20 avqust 2018 22:54
733

Diplomatik əlaqələrin ermənivari “metodu”: tost səviyyəsində beynəlxalq münasibətlər

 “Məxməri inqilab” eyforiyasından hələ də ayılmayan Ermənistanın yeni hökuməti 17 avqust mitinqində hansısa konkret bir plana və müəyyənləşdirilmiş siyasi xəttə malik olmadığını bir daha sərgilədi. Erməni xalqının artıq dilə gəlib “Cənab Paşinyan, şou göstərdiyiniz bəsdir, bizə çörək verin!” tələblərini reallaşdıracaq heç bir potensiala sahib olmayan Paşinyan hökuməti daxili və xarici siyasəti iflasa uğramış Ermənistanı bu durumdan qurtarmaq üçün heç bir konkret addım atmağa qadir deyil. Bunu Ermənistan rəsmiləri artıq çoxdan özləri etiraf etməyə başlayıblar.

“Hesab edirəm ki, Paşinyan bizdən daha çox narahatdır, çünki bir - birinin ardınca səhvlərini təkrarlamaqdadır”- Bu fikirləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov  baş nazir Nikol Paşinyanın hakimiyyətinin 100 günü münasibətilə təşkil etdiyi 17 avqust mitinqinə münasibət bildirərkən qeyd edib.

E. Şarmazanov daxili və xarici siyasəti fiaskoya uğramış  Ermənistanın yeni hökumətinin də ortaya ciddi bir iş qoya bilmədiyini diqqətə çatdırıb: “Paşinyan istədiyi hər şeyi bəyan edə bilər, görüşlər və telefon danışıqları barədə danışa bilər, amma əsas olan  bu deyil. Əsas olan nəticədir, nəticə isə bundan ibarətdir ki, Rusiyanın Xarici İşlər Nazirliyi və Lavrov Ermənistanın yeni hökumətinin siyasətini sərt qiymətləndirdi. Gələcək Ermənistan-Rusiya münasibətlərindən çox narahatıq. Narahatlıq üçün  səbəblər var.  Düşünürəm ki, Paşinyan bizdən də narahatdır, çünki səhvi səhv ardınca təkrarlayır. Yeni hakimiyyət Rusiya ilə münasibətləri “tost” səviyyəsində qurur, ancaq tost deməklə beynəlxalq əlaqələri genişləndirmək olmaz. Necə deyərlər, siyasətdə əsas məsələ boş laqqırtı deyil, effektivlikdir”.

Xatırladaq ki, E. Şarmazanov bir neçə gün öncə də ölkəsinin yeni diplomatik cəhdlərini kəskin tənqid etməsi ilə gündəmə gəlmişdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasına münasibət bildirən E. Şarmazanov qeyd etmişdi ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın qonşu ölkələrlə münasibətləri getdikcə möhkəmlənməkdədir: “Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın NATO-nun təlimlərində hansı səbəbdən iştirak etməsini heç cür əsaslandıra bilməz. Yeni Baş nazir bunu belə izah edir ki, Serj Sarkisyanın hakimiyyəti illərində də Ermənistan bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır. Bütün bunların fonunda rəqibimiz Azərbaycan Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstan, həmçinin çox mühüm qonşumuz İran ilə sənədlər imzalayır”.

Görünən budur ki, dövlət səviyyəsində həyata keçirilən  işğalçılıq siyasəti nəticəsində regional layihələrdən və dolayısı ilə də sosial rifahdan və effektiv beynəlxalq əlaqələrdən məhrum olan Ermənistan nəhayət ki, öz təcavüzkarlıq siyasətinin “bəhrələrini” yeməyə başlayıb... Ölkə üçün ən acınacaqlısı isə odur ki, işğalçı hərbi xunta rejiminin cani təmsilçiləri bir yolla özlərini ədalət mühakiməsindən, külli miqdarda varidatlarını isə dövlət büdcəsindən xaricə yayındıra biliblər, işğalın “bəhrə”si isə səfil günə saldıqları erməni xalqının payına düşüb...

Sevinc Abdullayeva, “İki sahil”