19 sentyabr 2017 14:20
1521

“Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyini əbədi və sarsılmaz etdi

Azərbaycanın nəinki regionda,  hətta dünyada inkişaf etmiş ölkə kimi qəbul edilməsi və dövlətimizin bölgədə iqtisadi güc sahibi olması bir reallıqdır. Təbii ki, bu inkişafın təməl daşı ulu öndər Heydər Əliyevin xaoslar ölkəsinə çevrilmiş Azərbaycanda siyasi sabitlik yaratmasından sonra, ilk növbədə, “Əsrin müqaviləsi" adlanan neft kontraktlarının imzalanması ilə atıldı. Bütün təhdidlərə və təzyiqlərə rəğmən qətiyyətli siyasi iradə ortaya qoyan Ulu Öndərin rəhbərliyi ilə  “Əsrin müqaviləsi"nin imzalanması dünyaya yeni, müstəqil və güclənəcək bir ölkənin mövcudluğunu bəyan etdi. Əslində “Əsrin müqaviləsi" ilə  Azərbaycanın Avropaya iqtisadi və siyasi, hətta mədəni inteqrasiyasına geniş yollar açıldı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev müstəqillik tarixində qazanılan uğurlardan bəhs edərkən bir daha bu reallığı diqqətə çatdırır ki, "Əsrin müqaviləsi"nin imzalanması ölkə iqtisadiyyatı və bütövlükdə respublikanın gələcəyi üçün həlledici amil oldu: “Bu müqavilə imzalanmasaydı Azərbaycandakı iqtisadi və siyasi xaos ölkəmizin iflası ilə nəticələnə bilərdi. Bu müqavilə bizi dünyaya perspektivli bir ölkə kimi tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi və Azərbaycana böyük həcmdə investisiyalar gətirdi."

O mürəkkəb dövrdə Ulu Öndər tərəfindən Azərbaycanın inkişaf strategiyası dəqiqliklə hazırlandı. Xüsusilə iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin uğuru idi. Dahi şəxsiyyət bildirirdi ki, heç bir dövlət qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Həmin çətin illərdə Ulu Öndərin xarici investorlarda qoyacaqları vəsaitlərin təhlükəsizliyinə böyük inam yaratması investisiya axınının sürətlənməsinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaratdı.

Nəhayət, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəkildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar “Əsrin müqaviləsi" adını almış “Azəri, Çıraq və Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş imzalandı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının təməli “Əsrin müqaviləsi"nin imzalandığı gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi yazıldı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmin günü müvafiq fərmanı ilə Neftçilər Günü kimi əbədiləşdirdi. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, ölkəmizin uzunmüddətli və uğurlu inkişafını təmin etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını əks etdirir. Bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə MDB məkanında ön yerdə dayanır. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu neft-qaz sektorunun payına düşür.

Beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə, Bakı-Tbilisi-Ərzurum  qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. Regional əhəmiyyətli bu layihələr həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan (BTC) haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin 35 milyard dollardan artıq olması neft strategiyasının uğurlu icrasının nəticəsidir.

BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, əhəmiyyətinə görə bu layihələrdən heç də geri qalmayan, istifadəsi cari ildə nəzərdə tutulan, Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanılması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, regional əhəmiyyətini artırdı. Bu gün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri ilə dünyanın bir çox ölkəsinə nəql olunur. Bu sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən hesab olunan, sutkada bir milyon barrel Azərbaycan neftini tam təhlükəsiz Aralıq dənizi sahillərinə ixrac imkanına malik Bakı-Tbilisi-Ceyhan təkcə Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət daşıyır.

Son illər SOCAR özünün 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələri özünü doğruldur. 2008-ci ildə SOCAR Türkiyədə "Petkim" şirkətinin əsas səhmdarlarından biri oldu. Qonşu Gürcüstandakı investisiya layihələrindən bəhs edərkən ilk növbədə Kulevi Qara Dəniz Terminalı qeyd edilir. Eyni zamanda Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum", qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni qaz xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz" kimi SOCAR-ın törəmə müəssisələrinin fəaliyyəti də yüksək qiymətləndirilir. Şirkət Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaratmış və neft məhsullarının “SOCAR” brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır. “SOCAR Georgia Petroleum" MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir.

