02 fevral 2017 14:53
2890

Sisianın tarixi-coğrafiyası ilə bağlı bildiklərimiz və bilmədiklərimiz

Tarixən Naxçıvan adlanan məkan bugünkünə nisbətən daha geniş ərazini əhatə etmişdir. Baş verən müxtəlif tarixi-siyasi proseslərin təsiri altında bu ərazilərdə dəyişikliklər olmuş və Naxçıvanın ərazisi zaman-zaman kiçilmişdir. Məlumdur ki, bu gün Ermənistanın tərkibində olan Sisian və Dərələyəz kimi tarixi Azərbaycan torpaqlarının taleyi birbaşa olaraq Naxçıvanla bağlı olmuş, bu ərazilər Naxçıvanın bir nahiyəsi, mahalı rolunda çıxış etmişlər.

Hələ monoqollar dövründə mövcud olmuş Naxçıvan tüməni adlanan inzibati vahid Van gölünün şimal-şərq sahillərindən başlayaraq bugünkü Sisian və Tatefə qədərki əraziləri əhatə etmişdir. XVI-XVIII əsr tarixinə aid mənbələrdə də Sisian ərazisi Naxçıvan adlanan inzibati vahidin tərkibinə daxil olmuşdur. “Matenadaranın farsdilli sənədləri” ilə tanışlıq göstərir ki, Səfəvilər dövlətinin qurulduğu ilk dövrlərdə - xüsusən Naxçıvanın Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dönəmdə Sisəcan (Sisian) Naxçıvan ölkəsinin tabeliyində olan nahiyələrdən biri olmudşur. Tədqiqatçı İlhami Əliyevin də qeyd etdiyi kimi, bəzi müəlliflər yanlış olaraq Səfəvilər dövründə Sisianın ayrıca hakimlik və məliklik statusunda olduğunu göstərmişlər .

Araşdırmalarımız göstərir ki, bu nahiyə şimal-qərbdən Bazarçayı nahiyəsi, şərqdən Qapanat hakimliyi, cənubdan Azadciran və Əlincə nahiyələri, qərbdən isə Dərəşahbuz nahiyəsi ilə həmsərhəd idi. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kvadratkilometr olmuşdur. 1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi  Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 5 nahiyəsindən biri idi.  Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrəə daxil edilmişdi. Nahiyənin ərazisi təqribi hesablamalara görə 1263 kvadratkilometr  olmuşdur.

Sisian ərazisi XVIII əsrin əvvəllərinə aid sənədlərdə də məhz Naxçıvanın bir nahiyəsi kimi göstərilmişdir. 1727-ci ilə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sayına görə Sisian Dərələyəzdən sonra  Naxçıvan sancağının ikinci ən böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində mənbələrdə 41 kənd 1 yaylağın adı çəkilir.

Bu nahiyənin tabeçiliyi ilə bağlı apardığımız əvvəlki tədqiqatlarımızda nahiyənin 1752-ci ilə qədər Naxçıvanın tərkibində olduğu qeyd olunmuşdur. Qeyd edək ki, bizə qədərki bir sıra digər tədqiqatçılar da Mirzə Yusif Qarabağinin  “Tarixi-safi” əsərində verdiyi məlumatlara istinad etməklə Sisian nahiyəsinin 1752-ci ildən sonra Qarabağ xanlığına tabe edilməsi barədə məlumat vermişlər. Belə ki, bu barədə “Tarixi-safi”də yazılır: “O (Qarabağ xanı- E.K.), Qaradağ hakimlərindən Mehri, Güney mahallarını, Bərgüşada kimi Naxçıvan hakimindən Tatef və Sisian mahallarını, Təbriz bəylərbəyisindən Uşacıq kəndinin yuxarısınadək, Tərtər çayı sahilində Kolanıların məskəni olan Göyçə sərhədinə kimi İrəvan hakimindən aldı. Vaxtilə Xudafərin körpüsündən Kürək çayına kimi ərazi Gəncə bəylərbəyilərinə tabe idi. İki-üç ilin müddətində, yəni 1755-1757-ci illərdə bu qeyd olunan yerləri onların əllərindən alıb öz ixtiyarlarına keçirdi”.

