29 noyabr 2018 22:58
3086

Milli-mənəvi dəyərlərimiz, varlığımızı təsdiqləyən sərvətimiz

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”

“Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyev dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsini ölkəmizi gücləndirən amillərdən hesab edir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şupasının üzvü olan Azərbaycan  hər iki qurumda layiqincə təmsil olunmaqla dünyada baş verən hadisələrə  tək islami deyil, bəşəri dəyərlər baxımından münasibətini bildirir.  İƏT-in fəal üzvü kimi   sivilizasiyalararası  əlaqələrin möhkəmləndirilməsinə , inkişafına, dünyada  irqi ayrı-seçkilik hallarının aradan qaldırılmasına layiqli töhflərini verən  Azərbaycan   İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatı olan İSESCO-da da uğurlu fəaliyyət göstərir.  2009-cu ildə  İSESCO tərəfindən Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi, 2018-ci ildə bu ada Azərbaycanın ən qədim diyarı  Naxçıvanın layiq görülməsi bir daha təsdiqləyir ki, İslam aləminin ayrılmaz parçası olan ölkəmiz  dünyada dinlər, millətlərarası  münasibətlərin tənzimlənməsi,   mültikultural dəyərlər,  bərabərlik prinsipləri əsasında inkişafı  üçün səylərini əsirgəmir.  Naxçıvanın  İslam mədəniyyətinin paytaxtı adına layiq görülməsi bütünlükdə  Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiqliyinin  ifadəsidir. Ölkəmizdə  “Multikulturalizm İli”,  “İslam Həmrəyliyi İli”nin qeyd olunması,  Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 10 ili tamam olan “Bakı prosesi”nin bütün dinlər və millətlər üçün humanitar tribunaya  çevrilməsi Azərbaycanın  dünyada sülhün təminatına verdiyi töhfələrdəndir.

 Qədim  İpək Yolunun ən qədim  şəhərlərindən olan,  İslam dininin köklərini özündə yaşadan,  tarixi abidələri,  alınmaz qalaları ilə  məşhur olan Naxçıvanın hər daşı, torpağı keçmişimizi yaşadan salnamədir. İslam aləminin ən müqəddəs dini ocaqlarından olan “Əshabul-kəhf” kimi ziyarətgahı ilə  müsəlman  ölkələrinin  maraq göstərdiyi, mənbələrdə  “Nuhçıxan”  adlandırılan bu qədim məkanın Nuh peyğərbərlə bağlılığı da subut edir ki,  milli-mənəvi dəyərləri yaşadan,   yad təsirlərdən qoruyan bu qədim diyarın sakinləri  bütün dinlərə eyni dərəcədə  hörmət bəsləmişlər.  Son illərdə aparılan quruculuq, abadlıq işləri sayəsində  qədimliyi ilə müasirliyin vəhdətində inkişaf edən Naxçıvanın  kənd və rayonları tanınmaz dərəcədə inkişaf edir, İslamın tarixini yaşadan məscidlər,  ziyarətgahlar son illərdə  abadlaşdırılır.

 Cari ilin iyun ayında   Naxçıvanda keçirilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018””in açılış tədbirlərində iştirak etmək üçün muxtar respublikaya gələn İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin başçılıq etdiyi nümayəndələr bu qədim məkanın təbiətinə,  gözəlliyinə heyran qaldılar. Muxtar Respublika Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək bildirdi ki, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyevin  milli-mənəvi dəyərlərimizin qorunması  istiqamətində  həyata keçirdiyi siyasəti davam etdirən  cənab İlham Əliyev multikulturalizm ənənələrinə sadiq qalır, dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi təbliğ olunur. Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbulu tarixi hadisə olmaqla sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqin əzəmətli şəhərlərindən biri kimi  məşhur olan Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik dəyərlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.” “İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində islam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır” söyləyən Vasif Talıbov Naxçıvanın tarixi pasportu olan Möminə xatın, Gülüstan, Qarabağlar türbələrini, buzxana və hamamları, qədim məscidləri,  abidələri türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələri adlandırdı.  Azərbaycan Atabəylər dövləti zamanında  inkişafın  intibah mərhələsinə çatmış, orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslami dəyərlərə yeni yanaşmanın - elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətin əsas inkişaf mərkəzi kimi  təsdiqini tapıb.

Bu paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilir və  xüsusi  meyarlar nəzərə alınır Yəni bu ada layiq görülən  paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda islam mədəniyyətinə və bəşəri dəyərlərinə, insani dəyərlərə töhfə verməlidir. Məqsəd cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradıcılıq, elm və digər sahələrə əlavə töhfə verməkdir. İSESKO da ümumdünya sülh, harmoniya, intellektual yaradıcılıq, eyni zamanda elm və araşdırmalar vasitəsilə bu işə töhfə verir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan  tarixən İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir.

“”Əshabül-Kəhf” Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala””, “Nuh” türbəsi”, “Qarabağlar””, “Yusif Küseyiroğlu””, “Möminə xatın”” türbələri, Əlincəqala və digər abidələrin xüsusi özəlliyi ondadır ki, bu tarixi irs nümunələri  maddi-mənəvi, dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Tarixi-mədəni abidələri, müasir inkişafı,  dahi  şəxsiyyətləri ilə tanınan bu torpaq Azərbaycan xalqı, islam aləmi  üçün  tək abidələri ilə deyil, eyni zamanda xalqımızın ümummilli lideri Heydər Əliyevin vətəni kimi doğmadır və əzizdir. Azərbaycanın Birinci  vitse-prezidenti Mehriban Əliyevanın  İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə  qurumla Azərbaycan arasında  əlaqələr daha da inkişaf etmiş, şaxələnmişdir. Mövcud  çoxəsrlik tolerant mühit  İslam mədəniyyəti paytaxtları arasında Naxçıvanın xüsusi yerini müəyyən edir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, muxtar respublika da özünəməxsus adət, ənənələri ilə məşhurdur. Hələ sovetlər dövründə  Almaniyada  böyük maraqla qarşılanan və mükafata layiq görülən  “ Şərur yallısı”nın  sorağı bu gün də müxtəlif ölkələrdən gəlir. Adı çəkilən “Şərur yallısı” kimi  lavaşı,   ətirli  meyvələri, buz bulaqları, mineral suları ilə  məşhur olan Naxçıvanın qonaqlı-qaralı olmasının  səbəbi bu diyarın  İslami, milli-mənəvi dəyərlərə   bağlılığıdır. Çox təəssüf ki,  nankor qonşularımız xalqımıza məxsus mənəvi dəyərlərimiz kimi el şənliklərinin  bəzəyi olan yallılarımıza da də şərik çıxmağa cəhdlər etmişlər.  2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Köçəri” və  “Tənzərə” yallıları Naxçıvanın ənənəvi qrup rəqsləri kimi “ UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilən sənədinin məhz Naxçıvanın adı ilə bağlı olması xüsusi diqqət çəkir. Bununla da  ermənilərin  kütləvi rəqslərimizə qarşı təxribatlarının qarşısı alınıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə tək yallılarımız deyil, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan- ənənəvi Qarabağ atüstü oyunu isə  təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır”.

Xuraman İsmayılqızı, “İki sahil”