14 dekabr 2018 23:37
1896

Paşinyanın “Qarabağ klanı”na qarşı planı nədir?

Baş nazir kimi fəaliyyətə başladığı ilk günlərdən “Qarabağ klanı”nı özünün rəqibi hesab edən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məqsədinə doğru addım-addım irəliləyir. Ona bu istiqamətdə əlavə stimul verən 9 dekabr parlament seçkilərinin nəticələri “Mənim addımım” bloku üçün uğurlu oldu. Paşinyanın siyasi qüvvəsi olan və parlamentdə 70 faizdən artıq səs toplayan “Mənim addımım”” bloku seçkilərdə böyük üstünlük əldə etdi və 88 deputat yeri qazandı. Bu blok və keçmiş küçə mitinqlərində Nikola yaxınlığı ilə seçilən partiyalar hesabına formalaşan parlamentdə Ermənistanın keçmiş prezidenti S. Sarkisyanın Respublika partiyasının kənarda qalması həm də, “Qarabağ klanı”na qapının arxasını göstərməkdir. İllərdən bəri Ermənistana başçılıq edən, korrupsioner iqtidarda təmsil olunan və “Qarabağ klanı”nın nümayəndələri kimi yerli ermənilərlə daim rəqabət aparan sabiq prezident Robert Koçaryanın həbs edilməsi klana qarşı cəza tətbiqinin ilki olsa da, sonuncu da deyildir. Köçəryanın xələfi S. Sarkisyana da hədə -qorxu gələn, onu təhdid edən Paşinyanın növbəti məhbus namizədinin sələfi Serjin olacağı da gözləniləndir. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək seçkilərdə qondarma qurumun hazırkı oyuncaq “prezidenti” Bako Saakyanın da çıxdaş edilməsi ilə bağlı proqnozların gerçəkləşəcəyi şəksizdir. Paşinyanın soyuq münasibətlərindən aydın olur ki, tələnin növbəti qurbanı da elə qondarma rejimin hazırkı oyuncaq rəhbəridir. Separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakyan artıq postunu Karen Abramyana təhvil verib. Separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla və Bako Saakyanın müşaviri Arşavir Qaramyanla da yaxınlarda “vida mərasimi” keçiriləcək. Bako Saakyanın yerinə isə namizəd “Paşinyana qarşı özünü səmimi aparan” “DQR”in qondarma “keçmiş baş naziri” Araik Arutyunyandır. Ermənistanda baş verən hadisələrdən aydın olur ki, erməni məkrini bütün incəliklərinə qədər mənimsəyən, küçə yürüşlərində erməniləri pafoslu vədləri ilə tora salmaqla baş nazir postuna yiyələnən Paşinyanın hiyləgər gedişləri “Qarabağ klanı” ilə yekunlaşmır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında yeni baş katibin təyin edilməsi ilə bağlı sammitin keçirilməsini əngəlləyən Paşinyan parlament seçkilərini bəhanə gətirərək, məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Rutinə xahiş etmişdir. Sonradan bu “təşəbbüsünü” belə danan Paşinyanın niyyəti əslində başqadır. Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qeyri-səmimi davranan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə də münasibətlərini kəskinləşdirən Paşinyanın məqsədi KTMT-nin üzvlərini “bezdirmək”, guya müttəfiq kimi etimadı “doğrultmamaq” təsəvvürü yaratmaq, beləliklə də təşkilatdan qovulması üçün zəmin hazırlamaqdır. Sammitin təxirə salınması ilə bağlı V. Putinə etdiyi xahişi sonradan “unudan” Paşinyanın saxtakarlığının Rusiya rəsmiləri tərəfindən açıqlanması belə Nikolun həyasız üzünü qızartmadı. Çünki Paşinyanın istəyi Ermənistanı NATO və Qərbə doğru yönəltməkdir. Sadəcə olaraq KTMT-dan çıxmaq təşəbbüsünün onun tərəfindən reallaşmasını istəmədiyi üçün məqsədli şəkildə, bilərəkdən təşkilatdan uzaqlaşmaq niyyətindədir. Buna görə də təmsil olunduğu təşkilatda da problem yaratmağa və “özünü etimadı doğrultmayan üzv” kimi tanıtmağa çalışır. Sonradan guya təkləndiyini bəhanə gətirərək özünə haqq qazandıracaq Paşinyan istəyir ki, NATO və Qərb yolunu seçdiyi üçün özünə bəraət qazandırsın.

Xatırladaq ki, bu yaxınlarda Sankt-Peterburqda keçirilən MDB başçılarının qeyri-rəsmi görüşündə həmkarlarının kölgəsində itib-batan Paşinyana bu hadisə də ağır zərbə vurmuşdur. Paşinyanın “ seçimləri” arasında Türkiyəyə yaxınlaşma istəyinin də də prioritet olduğu diqqəti cəlb edir. Amma yarımçıq siyasəti ilə ölkədə Krılovun təmsillərindəki mənzərəyə bənzər vəziyyəti formalaşdıran Paşinyan ətrafında yaratdığı “qütbləşmə burulğanına” özünün düşəcəyini də bilməlidir. Seçkilərdən sonra ali icra hakimiyyəti əlində olan, qanunverici orqanda çoxluq səlahiyyəti qazanan Paşinyana “burada mənəm Bağdadda kor xəlifə” “ siyasəti” yaxşı proqnoz vəd etmir. Artıq Rusiyanın Ermənistana satdığı qazın qiymətində artım olacağı barədə məlumatlar səslənir. İşğalçı dövlətdə yeni “ məxməri inqilab”ın dalğası yetişməkdədir. Parlament seçkilərində “qutuda” qalan partiyaların tərəfdarları hakimiyyətə qarşı separat danışıqlar aparırlar. Erməni lobbisinin də yeni hakimiyyətə münasibəti soyuqdur. Belə ki, Paşinyan gözlədiyi xoş günləri yalnız yuxusunda görəcək.

Xuraman İsmayılqızı, “İki sahil”