24 yanvar 2018 00:13
4366

Füzuli Hüseynov: Bu sənəti nifrət edə-edə sevdim

Yəqin ki, aranızda Rasim Ocaqovun yazıçı Anarın ssenarisi əsasında çəkdiyi “Təhminə və Zaur” filmini izləməyən yoxdur. Açığı müsahibəöncəsi edəcəyim bu qısa təqdimat müsahibimin nə dərəcədə xoşuna gələcəyini bilmirəm. Amma şəxsi düşüncəmə əsaslanaraq belə hesab edirəm ki, onu izləyiciyə daha da yaxınlaşdıran məhz bu filmdəki obraz oldu. Söhbət Spartak rolundan gedir. Bəli, filmdə cəmi bir neçə dəfə görünür, ya görünmür, amma adı tez-tez səslənir. Bununla da ən azı baş rolun ifaçıları qədər məşhurlaşır...

Həmin illərdə yaraşığı, səs tonu, xarizması ilə kiçikdən-böyüyə hər kəsi ovsunlayan Füzuli Hüseynov bu gün də görünüşdən heç nəyi əskik etməyib. Düzü, müsahibəöncəsi çoxlarından eşitmişdik ki, onunla söhbət çətin alınır. Amma qarşımızda gördüyümüz mənzərə bizə tamam başqa bir şeyi sübut etdi. Xarakter, səmimilik, sadəlik... Bunların hamısını müsahibəni oxuduqca görəcəksiniz. Hələlik isə onu deyə bilərik ki, müsahibimiz Respublikanın Əməkdar artisti Füzuli Hüseynovdur.

- Füzuli müəllim, 1962-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmusunuz. Balakəndə yaşadığınız illər, uşaqlığınız, məktəbiniz, müəllimləriniz maraqlıdır. Füzuli Hüseynovun böyüyüb boya-başa çatdığı Balakəni, Qazmanı oxucularımıza necə təsvir edərsiniz?

- Evin ikinci uşağı olmuşam. Ailədə isə beş uşaq olmuşuq. Heç ipə-sapa yatan uşaq olmamışam. Mənə əmrlə bir işi gördürmək qeyri-mümkün olub. Hətta atam buna görə məni dəfələrlə döyüb. Demək olar ki, 7-8-ci sinifə qədər həftədə bir-iki dəfə də olsa döyülürdüm. Amma bir xüsusiyyətim var idi. O işi yalnız özüm istəyəndə görürdüm. O qədər məsuliyyətli və dəqiq görürdüm ki, hamı təəccüblənirdi ki, bu uşaq dünən avaranın biri idi, necə oldu ki, bu gün belə oldu? Eləcə də məktəb illərində. Qazma kəndi böyük olduğu üçün kəndimizdə iki məktəb var idi. Mən 2 saylı məktəbdə oxumuşam. Uşaqlıqdan heç kimin bacarmadığı bir işi bacarmaq, heç kimin bilmədiyi bir işi bilmək istəmişəm və istəyimə nail olmuşam. Üçüncü sinifdə bizə rus dili keçilirdi. Atam həm rus, həm də gürcü dilini yaxşı bilirdi. Həmişə fərqlənirdim. Elə başqa dərslərdə də belə idim. Özüm də həmişə arxada otururdum. Anam da məktəbdə müəllimə idi. Müəllimlər ona şikayət edirdilər ki, biz onu qabaqda oturduruq ki, ağıllıdır, biləndir. Amma o, həmişə sinifin dələduz uşaqları ilə arxada oturur. İndi bilmirəm necədir, amma əvvəllər may ayında məktəblərdə imtahan olurdu. Uşaqlar sentyabrın 1-də gəlib məni evdən çağırırdılar ki, məktəbə gedək. Hələ onda deyirdilər ki, ilin axırındakı imtahanda sənlə oturacam. Hamısına imkan yaradırdım ki, köçürsünlər.

- Yəqin, ali məktəbə imtahan zamanı çətinlik çəkmədiniz...

