16 yanvar 2018 00:41
2364

Müstəqillik tariximizdə Heydər Əliyev mərhələsi

Prezident İlham Əliyevin Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında, dövlət başçımızın 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımız tərəfindən rəğbətlə qarşılanmaqla Cümhuriyyətçilik ənənələrinin əbədi yaşarlılığına verilən dəyərdir.

Dövlət başçımızın imzaladığ Sərəncamda qeyd olunduğu kimi, XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı.

Müsəlman Şərqində ilk olan Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsi, və azadlıq arzusunun ifadəsi kimi meydana çıxan dövlətçilik nümunəsi idi. Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə imperiya ərazisində yaranmış mürəkkəb, geosiyasi vəziyyətdən istifadə edən Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verildi, irqi, milli, dini, sinfi ayrı-seçkilik aradan qaldırıldı. Cümhuriyyət Parlamentinin il yarımlıq fəaliyyəti ərzində qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. XX əsrin əvvəllərində Azərbaycan xalqının dövlət müstəqilliyi ölkəmizin çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli hadisələri, milli demokratik prinsipləri əks etdirən siyasəti ilə türk-müsəlman dünyasına örnək olmuşdur. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Azərbaycanın müasir dövlətçilik tarixində zəngin təcrübəsi, dövlətçilik ənənələrinə dərindən bələd olması ilə seçilən və Azərbaycan xalqının ümummilli lideri adını tarixi xidmətləri ilə qazanan ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunmasındakı xidmətləri klassik dövlətçilik ənənələrini müasir zamanın tələbələrinə uyğun təkmilləşdirməsi kimi dəyərləndirilir. Dövlətçiliyin siyasi ideologiyasının əsasını təşkil edən azərbaycançılıq ideyasının, milli təfəkkürün formalaşdırılması da Ulu Öndərin tarixi xidmətlərindəndir.

“Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra Ulu Öndər birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “sovet, sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə olsaydı böyük itkilərlə üzləşməzdik.

Suverenliyimizi əbədiləşdirən həmin tarixlərdən birini yada salmaqla Ulu Öndərin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi fədakarlığın, uzaqgörənliyinin sonrakı illər üçün təməl olduğunu aydın təsəvvür etmək mümkündür.

...Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev muxtar respublika parlamentinin 14 yanvar 1991-ci il tarixli sessiyasında çıxış edərək “İttifaq müqaviləsi” oynunu başda M.Qorbaçov olmaqla Kremlin siyasi rəhbərliyinin bütün sovet xalqını yenidən aldatmaq cəhdi, sovetlərin siyasi, iqtisadi böhranla üzləşməsini də SSRİ rəhbərliyinin səbatsızlığı adlandırdı. “Konkret layihə haqqında onu deyə bilərəm ki, bu, tamamilə bizim xalq üçün və hesab edirəm ki, İttifaqın başqa xalqları üçün də heç də münasib bir sənəd deyil və biz bununla razı ola bilmərik, bu, bizi ələ salmaqdır, yoldaşları bizi aldatmaqdır” söyləyən Ulu Öndər layihənin Azərbaycan rəhbərliyi tərəfindən bəyənilməsini müstəqilliyimizin itirilməsi hesab edirdi. Haqlı olaraq bildirirdi ki, əgər respublikamız həqiqətən milli dirçəliş yolunu seçibsə hansısa İttifaq birliyinə qoşulmağımız bu tarixi nailiyyəti itirməyimiz deməkdir. “Bir tərəfdən layihədə belə elan olunur ki, guya İttifaq suveren respublikalar İttifaqıdır, ikinci tərəfdən respublikaların suverenliyi tamamilə məhduddur və yaxud yoxdur. Hansı suverenlikdən danışmaq olar ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi İttifaq tabeliyində olacaqdır, ümumittifaqın sərəncamındadır və ona mənsubdur” söyləyən Ulu Öndər “İttifaq müqaviləsini” müttəfiq respublikaları müstəmləkə vəziyyətində saxlamaq cəhdi hesab edirdi. Eyni zamanda “müqavilə”yə müsbət münasibəti milli dirçəliş yolu ilə addımlamağı məqsəd qoyan xalqa qarşı xəyanət adlandırırdı. Xüsusilə Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının bərpası ilə əlaqədar Naxçıvan MR Ali Məclisinin qərarından sonra belə bir “müqavilə”nin imzalanması müstəqilliyə ən ciddi zərbə idi.

“Əgər 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının həyatında əlamətdar və tarixi bir hadisədirsə, biz bunu açıq deməliyik və bu Azərbaycan dövləti tərəfindən müəyyən qədər qanuniləşdrilməlidir. Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının devrilməsi pislənilməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır” söyləyən ümummilli lider Heydər Əliyev əlavə edirdi ki, Naxçıvan Muxtar Respublikasının Ali hakimiyyət orqanının adının dəyişdirilməsi, muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması, ADR-in 1918-ci ildə qəbul olunmuş bayrağının Naxçıvanda dövlət bayrağı kimi qəbulu, gerb və himninin bərpası milli müstəqilliyin əbədiliyinə təminatdır.

Eyni mövqeyini Azərbaycan Ali Sovetinin 30 avqust 1991-ci il tarixli sessiyasındakı çıxışında da bildirən Ulu Öndər tələm-tələsik referendumun keçirilməsini, Azərbaycanın “İttifaq müqaviləsi”nə getməsi haqqında qərarın qəbulunu xalqın iradəsindən kənar hal adlandırırdı.

Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə göstərdiyi xidmətləri 1994 və 1995-ci illərdə daxili və xarici qüvvələrin planlaşdırdıqları dövlətçiliyimizə qəsd cəhdlərinin qarşısını xalqla birliyi ilə alan Ulu Öndər haqlı olaraq bildirirdi: “ Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Çətin sınaqlardan qətiyyəti, cəsarəti ilə həmişə qalib kimi çıxan Ulu Öndər liderliyin mahiyyətini xalqına xidməti ilə təsdiqlədi.

İlk dəfə prezident seçilərkən andiçmə mərasimində “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm” söyləyən Prezident İlham Əliyev ömrünü xalqının xoşbəxtliyi, Azərbaycanın süverenliyi naminə sərf edən ulu öndər Heydər Əliyev siyasətinə və irsinə sadiq olduğunu ölkəmizin siyasi , iqtisadi müstəqilliyini qorumaqla Azərbaycanı dünyada tanıtmaqla doğrultdu. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri, respublikamızda keçirilən beynəlxalq tədbirlər, yarışlar, olimpiadalar müstəqilliyimizin əbədiliyini təsdiqləməklə dünya birliyində qüdrətli Azərbaycanın iqtisadi, maliyyə potensialının tükənməz olduğunu göstərdi. Son illərdə ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsi aprel döyüşlərində Ermənistan üzərində hərbi üstünlüyümüzün beynəlxalq səviyyədə təsdiqlənməsi, Lələtəpədə bayrağımızın dalğalanması, işğaldan azad olunmuş Cocuq Mərcanlıda, Şıxarxda yeni qəsəbələrin salınması müstəqil dövlət kimi varlığını təsdiqləyən Azərbaycanın siyasi, iqtisadi, müdafiə sahəsində qazandığı nailiyyətlərdəndir.

“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, həmçinin öz praktiki fəaliyyətində onları təmin edən bugünkü müstəqil ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi demokratik ənənələrini qüdrətli, inkişaf etmiş, tolerant, multikultural dəyərləri təbliğ olunan respublikamızın simasında yaşadır.

Xuraman İsmayılqızı, “İki sahil”