23 iyun 2017 00:08
1348

Formula-1 Qran-Prisini təşkil etmək hər bir ölkə üçün böyük uğurdur

Məlum olduğu kimi, Azərbaycan dünyada beynəlxalq idman yarışlarının keçirildiyi uğurlu məkan kimi tanınır. 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və s. kimi beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə yüksək səviyyədə təşkili bunu bir daha təsdiq edir. İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Qran-Prisi də dünyada ən çox sevilən idman yarışlarından biridir. Paytaxt Bakı Formula-1 dünya çempionatının səkkizinci mərhələsi olan Azərbaycan Qran-Prisinə yüksək səviyyədə hazırlaşıb. Bu böyük idman bayramı dünya mediasının da diqqət mərkəzindədir. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisi haqqında bir sıra reportajlar, məqalələr yayımlanmaqdadır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Formula-1 Qran-Prisinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini qəzetimizə şərh edərkən söylədi ki, bu yarış bütün dünyada populyar olan əyləncəli idman oyunudur: “Bu idman yarışını təşkil etmək hər bir ölkə üçün böyük uğurdur. Cəmi 22 ölkədə keçirilir. Bu yarışın hər hansı bir ölkədə keçirilməsi hərtərəfli yoxlanışdan və həmin ölkənin yarışın tələblərinə cavab verməsi müəyyən edildikdən sonra mümkün olur. Azərbaycanın ötən il bu siyahıya düşməsi ölkəmizin həm dövlətçiliyində, həm də inkişafında qazandığı nailiyyətlərin nəticəsidir. Qeyd edim ki, Fransa 10 ilə yaxın idi ki, bu yarışları keçirmirdi. Bu il isə müraciət edərək yenidən bu yarışları Parisdə təşkil etmək istəyini ortaya qoyub. Ölkəmizdə artıq ikinci ildir ki, keçirilir. Ötən il Azərbaycan yüksək təşkilatçılıq qabiliyyəti və maraqlı bir yarış ortaya qoydu. 500 milyona qədər insan bu yarışları televiziyalar vasitəsilə izlədi. Eyni zamanda internetdə də milyonlarla insan bu yarışın videogörüntülərinə baxır”.

A.Mirzəzadənin sözlərinə görə, Formula-1 Qran-Prisi bir tərəfdən əyləncəli tədbirdir, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayır: “Yarışlar ərəfəsində internet resurslarında Formula-1 Qran-Prisi keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin hesab edirəm ki, bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, Dağlıq Qarabağ problemini daha dərindən başa düşməsinə imkan yaradır, həmçinin ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir. Təşkilatçılar da Azərbaycanın yarışların təşkilinə diqqətindən çox razılıq edirlər. Ötənilki təcrübə nəzərə alınaraq bu il yarışa hazırlıq işləri daha qısa zamanda və yüksək səviyyədə ortaya qoyuldu. Hesab edirəm ki, bu gün başlanan yarışlar bütün dünya tərəfindən böyük maraqla izlənəcəkdir”.   

Cavid Əkbərov, “İki sahil”