- Əslində çəkdim. Sonra fikirləşdik ki, kim olaq, nəçi olaq? Mən özlüyümdə məsələ qaldırdım ki, dəqiq fənləri sevmədiyim üçün humanitar sahəni seçərəm. O demək deyildi ki, dəqiq elmləri bilmirdim, əksinə çox yaxşı bilirdim, sadəcə sevmirdim. 1979-cu ildə məktəbi qurtardım. İmtahan barədə heç bir təsəvvürüm yox idi. İmtahandan kəsildim və geri döndüm. Atam da üzümə baxıb, “Mən demişdim ki, sən avarasan” dedi. Məni o vaxt kolxozda sıravi kolxozçu işinə düzəltdi. Çünki növbəti ilə qədər gərək təcrübən olaydı. 6 ay iş təcrübən olmasa idi, universitetdə sənədlərini qəbul etmirdilər. 6 ay orda kolxozçu işlədim. Ayda 7 rubl maaş alırdım. Amma evdən işə daha çox pul aparırdım. (gülür) Amma işlədim. Atam dedi ya oxuyacaqsan, ya da beləcə kolxozçu işləyəcəksən. Seçimi özün elə. Çünki o artıq dərk eləmişdi ki, mənə nəyisə məcbur etdirmək olmur. Mən də hazırlaşdım. Bütün ədəbiyyatları, tarixləri oxudum və öyrəndim. Gəldim Bakıya imtahan verdim. İçimdə deyirdim ki, artıq instituta girməliyəm. Elə də oldu. Qəbul olundum. Təbii ki, evdə bilirdilər ki, imtahanları verirəm. Demişdim ki, əgər evdən kimsə gəlsə, universitetin qabağında dayanıb məni gözləsə, imtahana girməyəcəm. Onlar da gəlmirdilər. Amma xəbərləri var idi. Tale elə gətirdi ki, mən qəbul olundum. Sonra tələbə biletini aldım. Gəldim atamdan maşın və pul götürdüm. Üç-dörd gün evə gəlmədim. Kişi daha əl qaldırmırdı onda. Deyirdi boyu mənim boyum boydadı, səsi məndən gur çıxır. Beləliklə oxudum, oxuya-oxuya, bu peşəyə nifrət edə-edə sevdim.

- Nifrət edə-edə sevdiniz?

-Müəllimimiz rəhmətlik Nəsir Sadıqzadə bizə peşənin ən acı və dəhşətli tərəflərini aşılayırdı. Deyirdi ki, bütün bunları bilərək burda qalacaqsınızsa, sizdən nəsə olacaq. Yox, əgər bu peşədən bezib qaçdınızsa, demək ki, siz buralıq deyilsiniz. Nifrət edə-edə sevdim. Ondan sonra dərk elədim ki, sevgi elə nifrətdən yaranırmış. İnsanın pis, anormal tərəflərini bilə-bilə qəbul edib sevirsənsə, deməli, sən onu həqiqətən sevirsən. İlk görünüşdə parlaqlığa vurulub sevdin, sonra onun çatışmayan tərəflərini gördünsə xəyal qırıqlığına uğrayacaqsan, peşman olacaqsan. Sonrakı peşmançılıq isə fayda verməyəcək.

-Sizin gənclik illəriniz Sovet dövrünə təsadüf edir. O dövrdə Azərbaycan aktyor sənəti bəlli bir yolu geridə qoymuşdu. Cahangir Zeynalovun, Hüseyn Ərəbliniskinin qurub yaratdıqları məktəbin ən nümunəvi tələbələrini, öz sözlərinizlə desək, canlı həyatda görmüsünüz. Onların arasında “Qaloşlu adam”, “Otello”, “Xlistakof” və s. Füzuli Hüseynov kim olmaq üçün gəlmişdi sənətə?

- Arzum professional teatrda işləmək olub. Mənim heç vaxt “filan rolu oynamaq istəyirəm”,- deyə bir istəyim olmayıb. Allah elə eləsin ki, bundan sonra da olmasın. Çünki bu peşə mənim istəyimlə olmur. Burada bir sistem işləyir. Bizim teatrda 250-dən çox ştat var. İnzibatçısından tutmuş aktyoruna, qrim ustasından tutmuş xadiməsinə qədər. Bütün bunların fövqündə isə rejissor durur. O, teatrın süjetini müəyyənləşdirir. Kim hansı rolu oynamalıdır sualına o cavab tapır. Bundan sonra əsəri təqdim edir, aktyor oxuyur və ondan sonra onun dediyi rolla razılaşa da bilər, razılaşmaya da. Teatrda belə bir qayda var. Aktyorun roldan imtina etmək hüququ yoxdur. Mənə elə gəlir ki, bu, doğru qərar deyil. Amma rejissor sənin elə bir xüsusiyyətini görə bilər ki, sən özün onun fərqində olmaya bilərsən. O zaman nəticə sənin üçün maraqlı olur. Belə-belə ortaya tamaşalar çıxır. İndi mən deyim ki, “Hamlet”i oynamaq istəyirəm. Adama deyərlər ki, get oyna. Əsərin ideyası olmalıdır, konsepsiya formalaşdırılmalıdır. Bütün bunları görən rejissordur. Teatr belə olur. O cümlədən kino sahəsi də belədir. O baxımdan mənim nə həsrətində olduğum rol var, nə də obraz. Açığı aktyorlar belə deyəndə mənim gülməyim tutur. Bizdə çox aktyorlar bu sözü deyirlər və niyə dedikləri mənə çatmır.

