16 noyabr 2017 21:49
833

Azərbaycanlı xanəndə fransız caz ifaçısı ilə birgə albom buraxıb

Tanınmış muğam ifaçısı Qoçaq Əsgərovun Fransanın tanınmış caz ifaçısı Pyer de Treqomenlə birgə “Muğham souls” adlı musiqi albomu işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a xanəndə özü məlumat verib.

“İtaliyada buraxılan albomun ərsəyə gəlməsi bizim üçün olduqca əlamətdardır. Albomda caz musiqisi ilə muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların Qərb melodiya çalarları ilə sintezi yer alıb. Albomun hazırlanmasının təşəbbüskarı və təşkilatçısı musiqişünas alim, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadı ”, - deyə Q.Əsgərov söyləyib.

Noyabrın 26-da Fransanın San-Jülyen-le-Povr kilsəsində Pyer de Treqomenin iştirakı ilə təqdim ediləcək konsertdə hər iki ifaçını kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcək.

Sözügedən konsertdən əvvəl albomun Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkəmizdə təqdimatı olacaq.

Qeyd edək ki, albomda yer alan ifalar Almaniya, İspaniya, Rusiya, Fransa və İtaliyanın dövlət radiolarında səsləndirilib.