25 sentyabr 2018 22:11
2009

İsveçdə Baş nazir vəzifəsi boş qalıb

Yeni çağırış İsveç parlamenti (riksdaq) krallığın hazırkı Baş naziri Stefan Löfvenin namizədliyini dəstəkləməkdən imtina edib. AZƏRTAC xəbər verir ki, seçkilərdən sonra parlamentin ilk iclasında deputatların əksəriyyəti onun İsveç hökumətinin rəhbəri vəzifəsinə namizədliyi əleyhinə səs verib.

Riksdaqa seçkilər bu il sentyabrın 9-da keçirilib. Seçkilərdə İsveçin Sosial Demokratlar Partiyası ilə yanaşı, Yaşıllar Partiyasının, Solçu Partiyasının da daxil olduğu blok (40,7 faiz səslə) cüzi fərqlə rəqibi Sağ Mərkəzçi Alyansı (40,2 faiz) üstələyib. Beləliklə, iki bloku yalnız bir mandat ayırır – birinin 144, digərinin 143 yeri var.

Səsvermənin ilkin nəticələri açıqlanandan sonra İsveç Sosial Demokratlar Partiyasının lideri Stefan Löfven bildirib ki, öz vəzifəsini tərk etmək niyyətində deyil. Bununla əlaqədar yeni çağırış riksdaqın ilk iclasında deputatların qarşısında hökumət kabinetinin hazırkı rəhbərinə etimad rəyi məsələsi dayanıb. Səsvermədə 349 nəfərdən 204-ü Stefan Löfvenin yeni müddət üçün namizədliyi əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin sentyabrın 24-də seçilmiş yeni spikeri Andreas Norlen Baş nazir vəzifəsinə yeni namizəd təyin etməlidir. Onun qarşısında partiya liderləri ilə danışıqlar aparmaq və əksəriyyətin dəstəkləyəcəyi siyasətçini seçmək vəzifəsi dayanır. Əgər o, buna nail ola bilməsə, İsveç parlamentinə yeni seçkilər keçirilməlidir.