərvəti kimi ayrı-ayrı adamlara xidmət göstərən Azərbaycan nefti uğrunda mübarizədə əziyyət çəkən isə xalq olurdu.

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” söyləyən ulu öndər Heydər Əliyev neft strategiyasını hazırlamaqla həqiqətən Azərbaycanın xilas, dünyaya inteqrasiya yolunu müəyyənləşdirdi. Müstəqilliyimizin ilk illərində ölkədə iqtisadi böhrandan çıxış yolunu təbii sərvətimiz olan neft və qaz ehtiyatlarını Avropaya çıxarmaqla, onillər üçün nəzərdə tutulan inkişaf konsepsiyasını həyata keçirməklə böhrandan çıxmağın istiqamətlərini zamanına uyğun dəqiqləşdirən, əfsanə adlandırılan “Əsrin müqaviləsi” ilə bağlı ideyalarını neft strategiyasını reallaşdırmaqla gerçəkləşdirən Ulu Öndər bütün dünyaya müdrik siyasətçi, təcrübəli dövlət başçısı olduğunu sübut etdi. Azərbaycanın informasiya blokadasına alındığı, Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, dövlət büdcəsinin səbatsız iqtidar tərəfindən dağıdıldığı bir zamanda, təbii ki, belə məsuliyyətli addım atmaq böyük risk, tükənməz iradə və cəsarət tələb edirdi. “Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq” söyləyən Prezident o dövrdə ölkəmizə edilən təsir və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının yenilməzliyinə, birliyinə, cəsarətinə güvənərək neft strategiyasını müdrikliklə həyata keçirən ulu öndər Heydər Əliyevin fədakarlığını Azərbaycan xalqı qarşısında göstərilən ən böyük xidmət adlandırır. Onun şəxsi nüfuzu sayəsində dünyanın ən iri neft şirkətləri Azərbaycana dəvət olundu, danışıqlar aparıldı. Xəzərdəki karbohidrogen ehtiyatlarını Azərbaycan iqtisadiyyatının dirçəlməsi və dünya üçün “kəşf ədən” Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası üçün şərait yarandı.

20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” əfsanəni reallığa çevirdi. Torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycana təzyiqlərin artdığı bir dövrdə bələ bir kontraktın imzalanması cəsarət, iradə, böyük nüfuz, etimad və etibar tələb edirdi. Müdrikliyi ilə müasirləri arasında seçilən ümummilli lidər Həydər Əliyev bütün maneələrə siyasi iradəsi, zəkası ilə qalib gələrək üç dənizi birləşdirdi.

Azərbaycan nefti BTC vasitəsilə ilk olaraq 13 iyul 2006-cı ildə Ceyhan limanına çatdırıldı. Bu münasibətlə Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Ulu Öndərin tarixi xidmətlərini Azərbaycanın dünyada tanınması istiqamətində atılan cəsarətli addım kimi dəyərləndirdi:  “Bakı-Tbilisi-Ceyhan kəməri ulu öndər Heydər Əliyevin adını daşıyır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış Azərbaycanın neft strategiyası bu gün ölkəmizin hərtərəfli inkişafına şərait yaradır. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır və əhəmiyyətlidir.”

Neft strategiyasının ilk bəhrəsi olan BTC-nin istifadəyə verilməsi ilə ölkəmizə yönələn investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirdi, islahatların, infrastruktur layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulu və tətbiqi ilə bölgələrdə quruculuq işləri vüsət aldı. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi ilə Azərbaycanın enerji bazarında mövqeyi möhkəmləndi. Enerji təhlükəsizliyinin nəinki region, bütün dünya üçün ümumi təhlükəsizliyə çevrildiyi bir zamanda Azərbaycanın enerjinin şaxələndirilməsi ilə bağlı təşəbbüslərinin dəstəklənməsi ölkəmizə marağı daha da artırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması neft strategiyasının əsas şərtlərindən idi. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirən beynəlxalq ekspertlərin açıqlamalarında qeyd olunduğu kimi, Bakı-Tbilisi-Ceyhan dünya bazarında sabitliyi təmin edərək qarşıdakı illərdə dünyada gündəlik neft istehlakı 40 faizdən çox artaraq 2025-ci ildə 115 milyon barrelə çata bilər. Hazırda Avropa ölkələrinin enerji ilə təminatının 30-40 faizinin Azərbaycan enerji ehtiyatları hesabına ödənilməsi proqnozları həqiqətə çevirdi.

