02 noyabr 2016 20:37
1682

Qafqazın işıq saçan mayakı Azərbaycan

Qafqazın işıq saçan mayakı olan Azərbaycanın nuru insanlığa yol göstərir

Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olan, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar Pirallahı rayonunda geniş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və RİH-nin əməkdaşları, Pirallahının dini və milli icmalarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident  İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürmələrini, onların azadlıq, dostluq mühitində yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Bildirildi ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı sevindirir. Biz əminik ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bütün dünyada bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Azərbaycanda tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycan bu istiqamətdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal olaraq, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən Qlobal Forumu, oktyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçrilən “XXI əsr: ümidlər və çağırışlar” devizli Beynəlxalq Humanitar Forumu, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festifalını və s. göstərmək olar. Keçirilən bu tədbirlərin hər birinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.

YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı qəsəbə məscidində dini ayinlərin icraçısı Elçin Baxşıyev, Azərbaycan Rus İcmasının Pirallahı rayon Təşkilatının sədri Yelena Aşurova öz çıxışlarında bildirdilər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.

Dinindən, dilindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda və "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Qanunda təsbit edilmiş müddəalar, həmçinin tolerantlığın inkişafı üçün möhkəm hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsi ulu öndər Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bu günədək Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində 336 islam, 31 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb. Bunlardan 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i krişnaidliyi təmsil edir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alban-udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakan və xristian-babtist icmalarının və onlara aid bir çox dini tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün möhkəmlənməsinə, dinlərarası dialoqun genişlənməsinə əyani sübutdur.

Prezident İlham Əliyev vurğulayır ki, "Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir." Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Pirallahı rayonunda dini və milli dəyərlərə dərin ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində rayonumuzda çoxlu işlər görülmüş, müxtəlif tədbirlər keçirilmişdir. Bu gün Pirallahı rayonunda  mövcud olan ictimai-siyasi sabitlik, milli mənəvi həmrəylik, etnik-dini tolerantlıq Azərbaycanda mütərəqqi tarixi ənənələrdən qaynaqlanan uğurlu siyasətin nəticəsidir.