SOCAR-ın ölkəmizin sərhədləri xaricində həyata keçirdiyi investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. SOCAR Ukraynada da yanacaqdoldurma məntəqələrinin yaradılması proqramını reallaşdırır və neft emalına sərmayə qoyuluşu imkanlarını öyrənir. Bu da Şirkətin etibarlı tərəfdaş kimi uğurlu əməkdaşlığına sübutdur. 2011-ci ildə SOCAR Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir uğura imza ataraq, "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti ilə saziş imzalamışdır. Bu əlamətdar hadisə tək ölkəmizdə deyil, Avropada da böyük marağa səbəb olaraq, mətbuat orqanlarında geniş şərh olundu.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində əməkdaşlığa dair Memorandum, 2011-ci ilin yanvarında "Cənub Qaz Dəhlizi haqqında" Birgə Bəyannamə bir daha təsdiqlədi ki, zəngin neft və qaz yataqlarına, müasir infrastruktura malik olan ölkəmizin Avropa  enerji təchizatının şaxələndirilməsində rolu daha da artır. Hər iki tərəfin bu əməkdaşlıqdan səmərə qazana biləcəyini bildirən Avropa İttifaqının təmsilçiləri qeyd edirlər ki, Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün çox vacib tərəfdaşlardan biridir, hasilatçı, tranzit ölkə kimi çox mühüm rol oynayır. Avropa İttifaqına daxil olan 28 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Azərbaycan sabit və mühüm enerji mənbəyi olmaqla sərmayələr üçün də etibarlı ölkədir. Ölkəmiz bu gün də transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məhz son 23 ildə həyata keçirilən transmilli layihələr hesabına Azərbaycanın dövlət büdcəsinə 10 milyardlarla dollar vəsait daxil olmuşdu. Əgər 2003-cü ildə dövlət büdcəmiz 1,3 milyard dollar idisə, bu gün bu rəqəm 18-20  milyard dollaradək yüksəlib. Valyuta ehtiyatları 2003-cü ildə 1,6 milyard dollar idisə, 2015-ci ildə onun həcmi 54 milyard dollara çatdırılıb.

Burada çox önəmli bir məsələyə diqqət yetirmək lazımdır ki, bu il sentyabrın 14-də ölkəmizə daha böyük inkişaf perspektivləri vəd edən Yeni "Əsrin   müqaviləsi" imzalandı. Heydər Əliyev Mərkəzində imzalanan yeni müqaviləyə əsasən, "Azəri-Çıraq-Günəşli"  yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünə düzəliş edilərək yenidən tərtib olunmaqla Sazişin müddəti 2050-ci ilədək uzadılıb. Müqavilədə ölkəmizin  qazanacağı məqamlar daha çoxdur və Azərbaycan xalqının milli maraqları kifayət qədər qorunub. 23 il əvvəl imzalanan "Əsrin müqaviləsi" ilə müqayisədə bu ilin sentyabrın 14-də "həyata vəsiqə alan"  yeni müqavilə ölkəmizə xeyli iqtisadi dividentlər gətirəcək. Belə ki, müqavilənin  imzalanmasından sonrakı ilk mərhələdə  ölkəmizə 3,6 milyard dollar bonus ayrılacaq. Həmçinin şərtlərə görə, SOCAR-ın iştirak payı 25 faizə çatdırılmaqla ölkəmizə çatacaq mənfəət payının həcmi 75 faizə yüksələcək.

Göründüyü kimi, həm Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə 23 il əvvəl imzalanan “Əsrin müqaviləsi", həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə imzalanan yeni “Əsrin müqaviləsi" Azərbaycan xalqının rifah halının yüksəlməsinə, dövlətimizin beynəlxalq nüfuzunun və siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir. 

Elçin Zaman, “İki sahil”