Enerji layihələri ilə bağlı təşəbbüslərin həyata keçirilməsi sayəsində neft amili təkcə iqtisadi və enerji kimi deyil, geosiyasi gündəliyin böyük tərkib hissəsi kimi dünya siyasətinə təsir göstərdi. Enerji təhlükəsizliyi məsələlərinin enerji resurslarını istehlak, hasil edən, tranzit ölkələrin maraqları ilə tarazlanması səyləri eyni istiqamətə yönəltdi.

Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təşkil olunan təntənəli mərasimdə qeyd olunduğu kimi, Azərbaycan dünya enerji bazarında tutduğu mövqeyə görə fərqlənirsə, bu nailiyyət neft strategiyasının uğurlu həlli ilə qazanılmışdır. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər-Qara-Aralıq dənizlərini birləşdirən çoxşaxəli kəmərlər şəbəkəsi, dövlətlərin əməkdaşlığı formalaşdı.

1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi. “Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızılı” insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir.

Çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonunun müstəqillik dövründə çıxarılması Ulu Öndərin “ Bizim bütün sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur” sözlərinin həyatda inikasıdır. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən layihələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya enerji bazarında mövqeyini möhkəmlətmiş, böyük beynəlxalq şirkətə çevirmişdir: “Yəni, bir nəçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq nəft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisələr SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir” söyləyən cənab İlham Əliyev vurğulayır ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının Azərbaycanın ümumi inkişafına təsirinin məntiqi nəticəsidir. “Əsrin kontraktı”nın uzadılması ilə bağlı sazişin 2050-ci ilə qədər, daha yaxşı şərtlərlə uzadılması da uğurumuzdur. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcəkdir. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq.

Neft strategiyasının tətbiqi ilə həm də qaz hasil edən ölkə kimi diqqəti cəlb edən Azərbaycan bu sahədə də inamlı addımlar atır. BTƏ-nin ardıcılları olan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP layihələri ilə enerji bazarında etibarlı, vədinə sadiq ölkə kimi tanınır, təşəbbüsləri dəstəklənir. 2018-ci ildə reallaşan hər iki layihənin Bakıda və Əskişəhərdə keçirilən açılış mərasimlərində Ulu Öndərin hazırladığı neft strategiyası ilə bağlı səslənən ürəkaçan sözlər bütünlükdə Azərbaycanın daxili və xarici siyasətinə verilən dəyərdir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında neft-qaz sahəsində görülmüş işlərin tarixi hadisə adlandırılması, əhəmiyyətinin yüksək dəyərləndirilməsi Azərbaycanın regional əməkdaşlıq istiqamətində apardığı siyasətin uğurudur. “Həm “Cənub Qaz Dəhlizi”nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, XXI əsrin möcüzəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin dörd seqmentindən üçünün - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsinin reallaşması, 2020-ci ildə istifayə verilməsi nəzərdə tutulan TAP-ın inşasının cədvəl üzrə icrasının davam etməsi tərəfdaşlıq formatının müsbət nəticələrindəndir.

Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrin reallaşması, xarici şirkətlərin Azərbaycanda bu sahəyə daha böyük maraq göstərməsi, investisiya ayırması o deməkdir ki, hasil olunan neftin dünya bazarlarına ixrac edilməsi üçün şaxələndirilmiş neft-qaz kəmərləri sistemi dəstəklənir. Bu gün Azərbaycan nefti, təbii qazı bir neçə marşrut üzrə dünyanın bir çox ölkəsinə nəql olunur. Bu sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən hesab olunan BTC-nin xüsusi yeri var. İndi BTC artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməsəydi, bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP, TAP ilə bağlı danışılmazdı. İndi Azərbaycanın enerji layihələrinə istənilən nöqteyi-nəzərdən yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. “Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir” söyləyən dövlət başçısı neft strategiyasının uğurlu həllini digər aspektlərdən qiymətləndirərək inamla vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik, əməkdaşlıq gətirir, gözəl imkanlar yaradır, iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini çoxaldır.

Xuraman İsmayılqızı,

“İki sahil”