20 avqust 2018 20:49
808

Berlinin Qlinik körpüsü

Berlinin Vanze rayonunu və Potsdam şəhərini birləşdirən Qlinik körpüsünü “casus körpüsü” adlandırırlar. Soyuq müharibə dövründə onun ortasından Qərbi Berlini və Almaniya Demokratik Respublikasını (ADR) ayıran sərhəd keçirdi. Sovetin və Qərbin xüsusi xidmət orqanları həbs edilmiş casusları məhz burada dəyişdirirdi.

AZƏRTAC xəbər verir ki, 1962-ci ildə Qlinik körpüsündə Sovet İttifaqı iki il əvvəl Sverdlovsk üzərində yerə saldığı U-2 kəşfiyyat təyyarəsinin pilotu, SSRİ-də 10 il həbs cəzasına məhkum edilmiş ABŞ təyyarəçisi Frensis Qeri Pauersi ABŞ-da ifşa edilmiş sovet kəşfiyyatçısı Rudolf Abelə dəyişdirib. Sovet kəşfiyyatçısının əsl adı Vilyam Henrixoviç Fişerdir.

1985-ci ildə Qlinik körpüsündə sosialist ölkələrində həbs edilmiş 23 kəşfiyyatçı və dissident Qərbin əks-kəşfiyyatı tərəfindən ifşa edilmiş 4 DTK agentinə dəyişdirilib. 1986-cı il fevralın 11-də həyata keçirilən sonuncu dəyişdirmə xüsusilə məşhur olub. Belə ki, bütün dünyada keçirilən nümayişlərdən, Qərbin görkəmli siyasətçilərinin etiraz, tələb, petisiya və vəsatətlərindən sonra Kreml rəhbərliyi 13 illik həbs cəzasına məhkum edilmiş dissident Natan Şaranskini Qərbə göndərməyi qərara aldı. O və digər iki Çex casusu AFR-də həbs edilmiş bir sovet, bir Polşa və bir ADR casusuna dəyişdirildi.

Bu gün Qlinik körpüsü avtomobillərin, çoxlu sayda velosipedlərin və piyadaların keçdiyi adi körpüdür. Körpünü yalnız onun qaranlıq keçmişini xatırladan soyuq müharibə haqqında film çəkiləndə bağlayırlar. Məsələn, 2015-ci ildə orada Stiven Stilberqin “Casus körpüsü” çəkilib.