-Füzuli müəllim, sizinlə ilk görüşümüzdür. Amma illərdir ki, biz sizi obraz kimi tanıyırıq. Açığı uşaqlıq dövründə “Təhminə və Zaur” filminə, filmə baxmaq xatirinə baxardım, amma gənclik dövründə bu filmi tamam başqa cür sevmişəm və başa düşmüşəm. Çox maraqlıdır, rejissor hansı meyarlarınıza görə sizi Spartak roluna seçdi? Həyatdakı Füzuli ilə, filmdəki Spartakın nə kimi oxşar xüsusiyyətləri var idi?

- Allah Rasim Ocaqova rəhmət eləsin. O, ilk növbədə professional bir operator idi. Sonra rejissorluğa keçdi. Səhv etmirəmsə ilk sərbəst çəkdiyi film də “Qatır Məmməd” olub. Çünki o filmin taleyi bir az qəribə olmuşdu. Son variantını Rasim Ocaqov çəkmişdi. Rasim Ocaqov məni səhnədə bir dəfə görmüşdü. Hətta mən birinci kursda oxuyanda onun “Park” adlı filminə dəvət etmişdilər. Məni o filmdə çəkmək istəyirdi. Amma sonra bilmirəm nəyə görəsə alınmadı, çəkilmədim. Bu filmin tarixi ilə bağlı isə bir neçə dəfə danışmışam, təkrarlamaq istəmirəm. Bu filmdə tamam başqa adamlar çəkilirdi. Film tamam başqa bir situasiyada idi. O vaxt, 90-cı illərin əvvəllərində bizdə keçid dövrü idi. Mənə dedilər ki, Rasim Ocaqov səni kinostudiyaya çağırır. Getdim yanına. Çox çevik insan idi. Otağa girdim, məni görən kimi “Mən bunu tanıyıram da”- dedi. Bircə sözü o oldu ki, “Füzuli, əgər mən səni çəksəm beş kilo arıqlaya bilərsən?”. O, hər şeyə operator gözü ilə baxırdı. Mən də bir az azad ruhlu insan olduğum üçün yeyib-içməyə, gəzməyə çox vaxt ayıran adam idim. Elə indi də eləyəm. Dedim ki, Rasim müəllim, əgər çəkəcəksinizsə, 15 kilo da arıqlayaram, problem deyil. Stimul olandan sonra hər şey olur. Dedi yaxşı get, sənə xəbər edəcəklər. Durdum ayağa, qapıdan çıxanda, dedi bir dəqiqə. Döndüm ona tərəf baxdım. Dedi ki, hə, yaxşı, heç nə. Sonra tutdum ki, yenə operator gözü ilə baxır ki, kadrda necə görünəcək bu dönüş, baxış filan. O vaxt Bilgəhdə başqa bir filmə çəkilirdim. Emin Sabitoğlu filmin bəstəkarı idi. Çox yaxın dost münasibətimiz var idi. Ora gəldi. Məni çağırdı, dedi oturaq bir çay içək. Dedi ki, Rasim müəllim məni göndərdi ki, sənlə danışım. Səni sınaqsız, filansız, birbaşa Spartak roluna çəkir. Emin müəllimlə müəyyən söhbətlərimiz oldu orada. Mənə dedi cavab deməliyəm, nə deyim? Dedim siz nə məsləhət görürsünüz? Dedi ki, hə. Vəssalam. Çəkildim. Kino belə olur. Sifətin ekrana düşməsi, obrazın atası belədirsə, oğulun ona bənzəməsi və s. Siz filmə baxanda bəlkə də heç bunlar ağılınıza gəlmir. Amma xırdalıqların hamısı üçün böyük bir komanda çalışır.

- Bəs Spartakla sizin oxşarlığınız?

