14 iyun 2018 14:02
708

Milli Qurtuluş - 25

1993-cü ildə xalqın ümid bəslədiyi, inandığı ulu öndər Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı dövrdə  xalqımızın böyük oğlu  Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilər. Bunun üçün Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Zamanı, bütöv dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətdir. Tarix əbədililiyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Heydər Əliyev uzaqgörən ideyaları, real fikirləri, prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi. O, ağlı, biliyi və təcrübəsi ilə hər şeyə qalib gəlib.

Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü onda idi ki, hakimiyyətin Ona qarşı həyata keçirdiyi təxribatlar, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. O, xalqı parçalanmaqdan, qardaş qırğınından qurtardı. Vaxtilə ulu öndər Heydər Əliyevi təqib edən, Naxçıvanda onu devirmək, onu Azərbaycandan sıxışdırıb çıxartmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qalaraq Heydər Əliyevə müraciət etdi. Ancaq ondan əvvəl Ümummilli Liderə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar xalqın igid oğlunu Bakıya dəvət etdilər. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Bu gün Ümummilli Liderimiz aramızda olmasa da onun bizlərə qoyduğu miras möhkəm təməllərə əsaslanmışdır. Biz gənclər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gələcəyə addımlayırıq. Bu gün ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.