19 oktyabr 2017 00:56
858

Azərbaycan Dillər Universitetində “Çin mətbəxi” mövzusunda ustad dərsi keçirilib

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin mətbəxi” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə məşhur Çin mətbəxinin yeməklərini hazırlayan çinli aşpazları məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini bölüşüblər. Çin mətbəxinin əsas prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyi vurğulanıb. Aşpazların sözlərinə görə, Çin ənənəsinə əsasən qida yalnız dadlı və faydalı deyil, hətta müalicəvi də olmalıdır. Qidanı qəbul prosesi isə hər zaman millətin mədəniyyəti ilə tanışlıq anı kimi qəbul edilməlidir.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəx ənənələri və fəlsəfəsi barədə danışıb. O, Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını və bu sənədin əsas məqsədinin hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu deyib.

Qeyd edək ki, ustad dərsində əsasən dəniz məhsulları, ət, ənənəvi desertlər, həmçinin şəkərli alma, imperatorsayağı cücə, siçuan istiotu ilə qızardılmış mal əti və Çin mətbəxinin digər nümunələri tədbir iştirakçılarına təqdim olunub.