-O ki qaldı Spartakla mənim oxşarlığıma (gülür). Bilmirəm necə deyim. Oxşarlığım var deyə seçilmədim hər halda. Sadəcə Rasim müəllim belə gördü. İkinci bir tərəfdən düşünürəm ki, oxşarlıq var idi. Mən də yeyib-içməyi, gəzməyi, azad yaşamağı çox sevən bir insanam, dostluqda çox sadaqətliyəm. O xüsusiyyətlər məndə də var. Belə cavab verə bilərəm. Amma dəqiq oxşayıb, oxşamadığını deyə bilmərəm.

- Kinodan söz düşmüşkən, Azərbaycanda bu gün çəkilən filmlərə münasibətiniz necədir?

- Çox ağır sualdır. Danışsam, müsahibəni oxuyan dost, tanış deyəcək ki, özü çəkilmir ona görə belə danışır. Bu gün Azərbaycanda kino yox dərəcəsindədir. Ona görə yox dərəcəsindədir deyirəm ki, yox desəm o dəqiqə başlayacaqlar ki, Füzuli bəyənmir, özündən razıdır. Professional filmlər yoxdur bu gün, buna cəhdlər var. Yəni, kimsə nəsə çəkmək istəyir. Mən də çox sevinərəm ki, professional bir film ortaya çıxsın. Artıq vaxtıdır. Hətta vaxt keçir. 5-6 ildən də çoxdur ki, xarici seriallar yığışdırıldı, yerli seriallar, filmlər çəkilməyə başladı. Gözlədik ki, ilk anlarda ola bilər ki, zəif olsun, alınmasın. Amma bunlar getdikcə düzəlməlidir. Vallah mən düzəliş görmədim. Bəlkə də mən görə bilmirəm. Belə deyə bilərlər, heç bir problem yoxdur. Düzdür içərilərində seçilən rejissorlar da var. Amma çoxusu naşı, bu peşənin əlifbasını bilməyən insanlardır. Təbii ki, istedadlı gənc aktyorlar var. Amma çox istəyərdim ki, artıq professional seriallar, kinolar olsun. Mütləq deyil ki, 50 seriya olsun. 10 seriya olsun, amma keyfiyyətli iş olsun. Bu fikirlər özündən razılıqdan və yaxud da heç kimi bəyənməzlikdən irəli gəlmir. Amma bir şey var, eyni sifətləri hər dəfə görəndə istər-istəməz adam bezir. Hətta dostlarım var, hansı ki, bu gün bütün seriallarda çəkilirlər. Deyirəm qardaşım, bir az dincəl, dayan. Qoy millət acısın sənin üçün. Olmaz belə. Sonra özün-özündən bezəcəksən. Bu belədir. Keçmişdə də belə idi, indi də belədir, gələcəkdə də belə olacaq. Sovet dövründə hər gün efirdə olan insanlar var idi. Artıq küçədə onları görəndə hamı deyirdi “eh, yenə bu”. Bu peşə ilə məşğul olan insanlar üçün bundan faciəli bir şey yoxdur. Bu mənada bəyənmədiklərim var. Nəsir müəllimin yaxşı bir sözü var idi, deyirdi ki, ümid edək ki, daha yaxşı işlər olacaq. Hər halda dünyada elə bir siyasətçi tanımıram ki, kinonun görə biləcəyi işi, təbliğatı görə bilsin. Məsələn, Qarabağ savaşından elə bir film çəkilə bilər ki,bütün dünyanı lərzəyə gətirsin.

-Tez-tez eşidirik ki, Füzuli Hüseynov xaricdədir. Nə vaxtsa Vətəni tərk etmək haqqında necə, düşünmüsünüzmü?

- Keçib. Hətta bir müddətlik tərk etmişəm. Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Məncə, elə yaşamağa da Vətən yaxşı. Mənə elə gəlir ki, Vətənsiz yaşaya bilmərəm. Çünki bir müddət, 1994-96-cı illərdə Türkiyədə yaşadım. Orada yaşamaq üçün orada doğulmalısan. Gəncliyin orada keçməlidir. Uşaqlıqda qarpız, armud oğurluğuna getməyimiz, uşaqlarla məhlə-məhləyə dalaşmağımız, o xatirələr köçdüyüm ölkədə də olmalıdır ki, oralar mənə doğma olsun. Biz tamam ayrı quruluşda yaşayırdıq. Orada sənə diktə olunan şərtlər tamam ayrı idi. Xaricdə sən bir gün pul qazanmasan acından ölərsən. Bizim kimi çayxanalarda oturub saatlarla söhbət eləməyə imkan yoxdur. İnsan başqa bir insana marağı olmasa yanaşmır. Buna görə də alışa bilmədim. O ki qaldı xaricə gedib-gəlməyimə, gəzməyi çox sevirəm. Bu, insanın mənəvi cəhətdən içini doldurmağa kömək edir. Həm də dincəlirsən, yeni atmosferə düşürsən. Ona görə imkan olan kimi, gəzirəm.

