16 iyul 2018 22:18
1571

Brüssel görüşləri: Azərbaycanın uğurları, Ermənistanın miskinliyi

Prezident İlham Əliyevin Brüsselə rəsmi səfəri olduqca uğurlu hadisələrlə yadda qaldı

Bu cür səfərləri yüksək qiymətləndirən Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  belə tədbirlər ölkəmizin dünyada nüfuzunu daha da artırır: “Dövlətimizin başçısı cənab İlham Əliyevin NATO və Avropa İttifaqının (Aİ) zirvə görüşlərindəki çıxışı, qəbul olunan sənədlərdə   ərazi bütövlüyümüzün toxunulmazlığı  ilə  bağlı sənədlərdə yer alan maddələr  Azərbaycan üçün növbəti uğur oldu. Səfər çərçivəsində dövlət başçımız müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə mühüm görüşlər keçirdi. Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə birgə uğurlu əməkdaşlığın perspektivləri geniş müzakirə olundu. Həmçinin Azərbaycanın dünya enerji bazarında artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin qitə dövlətlərinin enerji təchizatında əhəmiyyəti xüsusilə  vurğulandı. Düşünürəm ki, belə səfərlər Azərbaycanın tərəfdaşlarının sayını durmadan artıracaq və ölkəmizin dünyada nüfuzunu daha da yüksəldəcək. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət irəliləyişə gətirib çıxaracaq”.

Deputat, həmçinin onu da qeyd etdi ki, tədbirdə diqqətə çatdırılan ən vacib məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına diqqətin artırılması idi: “Bu gün Azərbaycan ictimaiyyəti bu cür danışıqların, müzakirələrin müsbət nəticə verəcəyinə inanır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli problemimiz olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Torpaqlarını  işğaldan azad etmək üçün hər cür üstünlüyə, böyük nüfuza, potensiala  malik Azərbaycan münaqişənin sülh yolu ilə həllində israrlıdır. Ermənistan artıq işğalçılıq siyasətini yürütməklə heç nəyə nail ola bilməyəcəyini dərk etməlidir. Ermənistanda vəziyyət həddindən artıq ağırlaşıb, ölkə iqtisadiyyatı artıq çökür, insanlar durmadan oranı tərk edirlər.  Belçika görüşlərində heç nəyə nail ola bilməyən Ermənistanın yeganə yolu  işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməkdədir”.

Sözügedən mövzu ətrafında öz fikirlərini qəzetimizlə bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, Prezidentin Brüssel səfəri Azərbaycanın  növbəti diplomatik uğuru oldu: “Bu cür səfərləri,  ikitərəfli və üçtərəfli görüşləri ölkəmizin xarici siyasətinin uğuru  adlandırmaq olar. Həmin gün  Azərbaycan üçün  mühüm tarixi hadisələrlə  yadda qaldı. Onlardan birincisi tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədlərin paraflanması oldu. İkinci əsas məsələ isə NATO-nun Brüssel Sammitində qəbul edilən Yekun Kommünikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı idi. Məlum olduğu kimi, Azərbaycan 2002-ci ildən NATO ilə tərəfdaşlıq edir, Qətiyyətli Dəstək missiyası çərçivəsində əməkdaşlığa malikdir, Əfqanıstana sülhməramlı hərbçilərini göndərir. Amma bunlar heç də məsələlərin hamısı deyil. Azərbaycanın Şimali Atlantika Alyansı ilə əlaqələrinin olduqca dərin və çoxspektrli kökləri var. Buraya həm kommunikasiya, həm təchizat, həm iqtisadi əlaqələr, həm də Azərbaycanın nəqliyyat-kommunikasiyası vasitəsilə Qərbdən gələn strateji yüklərin Əfqanıstana daşınması məsələləri daxildir.  Bu sənədlər ölkəmizin beynəlxalq nüfuzunun hər gün daha da artdığının, nüfuzlu təşkilatlarla və dünya siyasətini müəyyənləşdirən dövlətlərlə ölkəmizin xüsusi münasibətlərinin,  qarşılıqlı əməkdaşlığının göstəricisidir. Dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ Prezidenti Donal Tramp aprel və may aylarında Azərbaycan Prezidentinə üç dəfə məktub göndərib. Həmin məktubda Azərbaycanın dünya siyasətində  rolu, yeri yüksək qiymətləndirilib”.

Politoloq, həmçinin onu da qeyd etdi ki, Prezident İlham Əliyevin NATO-nun Zirvə toplantısında iştirakı çərçivəsində  keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirəsi də diqqət mərkəzində olub: “Ermənistan illərdir ki, sülh danışıqlarında konstruktiv mövqe tutmaq əvəzinə, münaqişənin ədalətli həllinə yönələn bütün cəhdlərə açıq şəkildə əngəl törədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan düşmən dövlət öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilən yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri dönməsinin qarşısını alır və işğal altındakı ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır”.

F.Sadıqov ən vacib məqam olan Ermənistan tərəfinin də qatıldığı bu görüşü şərh edərək bildirdi ki, Ermənistanın Brüsseldə olması isə formal xarakter daşıyan bir görüş idi: “Bugünkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial–iqtisadi vəziyyət böhran həddindədir, işsizlik, yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Ermənistanın ənənəvi tarixi  “dostları” belə Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası sayəsində ölkəmizin tərəfdaşlarına çevriliblər. Məhz belə bir məqamda Ermənistan tərəfinin görüşə qatılması özünü bu səbəblərdən göstərdi. Onların burada iştirakı Avropadan yüksək məbləğdə kreditlər götürmək, iflasa uğruyan iqtisadiyyatı dirçəltməkdən başqa bir şey deyildi”.

Mənsumə Babayeva, 

“İki sahil”