31 may 2018 17:52
3006

Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ı – resenziya

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Film mədəniyyət əsəri olmaqla yanaşı, təbliğat vasitəsi kimi də xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də çəkilən filmlərdə milli maraqlarımız, milli mənəvi dəyərlərimiz tərənnüm və təlqin edilməlidir. Necə ki, illərdir Qərbin kino sənayesi bu vasitədən istifadə edir. Təəssüflə qeyd etməliyik ki, müstəqillik dövründə çəkilmiş bir çox kino ya ictimai əhəmiyyət kəsb edən ismarıcları olmur, yaxud da bayağılığı ilə diqqəti cəlb edir.

“Dolu” filmində oynadığı “Drakon” obrazı ilə ürəkləri fəth etmiş Rza Rzayev, “Bir azərbaycanlı filmi” adlandırdığı və rejissor kimi ilk işi olan “Geyilməmiş ayaqqabılar” vasitəsi ilə Azərbaycan kinosuna yeni çalar, yeni üslub gətirdi. O, 45 dəqiqəlik ekran əsərində azərbaycanlı xarakterini, dünyagörüşünü, Vətən sevgisini, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri tamaşaçıya yüksək səviyyədə böyük ustalıqla çatdırmağı bacarıb.

Demək olar ki, filmin xəmiri vətənpərvərliklə yoğrulub. Rejissor çəkilişlər üçün evini satıb, yaradıcı heyət  - bəstəkarı Vyaçeslav Şulin, yaradıcı prodüseri Yuri Filipov, məsləhətçi  Oktay Yalın, montajçılar - Andrey Çeçetkin və Hüseyn Zəmani başda olmaqla, quruluşçu operator Elman Əliyev, quruluşçu rəssam Məhərrəm Əliyev, prodüser Mahir Canas, eləcə də aktyorlar - Gülzar Qurbanova (ana), Bəhruz Vaqifoğlu (böyümüş Həsrət), Dəniz Həsənov (kiçik Həsrət) və digərləri könüllü olaraq qonorardan imtina ediblər.

Yanvarın 16-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdimatı keçirilmiş “Geyilməmiş ayaqqabılar” filmində rejissor Rza Rzayev dialoqlarla deyil, səssizliklə müstəqil Azərbaycanın Qarabağ boyda dərdini var qüvvəsi ilə hayqırır, regional dövlətlərin, beynəlxalq güc mərkəzinin münaqişəyə münasibətini əks etdirir.

Aprel şəhidlərinin əziz xatirəsi üçün 2016-cı ildən başlayaraq lentə alınmış film Bakı buxtasından panorama ilə başlayır, titrlərdə Bakı 2016 və “Bir azərbaycanlı filmi” yazısı əks olunur. Ardınca monitorda ayaqyalın “Şəhidlər xiyabanı”nı ziyarət edib başdaşılara həsrətlə baxan Həsrətin (Bəhruz Vaqifoğlu) ayaqyalın gəzməkdən cadar-cadar olmuş ayaqları görünür. Ayaqqabılarını boynundan asaraq şəhidləri ziyarət edən Həsrət gəlib uşaq məzarının yanında da dayanır. Hansı ki, məzarın yanında körpə şəhidin min bir arzu ilə alınmış, ancaq geyinilməmiş ayaqqabıları qoyulub.

Sinəsi dağlanan Həsrət Şəhidlər xiyabanından çıxdıqdan sonra səfirliklərin yolunu tutur. ABŞ, Fransa, Rusiya, İran səfirliklərinin divarında vurulmuş işarələr Qarabağa gedən yolu deyil, əks istiqaməti göstərir... Yolayrıcında isə “STOP” nişanı...

Rejissor bununla tamaşaçıya çatdırır ki, böyük dövlətlər, ATƏT və onun Minsk qrupu münaqişənin beynəlxalq hüquq müstəvisində həllini nəinki istəmir, əksinə, Qarabağa getməyimizə qarşı çıxırlar.

Budur, Bakıda məcburi köçkünlərin yerləşdirildiyi tələbə yataqxanası. Binanın divarının dibi - həyəti geyilməmiş ayaqqabılarla doludur... Həyətdə uşaqlar hərəsi bir şeylə oynayır. Qarabağa həsrət qalan 7-8 yaşlı Həsrətin (Dəniz Həsənov) “Qarabağ” topu ilə 5 böyük uşaq “təkqapı” futbol oynayır. SSRİ, İran, ABŞ və Fransa milli komandasının geyimində olan uşaqlar, Türkiyə milli komandasının geyimində olan qapıçını topa tuturlar. ABŞ və Fransa bir komandada yer alıb SSRİ-yə qarşı mübarizə aparır, İran bütün oyunçulara pas verir, Türkiyə topların qarşısında sipər olur.

