14 sentyabr 2017 14:53
367

XXI əsrin çağırışı: zamanın tələbinə uyğun islahatlar, yeni hədəflər

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında  yeni mərhələnin dəqiq proqnozlaşdırılmış mənzərəsində gələcək uğurlar üçün təməl olan hədəflər istiqamətləri üzrə dəqiq göstərilir. Ölkə iqtisadiyyatını sərbəst bazar münasibətlərinə uyğunlaşdıran, regionun lider dövləti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçıya çevrilməsi, makroiqtisadi sabitliyin qorunması, özəl təşəbbüsün dəstəklənməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi, XXI əsrin çağırışlarının yerinə yetirilməsi əsas prioritetlərdəndir.

Biliyə əsaslanan iqtisadiyyatın qurulmasına, İKT-nin tətbiqi ilə elektron xidmətlərin inkişafına diqqətin artırılması, Azərbaycan brendi olan “ASAN xidmət”in, “elektron hökumət”in yaradılması istiqamətində səylərin gücləndirilməsi qloballaşma dövründə inkişaf strategiyasının əsas istiqamətlərindən olmaqla “bilik iqtisadiyyatına” keçidin əsaslarını da müəyyənləşdirir. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbulu, İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə daxilində rəqəmsal yayımın, “elektron hökumət” xidmətlərindən istifadə Azərbaycanın müasir dövlət kimi formalaşmasının əsas prioritetləri kimi diqqətdə saxlanılır, sənayeləşmə istiqamətində önəmli islahatlar aparılır, aqrar sahədə proseslərin sistemli tətbiqi üçün layihələrin sayı artırılır.

İslahatları mahiyyət baxımından bir-birini tamamlayan, dünyaya inteqrasiya edən Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığını maksimum azaltmaq, neftdən əldə olunan gəlirləri insan kapitalına yönəltmək, bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşən qeyri-neft sektorunun  ÜDM-də rolunu artırmaq dayanıqlı inkişafın əsas istiqamətləridir.

 Bunun üçün mükəmməl biznes sistemini formalaşdırmaqla sabit investisiya mühitinin, dövlət-sahibkar münasibətlərinin yaradılması tələb olunur. Bəllidir ki, bazar iqtisadiyyatı şəraitində ümumi məhsul artımında əsas paya sahib kiçik və orta sahibkarlığa maraq göstərənlərin sayı artır. Son illərdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər, möhkəmlənən hüquqi baza islahatların reallığından xəbər verir.

İqtisadi rəqabətliliyinə görə dünyada otuz yeddinci yerdə qərarlaşan Azərbaycan maliyyə təşkilatlarının hesabatlarında da  biznes mühitinin səmərəli təşkilinə, özəl bölmənin formalaşdırılmasına, tətbiq olunan islahatların sayına görə də fərqlənənlər sırasındadır.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər” haqqındakı fərmanlarda qeyd olunduğu kimi, məqsəd qeyri-neft sektorunun istiqamətlərini daha da genişləndirməkdir. Bu səbəbdən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, özəl sektora investisiya qoyuluşunun artırılması kimi önəmli vəzifələr yol xəritələrində müasir dövrün tələblərinə, beynəlxalq standartlara uyğunlaşdırılır, 2016-2020-ci illər üçün proqnozlaşdırılan vəzifələr aydın göstərilir.

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqındakı Fərmandan sonra belə əhəmiyyətli yol xəritəsi ilə bağlı qəbul olunan sənəd dünyada geniş yayılan mütərəqqi təcrübənin ölkəmizdə tətbiqinə geniş imkan yaradır.

Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes forması fermer və ailə təsərrüfatlarıdır. Milli iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən, fundamental əsaslara istinad edən strateji yol xəritələrinin həyata keçirilməsində də bu sistemə üstünlük verilir. Prezident İlham Əliyevin son aylarda bölgələrdə keçirdiyi müşavirələrin də başlıca məqsədi bazar təsərrüfatlarının 70 faizindən çoxunu təşkil edən ÜDM-də 65 faiz paya sahib olan belə təsərrüfatların sayını artırmaq, imkanlarını genişləndirmək, onların problemlərinin həlli yollarını asanlaşdırmaqdır. Üç mərhələ üzrə həyata keçiriləcək. 2016-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasından sonra 2025-ci ilədək dövrdə aparılacaq islahatlarda özünəməşğulluğun yeni forması olan belə metodlara daha çox üstünlük verilməsi təsadüfi deyil. Dünya təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadan belə təsərrüfatların fəaliyyəti istənilən nəticəni vermir.  Fermer təsərrüfatlarında məşğul olan şəxslərə son məhsula görə subsidiya verilməsi, qiymətlərin artırılması kənd təsərrüfatının bu sahəsinə marağı daha da artırıb. 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub.

 Məqsəd kompleks  tədbirlərin tətbiqi ilə milli iqtisadiyyatı böhrandan qorumaq, aparılan genişmiqyaslı islahatların səmərəliliyini artırmaqdır.

 Regional inkişafa töhfə verən Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsi uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı Fərmana əsasən yaradılan “ABAD” Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verən yeni sosial innovasiya proqramı kimi diqqəti cəlb edir. “ASAN xidmət” kimi Azərbaycan brendi olan “ABAD”da kiçik və orta sahibkarlığı stimullaşdırmaq, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından çox perspektivli və əhatəlidir.

 Ölkədə illərdən bəri özünü doğruldan iqtisadi siyasətin uğurları göstərir ki, islahatların davamlılığını təmin etmək üçün etibarlı qanunvericilik bazası mövcuddur və zəngin təbii resurslar, ehtiyatlardan səmərəli istifadə üçün təkmil siyasət özünü doğruldur. Makroiqtisadi vəziyyətin stabilləşməsi üçün görülən tədbirlər də uğurla nəticələnir, ən mütərəqqi təcrübənin tətbiqi, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara göstərilən maddi, hüquqi dəstək artırılır, şəffaf malyyə sistemi formalaşdırılır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-qanuni yoxlamaların qarşısının alınması, iş adamlarına dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, maarifləndirmə forumlarının, konfranslarının keçirilməsi nəticəsində regionlarda güclü biznes mühiti formalaşmışdır.

Ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunur, maliyyə resursları cəlb edilir. Yeni qaydalar sahibkarların istehsal etdikləri məhsulların ixracına marağını artırmaqla, keyfiyyətin beynəlxalq standartlara uyğunluğunu da təmin edəcək. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Proqnozlara görə, 2020-ci ildə ölkəmiz Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri” qrupunda ön sıralara, beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik iştirakçı statusuna yüksələcək.

Xuraman İsmayılqızı, “İki sahil”