Dövlətimizin başçısı İlham Əliyev Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında bir daha bildirmişdir ki, reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir
Bu gün ölkə və dünya mətbuatında geniş müzakirə mövzusu olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı imzalanan Konvensiya Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha aydınlıq gətirdi. İllərdən bəri həllini gözləyən bu məsələnin uğurlu sonluğu bir daha bu reallığı ortaya qoydu ki, qarşılıqlı anlaşma və səylərin birləşdirilməsi fonunda hədəflərə lazımi səviyyədə nail olmaq mümkündür. Ölkə Prezidenti İlham Əliyev Zirvə toplantısında bu əminliyi də ifadə etmişdir ki, sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək: “Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.” Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında ayrı-ayrı sahələrdə, o cümlədən nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlardan, gerçəkləşdirilən layihələrdən geniş bəhs edərək bildirmişdir ki, bu kimi mühüm hadisələr qarşımızda yeni perspektivlər açır. “Azərbaycan nəqliyyat infrastrukturana fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi-bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə şərait yaradan layihələrdir.
Ötən il istifadəyə verilən, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti aydındır. Açılış mərasiminə qatılan ölkələrin rəsmilərinə diqqət yetirdikdə də bu önəm daha aydın görünür. Mərasimə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri qatılaraq, dəmir yolunun iqtisadi və siyasi əhəmiyyətini, əməkdaşlığın daha da genişlənməsinə verəcəyi töhfələri geniş şəkildə şərh etmişdilər. Qeyd edək ki, BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. O da məlumdur ki, BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün oldu. BTQ dəmir yolunun açılış mərasimində “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bu statistikanı da açıqlamışdır ki, yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, BTQ dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan bəhrələncək bütün ölkələr arasında əməkdaşlıq daha da dərinləşəcək. Ən əsası BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq.
Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin siyasi iradəsinin nəticəsi olaraq gerçəkləşdirilən BTC, BTƏ neft-qaz kəmərləri, həmçinin BTQ dəmir yolu xətti bu birliyin, həmrəyliyin regionun iqtisadi inkişafına töhfələrinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu amili xüsusi qeyd edir: “Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Yəni bizim ölkələrimiz eyni zamanda başqa ölkələr üçün də tranzit imkanları təmin edibdir. Ondan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir... Avropanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır.” Ölkə Prezidenti bu sadalananlar fonunda bildirir ki, güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür: “Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.” Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. Bir sözlə, BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 mln. dollar təşkil edəcək.
Göründüyü kimi, ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə, Azərbaycan və Gürcüstanın tranzit ölkə kimi də gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Qeyd etdiyimiz kimi, Tarixi İpək Yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan BTQ Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu, bütün Avropa ölkələrini birləşdirəcək.
Qısa təhlil fonunda Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında dostluq tellərini daha da möhkəmləndiyini böyük fəxr hissi ilə qeyd edirik. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, bu ilin mayında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, iyunda TANAP-ın istifadəyə verilməsi və s kimi biri-birindən önəmli uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi BTC və BTƏ neft-qaz layihələrinin ardıcıllarının olduğunu bir daha nümayiş etdirir. Regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi dəyərləndirilən Azərbaycanın tranzit ölkə olaraq mövqeyinin daha da möhkəmlənməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyünü qeyd edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, Avropanın enerji xəritəsini yenidən tərtib edirik. “Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik” söyləyən ölkə Prezidenti İlham Əliyev layihələrin iştirakçısı olan ölkələrin coğrafiyasının genişlənməsi fonunda əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndiyini diqqətə çatdırır.
Yeganə Əliyeva, “İki sahil”