22 iyul 2017 01:18
762

22 iyul 1990-cı il: Müstəqil siyasətə qayıdış tarixi

Heydər Əliyev-Vətənini sevən və dayağı xalq olan lider

... 1987-ci il oktyabrın 24-də “Pravda” qəzetində dərc olunan “SSRİ Ali Sovetinin Rəyasət Heyətində” başlıqlı məlumatda deyilirdi: “ SSRİ Ali Sovetinin Rəyasət Heyəti səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi barədə Heydər Əliyeviç Əliyev yoldaşın xahişini təmin etmişdir.” Həmin gündən başlayaraq sovet üsul-idarəsinin mərkəzi sayılan Kremlə Heydər Əliyevlə bağlı böhtanlarla dolu anonim məktublar göndərildi. Haqsızlığa qarşı barışmaz, mübariz olan Ulu Öndər Rusiya televiziyasının populyar “Həqiqət anı” publisistik verilişinin aparıcısı Andrey Karaulova verdiyi müsahibədə o dövrdə baş verən hadisələri belə şərh edir: “Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir, hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam.”

Sonra “istefa”sının səbəblərini belə izah edir: “ Nə bir söhbət oldu, nə də səsvermə. Sadəcə Qorbaçov məni öz yanına çağırdı- iş otağında daha iki nəfər də vardı-dedi: Sən getməlisən. Dedim: Əgər baş katib mənim işləməyimi istəmirsə onda mən gedərəm.” 

Mərhum xalq şairi Bəxtiyar Vahabzadə “ məcburi istefaya” təəssüfünü “Ey vah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı” sözləri ilə bildirdi. Ulu Öndərin Siyasi Bürodan uzaqlaşdırılmasından 15 gün sonra Qarabağ məsələsi ortaya atıldı. Baş katibin arvadı Raisa Qorbaçovanın ən yaxın adamı, Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyanın Parisdə səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistana verilməlidir” sözləri ilə bu gün də davam edən münaqişənin təməli qoyuldu. Moskvanın “Qarabağ əməliyyatı” üçün sipər olan, zəkası, uzaqgörən siyasəti ilə Kreml mənsublarından üstünlüyünü fəaliyyəti ilə bildirən Heydər Əliyev savadsız siyasətçiləri biliyi, dövlətçilik təcrübəsi ilə heyran qoyurdu. Ermənilərə havadarlıq edən sovetlərin rəhbərliyi Dağlıq Qarabağ Vilayət Sovetinin növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə verilməsi haqqında” qəbul edilmiş əsassız qərarı sükutla qarşıladı. Qarabağda, o cümlədən Əsgəranda qan töküldü, Sumqayıt hadisələri törədildi. Bakıda çoxsaylı insanın iştirakı ilə mitinqlər keçirildi. İmperiyanın siyasətinə uyğun planlaşdırılan və daxili vəziyyətin gərginləşməsinə, torpaqlarımızın işğalına yönələn hadisələr Azərbaycan xalqının etirazına səbəb oldu. 30 il Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbər vəzifələrində çalışan Heydər Əliyev bu qurumun əməkdaşları tərəfindən təqib olundu. Separatçıların Azərbaycana qarşı silahlı təcavüzü haqqında məlumatlar Ermənistanın mənafeyinə uyğun istiqamətə yönəldildi. 1989-cu ildə  Mərkəzi Komitənin plenumu ərəfəsində Kommunist Partiyasının bir çox üzvünə, o cümlədən Heydər Əliyevə MK-dan çıxmaları barədə müraciət olundu. Dağlıq Qarabağın Ermənistana verilməsini şərtləndirən məsələlərin formal müzakirələri zamanı yenə də separatçılara dəstək göstərildi. Azərbaycanda şiddətlənən ümumxalq etirazının yatırılması üçün fövqəladə vəziyyət elan olundu. Millətlərarası ədavəti gərginləşdirən erməni ekstremistlərinin törətdikləri vəhşilikləri səssiz izləyən Kreml münaqişənin suni surətdə qızışdırılmasına hesablanan təxribatlara biganəlik göstərdi. 

Ulu öndər Heydər Əliyev bu hadisələrə etiraz olaraq bir neçə onilliklər üzvü olduğu, xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək hadisələri Azərbaycanın suveren hüquqlarının pozulması, siyasi təcavüz adlandırmaqla baş verənlər üçün SSRİ rəhbərliyini,  Qorbaçovu ittiham edən fərdi pensiyaçı Heydər Əliyevin həyatı üçün təhlükə yarandı. Bakıda baş verən etirazlar, iğtişaşlar üçün Heydər Əliyevi təqsirləndirən Kreml Ulu Öndər haqqında təxribat xarakterli məqalələri dərc etməklə fenomen insan haqqında səhv təsəvvür yaratmağa çalışdı. Amma unutdular ki, istedad hər zaman parıltısı ilə varlığını göstərir. Vəziyyət isə getdikcə ağırlaşırdı. Azərbaycanın fədakar oğlunun Moskvada yaşadığı hər gün onun həyatı üçün təhlükəli idi. Çıxış yolu isə 70 ildən artıq “qardaşlıq ailəsinin” məkrli ocağını tərk edərək doğma Vətənə, Azərbaycana qayıtmaq idi. Hər an izlənildiyi üçün Moskvanı tərk etmək qeyri-mümkün olsa da dərin zəkaya malik siyasətçi, dövlətçilik təcrübəsi olan Heydər Əliyev Azərbaycana dönməyin yollarını tapdı.