Lakin Osmanlı Başbakanlıq Arxivində saxlanılan bir arxiv sənədi bu tabeçiliyin müvəqqəti xarakter daşıdığını sübut etməklə hətta XVIII əsrin 60-cı illərində də Sisian ərazisinin Naxçıvan xanlığının tabeliyində olduğunu göstərir. 2011-ci ildə İstanbulda nəşr edilmiş “Osmanlı Arxiv sənədlərində Naxçıvan” adlı kitabda təqdim edilmiş 18-ci sənəddə bu barədə məlumata rast gəlirik. 12 avqust 1760-cı ilə aid olan sənəd belə adlanır: “Naxçıvandan Ərzuruma hicrət edən, səhabə Cabir bin Abdullah soyundan olan Şeyx Xəlil və Osman əfəndilərə Ərzurum gömrüyündən pul təsisi”.

Osmanlı dilində təqdim edilmiş sənədin mətni ilə tanışlıq göstərir ki, Peyğəmbər səhabəsi soyundan olan iki şəxs məhz “Naxçıvan qəzasına tabe Sisian karyəsində” yaşamışlar. Məhz bu fakt sübut edir ki, əsrin 60-cı illərində də Sisian ərazisi məhz Naxçıvan xanlığının tabeliyində olmuşdur.

Sözügedən sənəd digər bir baxımdan da qiymətldir. Belə ki, sənəddə İslam peyğəmbərinin ən məşğhur səhabələrindən olmuş Cabir ibn Abdullah əl-Ənsarinin soyunun məhz Naxçıvan ərazisində yaşadığını sübut edir. 

Qeyd edək ki, Cabir ibn Abdullah əl-Ənsari Məhəmməd Peyğəmbərin ən yaxın səhabələrindən biri olmuş və onunla birlikdə 18 müharibəyə qatılmışdır. Ona əl-Ənsari deyilməsinin səbəbi Peyğəmbər Məkkədən Mədinəyə köç edərkən ona kömək edən Mədinəli müsəlmanlar qrupuna daxil olmasıdır. O, Siffin müharibəsində qanuni xəlifə Əli tərəfindən Müaviyyəyə qarşı vuruşmuşdur. Şeyx Cabirin atası Abdullah isə Ühüd müharibəsi şəhidlərindəndir. 604-694-ci illərdə yaşamış Şeyx Cabir Həzrəc qəbiləsinə mənsub olmuşdur.  Onun adı həm də tarixə Kərbəlada şəhid edilmiş İmam Hüseynin ilk ziyarətçisi və Ərbəin ziyarətinin əsasını qoyan şəxsiyyət kimi düşmüşdür. O, Kərbəla hadisəsindən sonra yaşadığı Mədinə şəhərini tərk edərək Kərbəlaya gəlmişdir. Onun adı Peyğəmbərdən ən çox hədis rəvayət edən səhabələrdən biri kimi də İslam tarixinə düşmüşdür. 1540 hədis rəvayət etmişdir.

Sənədin adından da göründüyü kimi, Səhabə Cabir ibn Abdullah Ənsarinin soyundan olan Şeyx Xəlil və Osman adlı şəxslər məhz Naxçıvan ərazisində yaşamış, sonradan isə buradan Osmanlı dövlətinin tabeliyində olan Ərzurum şəhərinə köçmüşlər.  Beləliklə, qeyd edilən faktı da nəzərə almaqla demək olar ki, tarixi məscidləri, pirləri və imamzadələri özündə bu gün də yaşadan Naxçıvan tarixən həm də bir çox səhabə və imamların soyundan olan insanların üz tutduqları, pənah gətirdikləri məkanlardan biri olmuşdur.

Elnur Kəlbizadə,

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya

və Arxeologiya İnstitutunun elmi işçisi