05 yanvar 2018 23:38
3986

Müstəqillik xalqın zəkasından, arzusundan qaynaqlanan milli sərvətdir

“Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən ulu öndər Heydər Əliyev bu tarixi nailiyyətin qorunub saxlanılmasında vətəndaşlıq borcunu müasir Azərbaycanın qurucusu adını qazanmaqla təsdiqlədi. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” müdrik kəlamın müəllifi, Azərbaycan xalqının milli təfəkkürünün oyanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev 1997-ci ildə Respublika cünü münasibətilə keçirilən tədbirdə dövlətçilik tariximizdə baş verən hadisələri xatırladaraq bildirmişdir ki, əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq onun fəaliyyəti tarixi salnaməmizin yaddaqalan səhifələrindəndir.

“Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır” söyləyən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycan istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub yaradan və ona sona qədər sadiq olanlar Azərbaycanın ən mötəbər , ən görkəmli tarixi şəxsiyyətləridir.

Eyni münasibəti “Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır” söyləyən Prezident İlham Əliyev bildirirdi ki, “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılması onların xatirəsinə hörmət və etiramın ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamaqla bu əlamətdar günə respublikada ciddi hazırlıq görülməsini ümumxalq işi elan edən Prezident İlham Əliyev milli müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də sübut etdi: “XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsi oldu.”

Ötən əsrin sonlarında milli sərvətimiz olan müstəqilliyini qazanan Azərbaycan xalqı suverenliyinə asanlıqla qovuşmamışdır.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Sərəncamda qeyd olunduğu kimi XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssisələr məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. Lakin Bakı neftinə sahib çıxmaq istəyənlər arasında davam edən mübarizələr Azərbaycan xalqına azadlıq istəyinə çatmağa imkan vermirdi.

Rusiyada çarizmin süqutundan sonra hakimiyyəti ələ alan bolşeviklər imperiya ərazisində yaranan mürəkkəb geosiyasi vəziyyətdən istifadə edərək Bakı neftini öz mənafeləri naminə zəbt etdilər.

Belə gərgin bir zamanda 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən “İstiqlal bəyannaməsi” qəbul edildi. Həmin dövrün çətinliklərindən söz açılan sərəncamda qeyd olunduğu kimi yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. O dövrdə Şərqdə ilk dəfə qadınlara seçkilərdə iştirak etmə hüququ verilmişdir.

Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

AXC bölşeviklərin təcavüzünə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq olamasa da, süquta uğrasa da, Cümhuriyyəti quranların şüurlarda yenicə cücərtdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi.

Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May tarixini Respublika Günü olaraq təntənə ilə qeyd edir. Xalqına bu sevinci yaşadan, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılmasındakı xidmətləri misilsizdir.

...İllərlə sovetlər birliyi tərkibində yaşayan Azərbaycan dövlət müstəqilliyindən məhrum olsa da xalqımız yaşamış, yaratmış, milli-mənəvi zənginliklərini qorumuş, sonrakı nəsillərə çatdırmışdır. Sovet üsul-idarəsinin çətinliklərini yaşasa da müstəqillik arzusu sönməyən Azərbaycan xalqı digər respublikalar kimi repressiyalarla üzləşsə də təbii sərvətləri talan edilib başqalarına xidmət göstrəsə də ruhdan düşmür, arzusunda olduqları günə qovuşaqlarına inamları azalmırdı.

1947-1948-, 1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan, tarixi torpaqları, doğma yurdları olan Qərbi Azərbaycandan dəfələrlə deportasiya olunaraq xeyli itkilər vermiş, çətinliklərə məruz qalan soydaşlarımız bu ədalətsizliyə də dözdü, özünü sındırmadı, bir xalq kimi “dünən var idik, bu gün varıq, gələcəkdə də olacağıq” deməyə təpər tapdı.

