“Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olub

01 noyabr 2016 20:02
770

Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olub

Qafqaz Universitetində 16 noyabr- Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir və “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olub.

Mərkəzin yaradılmasının məqsədi Qafqaz Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədrisi üçün kadr hazırlığının təşkili, Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi və bu istiqamətdə yazılmış əsərlərin aprobasiyasının həyata keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

K.Abdullayev Qafqaz Universitetində yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi əhəmiyyət verdiyini, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.

Sonra müasir avadanlıqla təchiz edilmiş “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olub.