29 dekabr 2017 14:24
2216

Azərbaycançılıq - müstəqil dövlətimizin əsas ideyası

Dəfələrlə yadellilərin təcavüzünə məruz qalan,   Gülüstan və Türkmənçay kimi ədalətsiz müqavilələrin imzalanması ilə ərazi  bütövlüyü pozulan Azərbaycanda xalqın azadlıq, müstəqillik arzusu heç vaxt sönməyib. Azərbaycan türkləri müstəqillik və bütövlük uğrunda  mübarizələrini heç vaxt dayandırmamışlar. Ötən əsrin əvvəllərində yaranmış  mürəkkəb tarixi şəraitdə belə   arzularının gerçəkləşməsi naminə mübarizəsini davam etdirən xalqımız Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.  Amma çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Qanuni seçilmiş hakimiyyət zorakılıqla devrildi,  böyük qurbanlar bahasına qazanılan müstəqilliyə son qoyuldu,  xalqın demokratik və istiqlalçı qüvvələrinin əksəriyyəti repressiyaya məruz qaldı, ziyalıların əksəriyyəti mühacirət etdi.

Sovet imperiyası tərkibinə  qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti davam etdirilmiş, SSRİ tərkibində olan müsəlman ölkələrini biri-birindən təcrid etmək üçün pantürkizmi Şərq aləmində təhlükəli ideya kimi  təbliğ edərək müsəlman respublikaları  arasında  əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərilmişdi. Bu siyasətin nəticəsi kimi  qanunsuz çəkilən çəpərlər soydaşlarımızı iki yerə ayırdı.

Lakin heç bir istila,  repressiyalar,  təhlükələr xalqın milli özünüdərki qarşısında çəpər ola bilmədi. Ötən əsrin sonlarında baş verənlər, milli təfəkkürün formalaşması  azadlıq, müstəqillik, suverenlik arzularını alovlandırdı.

Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı varlığını təsdiqləmək, illərdən bəri  arzusunda olduğu müstəqilliyinə qovuşmaq üçün yaranan imkandan istifadə edərək birlik, həmrəylik göstərdi.  Naxçıvan Muxtar Respublikasının ziyalıları, vahid milli birlik və müstəqillik ideyaları uğrunda mübarizədə fərqləndilər. Şimali və Cənubi Azərbaycan  arasında  əlaqələri bərpa etmək, illərdən bəri ürəklərdə qövr edən həsrətlərə son qoymaq  məqsədilə əsassız çəkilən sərhəd çəpərlərini götürmək,  mühəndis-texniki qurğuların sökülməsi ilə bağlı istəklərini 31 dekabr 1989-cu ildə gerçəkləşdirdilər. “ Sərhəd hərəkatı” adı ilə  aksiyalar keçirildi. Genişlənən demokratik hərəkat nəticəsində  SSRİ-nin muxtar respublika ərazisindəki dövlət  sərhədi boyunca çəkilən çəpərlər elliklə söküldü.  Əsrlərlə biri-birinə həsrət qalan,  Arazın o tayında, bu tayında yaşayan qohumlar görüşdülər. Sökülən həmin  çəpərlər, illərdən bəri ayrı düşən azərbaycanlıların ürəyində  Araz boyda yara açan tikanlı məftillər Novruz bayramında qalanan tonqallarda  yandırıldı. İnsanlar bununla da  illərin acısına son qoyub, qovuşduqlarını bayram kimi qeyd etdilər.   Beləliklə 31 dekabr 1989-cu il dünya Azərbaycan türklərinin həmrəylik bayramına çevrildi. 1990-cı ildə isə  həmin günün ildönümü ümumxalq bayramı kimi geniş qeyd olundu. Naxçıvan Muxtar Respublikasından  başlanan bu hərəkat ümumxalq istəyinə, arzusuna  çevrilərək digər sərhəd rayonlarında da davam etdirildi.  SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi  “Sərhəd hərəkatı”na qara yaxaraq,  hərəkata qoşulanları ekstremist və cinayətkar ünsür adlandıraraq bu demokratik hərəkatı  dünya ictimaiyyətinin gözündən salmağa  çalışdılar.  İmperiyanın nökərlərinə xidmət edən kütləvi informasiya vasitələrində sərhədlərin sökülməsi vəhşilik adlandırıldı. Hərəkat iştirakçıları əsassız olaraq həbs olundu,   repressiyaya məruz qaldılar. Lakin qonşu dövlətlərdə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu prosesi parçalanmış xalqların birləşmək əzmi kimi qiymətləndirməsi xalqımıza qarşı mürtəce təbliğatın qarşısını aldı.

3 noyabr 1990-cı ildə Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayında Naxçıvandan başlanan sərhəd hərəkatı milli birlik və  həmrəylik yolunda atılan mühüm addım kimi dəyərləndirildi.

