15 dekabr 2017 22:35
841

Ölkəmiz İranda beynəlxalq festivalda təmsil olunub

Tehranda İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq Qərib” Beynəlxalq Aşıq Festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda ölkəmizi Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib.

Festivala ölkəmizlə yanaşı, İran, Türkiyə və Gürcüstandan olan saz ustadları da qatılıb.

Yüksək səviyyədə təşkil olunmuş festivalın bağlanış mərasimində çıxış edən İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi festivalın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Festivala dəvət almış aşıqların fərdi ifalarından sonra bütün iştirakçıların birgə ifası ilə festivala yekun vurulub.

Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.