Rza Rzayev çatdırmağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsində ABŞ, Fransa özlərinin milli maraqları, SSRİ-nin varisi Rusiya özünün milli maraqları üçün mübarizə aparır. İran isə Azərbaycanın məğlub olması üçün qeyd edilən tərəflərin hər biri ilə də əməkdaşlıq edir, onların maraqlarını təmin edir.

“Qızıl aypara” Cəmiyyətindən oğlu üçün ayaqqabı alan ana (Gülzar Qurbanova) daxili sarsıntının, utancın, xəcalətin yorğunluğu ilə yataqxanaya doğru ağır addımlarla gəlir. Yataqxananın üçüncü mərtəbəsində onlar üçün ayrılmış xarabaya bənzər otağına keçib, pəncərədən oğlu Həsrəti çağırır:

- Həsrət, Həsrət evə gəl.

“Qarabağ” adlı topu böyük uşaqların ayaqları altında əyləncəyə çevrilmiş Həsrət anasının bu çağırışından əsəbiləşib, söykəndiyi divarın dibindən qalxıb ayağını yerə çırpır... Bu an kadrlarda topa sahib olmaq istəyən ABŞ və SSRİ milli komandalarının geyimində olan uşaqlar eyni anda ayağını topun üzərinə qoyub, topa sahib olmaq üçün mübarizə aparırlar. Nəhayət heç biri topu ala bilmir, topu ordaca qoyub gedirlər. Türkiyə milli komandasının geyimində olan uşaq topu götürərək Həsrətə verir. Həsrət isə bütün acığını, hikkəsini jestləri ilə bu uşağın üzərinə tökərək topunu götürüb anasının yanına keçir. Bayaqdan futbol oynayan uşaqlardan ABŞ və Fransa milli komandalarının geyimində olan uşaqlar qol-boyun olub bir, SSRİ və İran milli komandalarının geyimində olanlar qol-boyun olub bir otururlar. Üzündə niskil, kədər, acizlik və çarəsizlik olan Türkiyə milli komandasının geyimində olan uşaq isə bunların arasında, üzü əks tərəfə əyləşib. Epizodda verilən subdominal ismarıc ondan ibarətdir ki, Türkiyə Azərbaycanın maraqlarını qorumağa çalışsa da, regional və böyük dövlətlərin arasında qalıb, çarəsizlikdən ürəyi qan ağlayır.

Evə daxil olan Həsrət ayaqqabıları qarşısına qoyaraq əlləri qoynunda divardakı qara çərçivəli portretlərə baxan anasına hikkə ilə deyir:

- Ana, Sənə deməmişəm bura evimiz demə?! Bura niyə bizim evimizdir?!

Ana övladının sözləri qarşısında çarəsiz qalıb boynunu bükərək dillənir:

- Bağışla, oğlum, dilim öyrəşib, bir də demərəm.

Həsrət diqqətlə anasının gözlərinə baxır. Anasının gözlərinin dolduğunu görüb sakitləşir, anasının əllərini qoynundan aşağı salır.

Sonra həyətdə ayaqqabısız gəzən Həsrət üçün “Qızılay”dan dilənçi kimi aldığı ayaqqabını göstərib, “Geyinməyəcəksən, oğlum?”, deyir. Həsrət yenə də böyük kişi ədası ilə, “Yox, kəndimizə qayıdanda geyinərəm”. Bu sözləri deyən Həsrət başını evin küncündə sərilmiş kilimin üzərində oturmuş anasının dizlərinə qoyur.

- Ana, nə oldu bəs bir həftə də keçdi, nə vaxt qayıdacağıq kəndimizə?

Oğlunun başını sığallayan ana böyük ümidlə bildirir:

- Bu gün işdə dedilər ki, BMT axşam qərar çıxarıb, düşmən torpaqlarımızı boşaldacaq. Gördün? Sənə deyirdim inanmırdın.

- Eee, bəsdi də ana, kənddə də deyirdin ki Allah bu zülmü yerdə qoymaz, bizə də kömək olacaq. BMT Allahdan böyükdür niyə?