- 56 yaşındasınız. Geriyə dönüb baxanda nəyin həsrətini çəkirsiniz? Hansı günləri geri qaytarmaq istəyirsiniz?

- Ötən günlərimi qaytaraydılar...(oxuyur). Bilirsiniz, geriyə baxmağı sevirəm. Heç vaxt elə bir iş tutmamışam ki, ona peşman olum. Fəxr edəcəyim bir şeyim var. Siz qadınlar buna başqa cür baxırsınız. Amma söhbət böyük mənada xəyanətdən gedir. Heç kəsə böyük mənada xəyanət etməmişəm. Kimsəni satmamışam, yarı yolda qoyub qaçmamışam. Amma çox ağır situasiyalar olub taleyimdə. Kimsəyə də əziyyət verməmişəm. O baxımdan geridə utanacaq, qorxacaq bir işim yoxdur. O ki qaldı hansı illəri qaytarma istəyimə. Hər halda bilirəm ki, o illəri geri qaytarmaq mümkün deyil. Amma özlüyümdə qayıdıram. Məsələn, nənəmin yaşadığı Süzgən kəndində həmişə dağlara çıxardıq, bulaqlara gedərdik, balıq tutardıq. İndi də ora gedəndə uşaqlığımı yadıma salıram, ayaqyalın dağlara çıxıram. Xatirləri yada salırıq. O qədər. Elə irəli də baxmıram. Bu günlə yaşayıram. Realist, materialistəm. Bu, qaradırsa qaradır,ona yalandan rəng verməyi, özümü aldatmağı sevmirəm. Onu reallıqla əvəz edirəm və həyatı olduğu kimi sevirəm. Bu gün yaşayıramsa çox şükür. Sabah yaşamayacağamsa ona da şükür. Amma nə iləsə də barışmaq xüsusiyyətim yoxdur. Müəyyən şeylər var ki, oturub fikirləşəndə qəbul edirsən ki, belə də olmalı idi, ayrı çıxış yolu yoxdur. Ancaq o halda barışıram.

- Ən çox sevdiyiniz tərəf-müqabiliniz kim olub ki, onunla dəfələrlə oynamaq istəmisiniz?

- Vallah ad çəkmək istəmirəm, sonra küsürlər. Mənim üçün Sənubər İsgəndərli ilə işləmək maraqlıdır. Məşq zamanı çox dalaşırıq, amma biri-birimizi çox gözəl anlayırıq, bilirik ki, bu, iş üçündür. Belə deyim, o aktyor və aktrisalarla işləmək maraqlıdır ki, o səni eşidir və sən ona qulaq asa bilirsən, biri-birinizi dərk edə bilirsiniz. Mən bir hərəkəti eləyirəmsə, o başa düşür ki, mən bunu niyə elədim və qarşıdakı ona cavab verir. Bax bu zaman siz tamaşaya maraqla baxacaqsınız. İşləmək istəmədiklərim də var. Adlarını çəkdirməyin, çünki sabah bütün sosial şəbəkələr yazacaqlar (gülür).

- Füzuli müəllimin sevgiyə münasibəti necədir?

- Ooo, sevgi yaralı yerdir. Sevgiyə münasibətim normaldır. Hər bir normal insanın olduğu kimi. Sevməyi sevirəm. Sevilməyi də sevirəm. Sevirəm, sevəcəm də. Bu qədər.

- Bu günə qədər sizinlə şəxsi tanışlığımız olmadığından müsahibələrinizdən tanımağa cəhd etmişik. Diqqətimi maraqlı bir məqam çəkdi. Bütün müsahibələrinizin sonunda müxbirlər soruşurlar ki, Füzuli müəllim, bu müsahibə necə, xoşunuza gəldi? Hamısında cavab verirsiniz ki, yox, bu dəfə də olmadı. Ehtiyat edə-edə soruşuruq, müsahibəmiz xoşunuza gəldi?

- Susur... Hə, bu dəfə həqiqətən də xoşuma gəldi. Bilmirəm niyə, amma bəyəndim.

Şəfiqə Dadaşova, “İki sahil”