14 iyun 2018 14:13
817

“Qurtuluşdan Tərəqqiyə - 25 il”

Xacmazda YAP Gənclər Birliyinin təşkilatçılığı və partiyanın rayon təşkilatları Gənclər birliklərinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bu mövzuda zona müşavirəsi keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin zona üzrə kuratoru Araz Xudadanov və YAP-ın Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayon təşkilatlarının Gənclər birliklərinin nümayəndələri iştirak ediblər.

 Əvvəlcə iştirakçılar Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xacmaz rayon təşkilatının sədri Nazim Ağayev 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb. Azərbaycanın XX əsrin axırlarında düşdüyü çətin dövrü ilə Ulu Öndərin hakimiyyətə gəlişindən sonrakı dövrü müqayisəli şəkildə təhlil edən natiq qurtuluşdan keçən 25 il ərzində ölkəmizin inkişafından, tərəqqisindən, beynəlxalq nüfuzundan və digər sahələrdə əldə etdiyi uğurlardan da söhbət açıb. Bildirib ki, son 15 ildə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, insanların rifah halı ilbəil yaxşılaşır.

Daha sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək gəncləri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, əsl müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev olub: “İctimai-siyasi sabitliyin təmin edilməsi və qorunmasının, iqtisadi tərəqqinin və milli inkişafın təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.”

YAP Gənclər Birliyinin sədri ötən 25 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyib, hazırda gənclərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Tərbirdə 700 bal toplayan Xaçmaz şəhər 8 saylı məktəbin şagirdi Jalə Rəcəbova, YAP Xaçmaz rayon təşkilatının Gənclər Birliyinin üzvü Vəfa Məmmədova, YAP Quba rayon təşkilatının Gənclər Birliyinin sədri Habil Bayramlı, YAP Qusar rayon təşkilatının Gənclər Birliyinin üzvü Nəzrin Aslan, YAP Şabran rayon təşkilatının Gənclər Birliyinin üzvü Mərdan Qasımov, YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin üzvü  Bəxtiyar Seyidov, YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri İman Ağayev çıxış edərək son 25 ildə gənclərin qazandıqları uğurlardan danışıblar.

Tədbirdə çıxış edən digər natiqlər də Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini qeyd ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan gəncliyi müstəqil dövlətimizin inkişafı naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır.

Orxan Vahidoğlu, “İki sahil”