...22 iyul 1990 -cı il bəlkə də salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. Həmin gün Moskvadan Bakıya qayıdan Heydər Əliyevin xalq arasındakı şəxsi nüfuzundan qorxan  Kremlin ölkəmizdəki nökərləri təşvişə düşdülər. Müxtəlif yollarla onu paytaxtdan uzaqlaşdırmaq istəyənlər hətta fiziki təsirlərə əl atılacağını belə gizlətmirdilər. Sovetlər dövründə birinci katib kimi qurub-yaratdığı respublikadakı şəxsi mənzilində belə yaşamağa imkan verilmədiyi üçün məcbur qalıb ata ocağına-Naxçıvan qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar. Blokadada qalan Naxçıvana qayıdışı ilə müxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər bazar iqtisadiyyatının əsas şərtlərindən olan özəlləşdirmə siyasətinə də burada başladı.

O vaxtkı Azərbaycan rəhbərliyinin ögey münasibətinə baxmayaraq muxtar respublikada vəziyyət  sabit idi. Naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər, erməni işğalçılarına tutarlı cavab verdilər, Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldırdılar: Naxçıvanda heç bir məkrli ssenariyə yol verilməyəcəkdir. Heydər Əliyev o illərdə nəinki Naxçıvan, Azərbaycan üçün də tarixi qərarlar qəbul etdi. Sədrlik etdiyi Ali Məclisin sessiyasında  “Naxçıvan Sovet Sosialist Muxtar Respublikası” adından “sovet, sosialist”” sözləri çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni, gerbi bərpa olundu. Azərbaycanın Milli Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Yəni, bu addımlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərdi. 

Ulu öndər Heydər Əliyevə ümumxalq ehtiram və hörmətindən, milyonların onu  dövlət başçısı görmək tələbindən ehtiyatlanaraq Konstitusiyada yaş məhdudiyyəti ilə bağlı dəyişiklik edildi. Hətta Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürən təşəbbüs qruplarının qeydə alınmasından belə imtina edildi. Ulu Öndərin əhali tərəfindən belə sevildiyinə qısqanclıqla yanaşanlar unudurdular ki, nəinki ölkə daxilində,  xarici ölkələrdə belə bu müdrik insana hörmət və ehtiram sonsuz idi. Belə münasibətlərin nəticəsi idi ki, Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin bir xahişi ilə blokadada qalan Naxçıvana İrandan və Türkiyədən elektrik enerjisi verildi. Humanitar yardım kimi muxtar respublika əhalisinin ərzağa olan tələbatı ödənildi. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Ankarada Ulu Öndərin təklifinə əsasən aparılan danışıqların nəticəsi kimi Araz çayı üzərində Türkiyə və Azərbaycanı birləşdirən, həyat yolu adlandırılan “Ümid körpüsü” salındı. Muxtar respublikanı erməni separatçılarının hücumlarından qorumaq üçün Qars müqaviləsi təzələndi. 1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün ssenariləri əsasında hazırlanan dövlət çevrilişinə cəhdlər xalqın həmrəyliyi sayəsində uğursuzluqla nəticələndi.  Naxçıvan MR Ali Məclisinin Sədri kimi Heydər Əliyevin imzladığı tarixi sənədlər bütünlükdə Azərbaycanın sonrakı inkişafının əsas parametrlərini əks etdirirdi. 

Fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi. SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Ən başlıcası isə Azərbaycanın ictimai- siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə böyük ümidlər vəd edən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Xalqın təkidli tələbi ilə  parçalanmaqda olan Azərbaycanı daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün Bakıya dəvət olunan ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.

1993-cü ildə tarixi Qayıdışı ilə insanları bürüyən stresdən, xaosdan, ölkəni isə parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev bir daha müstəqilliyin qarantı olduğunu subut etdi. Ulu Öndər 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan dövlət çevrilişlərinə cəhdləri də mətinliklə, qətiyyəti sayəsində aradan qaldırdı. Daxili və xarici düşmənlərin birgə planlaşdırdığı cinayətlərə müdrikliyi ilə qalib gələn Ulu Öndər 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə bir daha Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən Heydər Əliyev siyasi davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.

Hazırda dünya birliyində Azərbaycan qüdrətli dövlət, sivilizasiyalararası dialoq məkanı, Cənubi Qafqazda və MDB-də lider kimi tanınırsa, bu nailiyyət Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu irsə sadiqliyinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi  neft strategiyasının uğurlu həlli nəticəsində Azərbaycan Avropa İttifaqı dövlətlərinin etibarlı enerji təminatçısı kimi tanınır. 

... Ağıl və zəkasından mənəvi silahı kimi istifadə edən, təcrübələri, siyasi bacarıqları, fenomen istedadı ilə fərqlənən tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər sırasında adı çəkilən ümummilli lider Heydər Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığının sübutu müasir Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir. 

Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur. “Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi. O hadisələri yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil dövlət olaraq özünü dünya miqyasında tanıdıb, nüfuz qazanıbsa bu, Ulu Öndərin xilaskarlıq missiyasının məntiqi nəticəsidir. 

Xuraman İsmayılqızı, “İki sahil”