16 mart 2018 23:31
3226

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı ən yüksək səviyyədə

Bu gün dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 13-cü ölkəsi olan qardaş Türkiyənin belə yüksək zirvəyə çatmasında Azərbaycanın böyük payı var

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Bu gün Türkiyə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 13-cü ölkəsidir. Beynəlxalq Valyuta Fondunun ötən ilki hesabatında göstərilən bu  məlumatda həmçinin bildirilir ki, ölkədə adambaşına düşən illik gəlir 25 min dollardır. Artıq Türkiyə G-20-nin sırasındadır. Bu, dünyada iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkə deməkdir.

Təbii ki, qardaş Türkiyənin bu səviyyədə inkişaf etməsində Azərbaycan dövlətinin də xüsusi payı var. Belə ki,  Xəzər dənizinin zəngin enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım oldu.

Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur. 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracaq sərmayələrinin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları Dövlət Neft Şirkətinin payına düşəcək. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə ilə Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir.

2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırıb. Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub Qaz dəhlizi”nin təməli qoyuldu. Sözügedən qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik bacarığını və qətiyyətini bir daha nümayiş etdirdi.

Məhz Azərbaycanın uzun illər ərzində apardığı uğurlu enerji siyasəti nəticəsində bu böyük layihə artıq reallaşmaq ərəfəsindədir. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək.

2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər.

Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Hazırda Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti, qardaş ölkədə isə 1300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri də Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyublar. Ən önəmlisi odur ki, bu sərmayələrin 45 faizi qeyri-neft sektoruna yönəlib.

Elçin Zaman, “İki sahil”