19 aprel 2018 17:13
1070

Yerevanın mərkəzində müxalifətçilərin həbsi davam edir

Müxalifətin etiraz aksiyasının keçirildiyi Yerevanın mərkəzinə əlavə polis qüvvələri cəmlənir. Nümayiş iştirakçılarının həbsi davam edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları üçüncü hökumət binasının qarşısını bağlamağa çalışır. Polis rəisinin müavini general Samvel Ovannisyanın hadisə yerinə gəldiyi bildirilir. O, jurnalistləri polisin işinə maneə olmamağa və kütləyə qarışmamağa çağırıb.

İndiyə qədər 17 aksiya iştirakçısı polis bölmələrinə aparılıb. Qanun keşikçiləri hökumət binasının girişini müxalifətçilərdən təmizləyib, nazirlik və digər qurumların əməkdaşları yalnız bundan sonra iş yerlərinə keçə biliblər.

Etiraz aksiyasının rəhbəri – Ermənistan parlamentinin deputatı Nikol Paşinyan bir qrup tərəfdarı ilə polis tərəfindən mühafizə alınan hökumət binasının yaxınlığına gəlib. O, mitinq iştirakçılarına işə çıxmamağa və aksiyanı davam etdirməyə çağırıb.

Qeyd edək ki, aprelin 19-da baş nazir Serj Sarkisyanın sədrliyi ilə ölkənin yeni hökumətinin ilk iclası keçiriləcək. Ötən gün müxalifət nazirləri iclasa buraxmamaq üçün hökumət binasının giriş-çıxışını bağlamaq niyyətində olduğunu bildirmişdi.