08 sentyabr 2017 23:20
943

Multikultural dəyərlər müxtəlif fobiyaların qarşısında duran ən böyük silahdır

Mədəniyyətlər, sivilizasiyalar və dini konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın  beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunması  bu sahədəki təcrübəsindən, dünyada qazandığı nüfuzdan irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev  müxtəlif tərkibli, ayrı-ayrı sahələri əhatə edən  tədbirlərin ölkəmizdə keçirilməsinin  bir çox məqsədləri olduğunu açıqlayır: “İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir.

Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi  nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı  toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.”

Dinc yanaşı, sülh, əmin-amanlıq şəraitində yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin  mühüm tərkib hissəsi və şərtlərindən biri dini və ümumbəşəri dəyərlər sahəsində  mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir. Ölkəmizin  qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan  hər zaman bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən  ölkə kimi nümunə göstərilir və təcrübəsinin öyrənilməsi vacib amil kimi önə çəkilir. Ölkə Prezidenti  İlham Əliyev  bu məqamı çıxışlarında  xüsusi vurğulayır: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da  humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir,  eyni zamanda, bizim tariximiz multikulturalizm əsasına qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə  Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə  multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.”

Ölkə Prezidentinin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Multikulturalizm ili”, cari ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi də Azərbaycanın multikultural cəmiyyətlərin formalaşdırılmasına verdiyi töhfələrdən qaynaqlanır. “İslam Həmrəyliyi ili” çərçivəsində istər ölkəmizdə, istərsə də xarici ölkələrdə keçirilən tədbirlər də bu kimi məqamlara işıq salır. İslam həmrəyliyi təbii ki,  ancaq İslam aləmi daxilində  həmrəyliyi nəzərdə tutmur. Azərbaycan bu addımı ilə dünyaya bir mesaj ünvanlamış oldu ki, bu sülh, birlik, həmrəylik mesajıdır. Dövlətimizin başçısı bildirir: “2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.”

Azərbaycan uğurlu siyasəti ilə yeni dostlar qazanır. Cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunan iclasında xarici ölkələrə səfərlərinin sayı ilə bağlı açıqladığı statistikaya diqqət yetirsək, bu gün dünyada Azərbaycanın önəmini, ölkəmizə artan marağı daha aydın görə bilərik.  “ Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.” Son iki ayda ölkə Prezidentinin xarici ölkələrə səfərlərini, eyni zamanda Azərbaycana gerçəkləşdirilən səfərləri də nəzərə alsaq, bu rəqəmlərdə xeyli dəyişikliklər yaranar. “İslam Həmrəyliyi ili”ndə İslam ölkələrinə ardıcıl səfərlər Azərbaycanın bu birliyə, həmrəyliyə böyük töhfə vermək istəyini nümayiş etdirir.

Cənab İlham Əliyev bu həqiqəti də  bildirir ki,  ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə  inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb. “Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir” söyləyən dövlətimizin başçısı vurğulayır  ki,  bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməli,  birmənalı mövqe nümayiş etdirilməlidir.

Qeyd etdiklərimiz bu qənaətə əsas verir ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan davamlı uğurları ilə  ölkələr, xalqlar arasında körpü rolunu daim  möhkəmləndirməyə, yeni çalarlar əlavə etməyə səy göstərir.  Ötən ilin sonunda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Bakıda   “Qafqazda  dini  tolerantlıq  ənənələri və  Azərbaycanın multikulturalizm  modeli” mövzusunda keçirilən  beynəlxalq konfransda  bu rəqəmlər açıqlanmışdır -  Son  15 ildə dünyada    57 min terror hadisəsi törədilib. 100 minlərlə insan həlak olub.  57 min terrorun 2 mini erməni işğalçıları tərəfindən Azərbaycan xalqına qarşı törədilmişdir.  Dünyada  çoxlu sayda münaqişə ocaqları mövcuddur.   Ümumi hesablamalara görə, 169  ölkələrarası və ölkələrdaxili münaqişə  ocağı vardır. Dünyanın hazırda 40 ölkəsində qanlı döyüşlər gedir. Münaqişələr arasında Qafqaza aid münaqişələr də vardır ki, onlardan biri Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.  Münaqişələr var ki, onun tarixi 68 ildir. Elə münaqişələrdə  var ki,  yenidir. Bu faktlar  dünyanın   çox  böyük problemlərlə üz-üzə olduğunu təsdiqləyir. Münaqişələrin sayı sürətlə artmaqdadır. Bu rəqəm də açıqlanmışdır ki, 60 milyona qədər insan münaqişələr nəticəsində  öz yurd-yuvasından didərgin düşmüşdür. Bunlardan bir milyonu  Azərbaycan xalqına məxsusdur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Münaqişələrə  son qoymağın yollarından biri kimi,  tolerantlıq xüsusi qeyd olunur. Prezident İlham Əliyev bildirir: “Tolerantlıq  və multikultural dəyərlər  ksenofobiyanın,  islamofobiyanın, müxtəlif  fobiyaların qarşısında duran ən böyük silahdır. Biz bu fobiyalara qarşı mübarizədə birləşməliyik.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi tolerantlıq modelinə böyük  ehtiyac vardır.

Yeganə Əliyeva, “İki sahil”