16 dekabr 1991-ci ildə  Naxçıvan MR Ali Məclisinin növbəti sessiyasında  dünya Azərbaycan türklərinin milli birlik və həmrəylik günü haqqında  məsələ müzakirə olundu. Ali Məclisin Sədri Heydər Əliyev tarixi təşəbbüsü ilə  Azərbaycan xalqı qarşısında daha bir  missiyaya imza atdı. Vətənpərvər gənclərin iki il bundan əvvəl başladığı “Sərhəd hərəkatı”nın əhəmiyyətini qeyd edərək bildirdi ki,  Dünya Azərbaycan  türklərinin milli birlik və həmrəylik günü ilə bağlı məsələnin Naxçıvan MR Ali Məclisinin sessiyasında  müzakirəsi, siyasi əhəmiyyətli qərarın qəbulu, uzun illər ayrı qalan  Azərbaycan türklərinin birləşməsi yolunda ilk addımın qədim Naxçıvan torpağında  irəli sürülməsi tarixi hadisədir: “İki il  bundan öncə Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən “Sərhəd hərəkatı” adı altında  həyata  keçirilən tədbirlər indi özünün siyasi, tarixi qiymətini alır və dünya  Azərbaycan türklərinin həmrəyliyinin və birliyinin  nə qədər zərurət kəsb etdiyini nümayiş etdirir. Şübhə yoxdur ki,  bu hərəkat  getdikcə güclənəcək, bizim xalqın birləşməsinə, tam milli azadlığa nail olmasına  kömək edəcəkdir.”

Həmin sessiyada 31 dekabrın Dünya Azərbaycan  türklərinin həmrəylik və birlik günü kimi elan olunması və bu  əlamətdar hadisənin hər il bayram kimi qeyd olunması ilə bağlı qərar qəbul olundu. Həmin gün qeyri- iş günü hesab edildi.  Ölkədə gedən demokratik proseslərə uyğun olaraq Naxçıvan Vilayət Partiya Komitəsinin, onun strukturlarının fəaliyyətinin  dayandırılması, İttifaqın saxlanılması ilə bağlı   referendumun   muxtar respublikada keçirilməməsi   həmin dövrdə  hakimiyyətdə olan  Azərbaycan iqtidarının Naxçıvana qarşı təzyiqlərinin artdığı, “Aktual ekran” kimi  qərəzli verilişlərdə   Naxçıvan MR Ali Məclisinin sədri  Heydər Əliyevə ünvanlanan böhtanların səsləndiyi,  Ali Məclisin qəbul etdiyi qərar və  bəyanatlara deyil,  təhriflərə yer verildiyi bir zamanda soydaşlarımızın birlik və həmrəyliyinin təminatına yönələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı  qərarın qəbulu cəsarət, uzaqgörən siyasət, məsuliyyət,  vətəndaşlıq yanğısı tələb edirdi.   Tarix sübut etdi ki,  biri-birindən məsuliyyətli, lakin həyati əhəmiyyətli  vəzifələri yerinə yetirmək ulu öndər Heydər Əliyev kimi dahilərə məxsus ola  bilər.   

Milli ideyanın, təfəkkürün formalaşması,  özünüdərkin güclənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etdiyi kimi, söydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca  amildir.

Azərbaycanın üzləşdiyi çətin məqamlarda bu birliyin formalaşması, təkmilləşməsi üçün liderlik məsuliyyətini uzaqgörən siyasəti ilə doğruldan ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və  biz azərbaycançılığı- Azərbaycan dilini,  mədəniyyətini, milli mənəvi dəyərlərini, adət -ənənələrini yaşatmalıyıq.

9 noyabr 2001-ci ildə Dünya azərbaycanlılarının I  qurultayını təşkil etməklə  diaspor fəaliyyətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev  vurğulayırdı ki, milli müstəqillik kimi azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi də xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi nailiyyətdir. Milli dövlət ideologiyası kimi  azərbaycançılıq bu gün hər vətəndaşın şüurunda, əməlində dəqiq ifadəsini tapmış ideyadır.

Tarixi dönəmlərdə baş verən döyüşlərdə  düşmənə qarşı birgə mübarizə aparan hər iki xalqın ərənləri üçün Canaqqala savaşı  nə  qədər müqəddəsdirsə    Azərbaycanın müstəqilliyi yolunda,  Qarabağ müharibəsində şəhid olan soydaşlarımız da türk xalqı üçün eyni dərəcədə unudulmazdır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində həlli üçün siyasi, hərbi  yardımını  əsirgəməyən Türkiyədə  Xocalı soyqırımının qurbanları,  Qarabağ döyüşlərində  həlak olan qəhrəmanlar ehtiramla yad olunur. Azərbaycanla Türkiyə  arasında illərdən bəri davam edən iqtisadi və siyasi həmrəylik  enerji layihələrinin reallaşması ilə  bir daha təsdiqləndi. Həyata keçirilən   beynəlxalq enerji və nəqliyyat  layihələrinin davamı olan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP,  Bakı-Tbilisi- Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə fərqlənməklə   müsəlman ölkələrinin siyasi-iqtisadi əməkdaşlığına da xidmət edir.

Ortaq dil, ortaq əlifba ideyasının reallaşması üçün göstərilən səylər də bu amilə xidmət göstərir. Türk Dövlətləri Parlament Assambleyasının yaradılmasında da təbii ki, əsas tərəf kimi Azərbaycan -Türkiyə dostluğuna böyük önəm verildi.

Siyasətində xalqların birgə yaşayışını öndə saxlayan Prezident İlham Əliyevin bütünlükdə  müsəlman ölkələri ilə əməkdaşlıqda maraqlı olması da göstərir ki, İslam aləminin ayrılmaz tərkib hissəsi olan Azərbaycan bütün dünyada  etimad və qarşılıqlı münasibətlərin qorunmasında maraqlıdır.

İnsanlara qarşı mərhəmət və qayğını daim diqqətdə saxlayan dövlət başçımız İlham Əliyevin  bu ehtiramı  təkcə türk dünyası xalqlarının birliyinə deyil, bütünlükdə müsəlman aləminin həmrəyliyinə  yönələn arzu və istək, liderlik qətiyyətidir.

Xuraman İsmayılqızı, “İki sahil”