Kövrək əlləri ilə övladının üzünə bir sillə vuran ana dillənir: “Bu sözləri hardan çıxardırsan, Həsrət? Yəni demək istəyirəm ki, nə Allah, nə də dünya bu haqsızlığa dözməz. Tezliklə qayıdarıq, bir az da döz, balam, Allah böyükdür”.

Anasının sözlərinə inanan Həsrət gözlərini atasının divardan qara çərçivədə asılmış şəklinə zilləyərək deyir:

- Yaxşı, ana, kəndimizə qayıdanda atamgili də apararıq.

Oğlunun bu sözlərindən sonra ümidləri tumurcuqlanmış ting quruyan kimi, məzlum ana da “qurumuş” halda gözlərini otağın küncünə zilləyir... iliyə işləyən musiqinin fonunda verilən görüntülər müqəddəs Məryəm ananı və çarmıxa çəkilmiş Hz. İsanı xatırladır. Sanki, rejissor bununla çatdırmaq istəyir ki, müqəddəs Məryəm ana ilə Hz. İsa taleyi necə idisə, bunların da aqibəti odur...

İllər ötüb, BMT-nin qərarları da kağız üzərində qalır. Həsrət isə böyüsə də bir azərbaycanlı kimi verdiyi sözə sadiq qalaraq ayaqqabı geyinmir, ayaqyalın Şəhidlər xiyabanını ziyarət edir, səfirliklərin qapısını döyür. Hər bir səfirlik də Qarabağın yolunu deyil, geri çəkilməyin yolunu göstərir...

Arxalarındakı güclərə arxalanan Ermənistan silahlıları yeni işğalçılıq arzusuna düşərək “Aprel müharibəsi”ni başladır. Qaranlıq otaq, divarlarda şəhidlərin portretləri, yerdə isə cərgə ilə düzülmüş və Həsrətin həsrətinə son qoyulacağı gün geyinməyi üçün alınmış geyilməmiş ayaqqabılar...  Divarda bəy kostyumu, yerdə bəy ayaqqabısı... Həsrət hərbi geyimini geyinərək məcburi köçkünlük dövründə ilk dəfə geyindiyi ayaqqabının - hərbiçi çəkməsinin qatmalarını bağlayır... Silah səslərinin müşayiəti ilə ekran qırmızıya boyanır, müharibə dayandırılır.

Ekranda yenidən qurulmuş, abadlaşdırılmış şəhər görünür. Titrdə “Xankəndi” yazısı şəhərin işğaldan azad edilmiş və abadlaşdırılmış, müasirləşdirilmiş Xankəndi şəhəri olduğunu bildirir. Bəlkə də müstəqillik dövründə müharibədən çəkilmiş ilk filmdir ki, nəticədə qələbənin bizim tərəfimizdə olduğunu göstərilir. Rejissor bununla tamaşaçıya təlqin edir ki, Dağlıq Qarabağın azadlığı üçün yeganə yol müharibədir. Müharibə başlayacağı təqdirdə işğal olunmuş torpaqlarımızın hamısını geri qaytarmaq üçün güclü ordumuz və bu ordunu güclü edən ürəkli, cəsarətli, ləyaqətli, vətənpərvər igid övladları var.

Ana əlil arabasında oturan və boynunda geyinə bilmədiyi ayaqqabıları asılmış oğlunu Xankəndinin küçələrində yolun kənarı ilə, tükənmiş, məhv olmuş, eyni zamanda fərəh hissi ilə aparır. Onlar bir xeyli yol getdikdən sonra, Həsrət küçəsinə gəlirlər. Bu küçə ilə üzü yoxuşa doğru bir xeyli yol qət etdikdən sonra gəlib çıxırlar Xankəndinin Mədəniyyət İdarəsinin nəzdində açılmış və Həsrətin adını daşıyan “Geyilməmiş ayaqqabılar Müzeyi”nə. Ana Həsrətin boynundan geyilməmiş ayaqqabılarını çıxararaq müzeyin qapısından asır və...

Təqdimatı zamanı tamaşaçını ağladan bu film Azərbaycan həqiqətlərini, Qarabağ müharibəsinin dəhşətlərini dünyaya çatdırmaq üçün çox dəyərli vasitədir. Düşünürəm ki, yerli televiziya kanallarımızın bu filmə tez-tez müraciət etməsi, kinonun titrlər vasitəsilə digər dillərə tərcümə olunaraq beynəlxalq miqyasda təqdim olunması təbliğat vasitəsi kimi müsbət nəticələr verə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.