17 aprel 2018 23:12
1335

Azərbaycan Avrasiya üzrə ən islahatçı ölkələr sırasındadır

Prezident İlham Əliyev daim vurğulayır ki, çoxlu sayda yoxsul və işsizlər olan ölkədə demokratik cəmiyyət qurmaq mümkün deyildir.  Azərbaycanda siyasi islahatların çox səmərəli və iqtisadi islahatlarla paralel surətdə həyata keçirilməsi daha açıq cəmiyyət qurulmasına, demokratiyanın inkişafına, bu istiqamətdəki əsas məqsədlərimizə çatmaq imkanlarını daha da artırır.

Bu gün Azərbaycan güclü, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad, daim inkişaf edən demokratik, hüquqi  dövlət quruculuğu yolunda, eləcə də qlobal və regional iqteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etmək, müxtəlif ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrin və  əməkdaşlığın miqyasının genişləndirilməsi yolunda mühüm addımlar atır. Uğurla inkişaf etdirilən innovativ, unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində ölkəmizdə qısa müddətdə böyük nailiyyətlər əldə olunub.  Təbii ki, bu proseslərin əsasında kadr potensialının inkişafı, Prezident İlham Əliyevin “qara qızıl”ın “insan kapitalına” çevrilməsi konsepsiyası durur.

Ötən müddətdə bütün sahələrdə irimiqyaslı islahatların uğurla reallaşdırılması üçün davamlı institusional və praktik tədbirlər görülüb. İslahatların davamlı və səmərəli olması üçün möhkəm hüquqi baza yaradılıb.

2017-ci il Azərbaycanın tarixinə dərin islahatlar ili kimi daxil oldu. Azərbaycanın Dünya Bankının “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsidir.

Aparılan islahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının  sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda Fərman və sərəncamlar verilib, Dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.  Bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı ilin l6 dekabr tarixli Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanan strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, onun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini özündə əks etdirən çox mühüm sənəddir.

 Görüləcək işlərin  sırasında əsasən tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib. Kredit Zəmanət Fondunun yaradılması ilə kredit resurslarına çıxış asanlaşacaq və iqtisadiyyatın maliyyələşməsi artacaq. İslahat prosesi müddətində ölkəmizdə onlarla sənaye parkı, aqropark yaradılıb, bununla da işgüzar mühit canlanıb, sahibkarlıq inkişaf edib. Dövlətimizin başçısı daim vurğulayır ki, aparılan islahatların ölkənin ümumi inkişafının tərkib hissəsi kimi davamlı bir prosesdir: “Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər-qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq”.

Zahid Rza, “İki sahil”