05 yanvar 2018 23:24
3491

2018-ci il demokratik inkişaf tariximizə daha möhtəşəm bir səhifə yazacaq

“Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır.” Cənab  İlham Əliyev  Prezident kimi fəaliyyətə başladığı gündən bu fikri böyük inam və qətiyyətlə bildirdi ki, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkə Prezidenti İlham Əliyev ötən il Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik.” Göründüyü kimi, demokratiyanı strateji kursunun əsas mahiyyəti kimi qəbul edən Azərbaycan siyasətində müstəqil olduğunu, heç bir kənar qüvvənin diktəsi ilə hərəkət etmədiyini hər addımda təsdiqləməklə yanaşı, ən yüksək  tribunalardan bəyan edir.

Azərbaycanın demokratik islahatların daha da təkmilləşdirilməsinə verdiyi önəmə səbəbsiz yerə diqqət yönəltmirik. 2018-ci il ölkəmizdə prezident seçkiləri ilidir. Seçkilərin nəticələrinin ölkədə hökm sürən ab-havadan asılı olduğunu nəzərə alsaq, Azərbaycan bu gün düzgün təmələ əsaslanan, daim yeniləşən, təkmilləşən siyasətin nəticəsi olaraq inamla irəliləyir, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, irəli sürülən bütün təşəbbüslər xalq tərəfindən dəstəklənir, cəmiyyətdə xoş əhval-ruhiyyə mövcuddur. Ən əsası sabitlik, təhlükəsizlik, əmin-amanlıq hökm sürür. Demokratiyanın hansı mühitdə inkişaf etdiyini önə çəksək, Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Sabitliyin, qanunun aliliyinin təmin edildiyi bir mühitdə demokratik inkişaf qaçılmazdır. Ən əsası ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, eyni zamanda ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün Seçki Məcəlləsi mövcuddur. 2003-cü ilin mayında Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, eyni zamanda Avropa Şurası Venesiya Komissiyasının birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinə dövrün, zamanın tələblərinə uyğun olaraq mütəmadi əlavə və dəyişikliklər edilir. Vətəndaşların bütün hüquqları qorunur. Cənab İlham Əliyev bildirir: “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur.”

Demokratik inkişafın əsas göstəricilərindən biri də vətəndaşların sərbəst toplaşmaq azadlığının  təmin olunmasıdır.  Konstitusiyanın qəbulundan ötən 22 ildən artıq dövr ərzində 3 dəfə edilən əlavə və dəyişikliklərin böyük qismi  insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Son, yəni 2016-cı ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərdən biri də sərbəst toplaşmaq hüququnun müdafiəsi idi. Baxmayaraq ki, daxili bədxahlarımız ölkədə sərəbst toplaşmaq azadlığının boğulmasını iddia edirlər. Cənab İlham Əliyevin çıxışlarında da bu məsələyə diqqət xüsusi yer tutur: “Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur... Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz.”

Bu günümüzün reallığı budur ki, hansı sahəyə diqqət yetirsək, inkişafın, tərəqqinin şahidi olarıq.  Bircə bunu qeyd etmək kifayətdir ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq  davamlı inkişafı təmin etmək üçün 12 istiqaməti əhatə edən Strateji yol xəritələri icra edilir. 2011-ci ildə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasının  son 6 ildə  uğurlu icrası qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə lazımi səviyyədə nail olacağımıza əsas verir. Azərbaycanın adı bu gün ən islahatçı ölkələr sırasındadır. Ölkəmizdə idarəçilik sisteminin  yüksək səviyyədə qurulması təqdir edilir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması əhalinin sosial müdafiəsinə yönələn addımların davamlılığına geniş imkanlar açır. 2017-ci ilin son ayında  minimum əmək haqqının, pensiyaların artırılması ilə bağlı Prezident sərəncamları deyilənlərin təsdiqidir. Bu uğurları görməmək, dəyərləndirməmək mümkünsüzdür. İnsan amili həyata keçirilən siyasətin önündə dayanır. Seçkidən seçkiyə, eyni zamanda ölkəmiz üçün önəmli olan beynəlxalq tədbirlər ərəfəsində görünməyə adətkar olan müxalif qüvvələrin seçki ilində “fəallıqları” qaçılmazdır. Təbii ki, bu “fəallıqlar” ənənəyə uyğun olaraq Azərbaycan həqiqətlərinin inkarında, demokratik imicinə zərbələrdə, xarici himayədarlarının sifarişlərinə uyğun olaraq hərəkətlərində özünü göstərəcək.

Demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün zəruri olan şəraitin yaradılmasıdır. Yeni qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun bu fəaliyyətin daha da genişləndirilməsini və düzgün tənzimlənməsini şərtləndirir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi şəffaflığın təminatına geniş yol açır. Baxmayaraq ki, ağa qara deməyə adətkar olan dağıdıcı ünsürlər dövlətin bu addımını siyasi partiyaların fəaliyyətini nəzarət altına almaq kimi dəyərləndirməklə, özlərinin narahatlığını ört-basdır etməyə çalışdılar. Hər bir siyasi partiya seçkilərə qatılmaq və öz namizədənin qələbəsini təmin etmək imkanlarına malikdir.

Bir məqamı da qeyd edək ki, 2016-cı il ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər sırasında “Seçki hüququnun təminatlarına dair” maddəyə əlavələr də önəmi ilə diqqət çəkdi. Yaş məhdudiyyətlərinin aradan qaldırılması kimi məsələlər təqdir olundu.   Demokratiyanın vacib məqamlarına  qısa baxış Azərbaycanın demokratik ölkə imicinin təsdiqidir. Azərbaycanın müstəqil siyasətini həzm etməyən xarici dairələr qərəzli təbliğatlarını zaman-zaman həyata keçirməyə cəhdlər göstərsələr də daim ölkəmizin reallıqları qarşısında aciz qalıblar. Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil. Azərbaycan siyasətində müstəqildir. Cənab İlham Əliyev aparılan  çirkin təbliğatın xronologiyasını belə açıqlayır: “Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir... Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər.”

İllərdir keçirilən seçki proseslərində məğlubiyyətlərini hakimiyyəti ittiham etməklə ört-basdır etməyə çalışan, hər biri ili mövsümi xarakter daşıyan ənənələrinə sadiqlikləri ilə başa vuran və bunu “fəaliyyət” kimi dəyərləndirən ünsürlər  özlərində cəsarət tapıb xalq tərəfindən qəbul olunmadıqlarını etiraf etsələr, bu addımları ilə az da olsa ictimai fikirdə özləri barədə  bir dəyişiklik yaradarlar. Utopiya ilə yaşamaq zamanı deyil.

Azərbaycan reallığı budur ki, hər gün bir mühüm hadisə, inkişafa yol açan addım  ilə tariximizə yazılır. Əminik ki, 2018-ci il Azərbaycanın demokratik inkişaf tarixinə daha möhtəşəm bir səhifəni əlavə edəcək.

Yeganə Əliyeva, “İki sahil”