25 sentyabr 2018 21:18
1977

ABŞ-ın Tayvana silah satması beynəlxalq hüquqa ziddir

ABŞ Tayvana silah satmaqla beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas prinsiplərini ciddi şəkildə pozur.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ənənəvi mətbuat konfransında bəyan edib. O, Birləşmiş Ştatların Tayvana silah satmasının həm də Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannamənin maddələrinin pozulması faktı olduğunu da bildirib. Bu, Çin Xalq Respublikasının suverenliyinə və təhlükəsizlik maraqlarına qarşı yönəlib.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın Tayvana 330 milyon dollar dəyərində silah satması ilə bağlı məlumatlar meydana çıxıb.

İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintana qalib gələrək ölkədə hakimiyyətə gəlib və Çin Xalq Respublikasını elan ediblər. ÇXR “Vahid Çin” prinsipinə əsasən, Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etməyərək, adanın ÇXR-in tərkib hissəsi olduğunu bildirib.

Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.