17 oktyabr 2018 13:38
3160

İnkişafın Azərbaycan modeli: siyasi sabitlik, xalq-iqtidar birliyi

Dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinə siyasətçi və vətəndaşlıq mövqeyindən yanaşan, uğurlara bələdçilik edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov müasir Azərbaycanın inkişaf modelini təhlil etməklə milli maraqlara söykənən vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin siyasi sabitlik, tərəqqi üçün yenilməz qüvvə olduğunu bildirir. Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsinə Rusiya, Misir, İordaniya və başqa ölkələrin KİV-lərində geniş yer verilməsi, ölkəmizin qazandığı zəfər salnaməsinə beynəlxalq ictimaiyyətin respublikamıza marağının artması bir həqiqəti də təsdiqləyir. Ötən müddətdə azad, şəffaf, demokratik şəraitdə keçirilən Prezident seçkilərində  güvənini ona göstərdiyi etimadı ilə təsdiqləyən xalq taleyini etibar etdiyi liderinə ən güclü dayaq, arxa, kömək olub. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bazar iqtisadiyyatı yolu ilə inkişafa üstünlük verən Prezident İlham Əliyevin vurğuladığı kimi sahibkarlar sinfinin, qeyri-neft sektorunun təkmilləşdirilməsi ölkənin iqtisadi qüdrətini artırmaqla yeni iş yerlərinin açılmasını, ordu quruculuğu istiqamətində islahatların genişləndirilməsini, əhalinin sosial-təminatını şərtləndirir.

Məqalədə qeyd olunduğu kimi, cənab İlham Əliyevin milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində Azərbaycan artıq dünya siyasi, iqtisadi sisteminin aparıcı qüvvəsi kimi nümunə göstərilir. 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə ümumxalq etimadı qazanaraq ali dövlət vəzifəsinə layiq görülən cənab İlham Əliyev ilk günlərdən yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilə xalqda əminlik yaratdı ki, Azərbaycanı inkişaf yolu ilə dünyanın ən qüdrətli ölkəsinə çevirəcək. 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyev ölkənin davamlı inkişafı üçün hərtərəfli islahatların mühüm hədəflərini, infrastruktur layihələrin ünvanlarını düşünülmüş siyasəti ilə müəyyənləşdirdi. Məqalədə qeyd olunduğu kimi, ölkə üzrə makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və sair istiqamətlər üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzi olmaqla, tolerantlıq və multikulturalizm ənənələrini yaşadan, təbliğ edən Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artır, geosiyasi, geoiqtisadi və hərbi qüdrəti güclənir. Dünyanın enerji və nəqliyyat xəritəsini qlobal layihələrdə istirak edən, tərəfdaşlarının milli və dövlətçilik maraqlarına uyğun tənzimləyən, çoxtərəfli formatlar üzrə əməkdaşlığa böyük önəm verən Azərbaycan ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadə kimi mühüm məsələlərdə də xalqın mənafeyinə uyğun siyasətə üstünlük verir.

İnkişafın bütün istiqamətləri üzrə regionda özünü tam təmin edən,  müəllifi olduğu qlobal layihələrin reallaşması ilə başqa dövlətlərin inkişafına də təsir imkanları artan ölkəmizin iqtisadi qüdrəti ilə MDB ölkələri arasında liderlik etməsi düşünülmüş siyasətin məntiqi nəticəsidir: “On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür.”

“Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir” söyləyən dövlət başçımızın siyasi iradəsi və düşünülmüş dövlətçilik fəaliyyətinin nəticəsi 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılmasıdır. Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir.

Prezident İlham Əliyevin daxili və xarici siyasətdə qazandığı uğurlar da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini möhkəmləndirir. Məqalədə xarici siyasətimizin uğurları “Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınmış, onun beynəlxalq nüfuzu getdikcə yüksəlmişdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurmuş və müvafiq sənədlər imzalamışdır” sözlərində əksini tapır. Sadalananlar uğurların kiçik xronikasıdır. Cənab İlham Əliyevin müəllifliyi və təşəbbüsü ilə müəyyənləşdirilən, Azərbaycanın gələcəyi üçün nəzərdə tutulan inkişaf strategiyasının hədəfləri isə daha əhatəli, möhtəşəm, şərəfli və əzəmətlidir.

Xuraman İsmayılqızı, “İki sahil”