Sovet İttifaqının süqutu, Rusiya imperiyasının dağılmasından sonra suverenliyini bərpa edən Azərbaycan yalnız 1991-ci ildə öz müstəqillik arzusunu gerçəkləşdirdi. Məhz o illər xalqımızın həyatında ən çətin dövr idi. Ölkə iqtisadiyyatı tənəzzülə uğramış, daxili gərginlik, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və iqtisadi çətinliklər, inflyasiyanın 1000 faizi ötməsi insanlarda ruh düşgünlüyü yaratmışdı. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayan və daim müstəqil, azad Azərbaycanın qüdrətlənməsi naminə ölkədə quruculuq işlərini genişləndirən ulu öndər Heydər Əliyevin səyi və rəhbərliyi ilə ölkə sənayesi və kənd təsərrüfatı inkişaf etdirildi. Zəngin dövlətçilik təcrübəsi nəzərə alınaraq 1982-ci ildə Kremlə işə dəvət olunan Ulu Öndər ittifaqlar dövründə də Azərbaycanın qüdrətlənməsi, güclənməsi naminə vətəndaş, xalqının oğlu kimi borcunu unutmurdu. Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o, çalışırdı ki, yaranan imkanlardan istifadə edərək Azərbaycana kömək etsin. Onun təşəbbüsü , bilavasitə iştirakı ilə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.

1987-ci ildə əsassız olaraq vəzifəsindən uzaqlaşdırılan Heydər Əliyev ən ağır anlarda da doğma xalqı ilə bir yerdə olmaqla ən çətin işlərin məsuliyyətini daşımaqdan çəkinmədi.

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək ümummilli lider, güclü şəxsiyyət kimi Azərbaycana qarşı təcavüzkar siyasəti pisləyərək Qorbaçovun hakimiyyətinə kəskin etirazını bildrdi. Eyni zamanda Azərbaycan xalqına başsağlığı verdi və dəyanətli , səbrli olmağa çağırdı. Uzaqgörən siyasətçi Heydər Əliyev yaxşı başa düşürdü ki, azadlığa gedən yol heç vaxt asan olmayıb. Bu hərəkəti ilə xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Ən başlıcası isə müstəqilliyə aparan yolda xalqına bələdçilik edəcək Lider olduğunu bildirdi.

Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən həyata keçirdiyi islahatları bütün respublikada davam etdirməsi nəticəsində Azərbaycan müasir, demokratik, perspektivləri olan dövlət kimi inkişaf etdi. Dahi şəxsiyyət, uzaqgörən, cəsarətli siyasi xadim Azərbaycana rəhbərliyinin ilk mərhələsində olduğu kimi müstəqillik illərində də ən düzgün yol olan xalqın istəyinə uyğun siyasət apardı.

Naxçıvanda olduğu illərdə də müstəqillik yanğısı ilə yaşayan Ulu Öndərin təşəbüsü ilə önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair saxta referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından “sovet, sosialist” sözləri çıxarıldı. Dahiliyin, zəngin dövlətçilik təcrübəsinin nümunəsi olan bu fədakarlıq müstəqilliyə aparan ilk addımlar idi.

Ulu Öndərin vətən, xalq qarşısında ən böyük xidməti isə özü qədər inandığı Prezident İlham Əliyev kimi dövlət başçısı yetirməsi, müstəqilliyimizin qorunub, əbədi olmasını etibarlı əllərə tapşırması oldu. Bu siyasətin davmının məntiqi nəticəsi isə son illərdə dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlığını qorub saxlaması, respublikamızın ən möhtəşəm beynəlxalq səviyyəli konfrans və simpoziumlara ev sahibliyi etməsi, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi verdiyi vədə sadiqliyidir. İnkişafımızın hədəfi isə 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti üçün strateji istiqamətləri müəyyənləşdirməklə Azərbaycanı daha yüksək gəlirli və inkişaf etmiş ölkəyə çevirməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd siyasi, iqtisadi çəkisi və gücü artan Azərbaycanı inkişaf etmiş ölkələrlə eyni sırada görməkdir.

“Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü ölkədir” söyləməklə sabaha inamla baxan, yeni əsrin yeni lideri olan, Azərbaycanın inkişaf yolu ilə dünyaya inteqrasiyasını təmin etməklə qloballaşma dövrünün çağırışına uyğun müasir, modern dövlət quran Prezident İlham Əliyev mentalitetimizə, tarixi köklərimizə bağlı olduğunu müstəqilliyimizin əbədi qarantı ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyi ilə sübut edir. İntellektual potensialın inkişafı, texnoloji innovasiyaların təkmilləşdirilməsi, rəqabətə davamlı iqtisadiyyatın möhkəmlənməsi, elmi düşüncələrin vəhdətdə inkişafı, tərəqqi dövlət başçısı İlham Əliyevin başlıca hədəflərindəndir. Bu amillər isə milli müstəqilliyin əbədiliyini təmin edən şərtlərdir. Azərbaycan gələcəkdə də xalqın iradəsi əsasında irəli gedəcək.

Xuraman İsmayılqızı, “İki sahil”