19 yanvar 2018 22:21
1180

Səudiyyə Ərəbistanı Yəmənə növbəti dəfə yardım edib

İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud Yəmən Milli Bankının hesabına iki milyard dollar məbləğində depozit yatırılmasına sərəncam verib.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Krallığın Yəmən xalqına göstərdiyi bu növbəti yardım ilə onun Yəmən Milli Bankına yatırdığı depozitin ümumi məbləği üç milyard dollara çatıb. Məqsəd Yəmənin maliyyə və iqtisadi vəziyyətini və xüsusilə Yəmən riyalının məzənnəsini gücləndirməkdir. Bu tədbirlər Yəmən vətəndaşlarının rifahına müsbət təsir göstərəcək.

Səfirliyin məlumatında bildirilir ki, Səudiyyə Ərəbistanı Yəmən hökumətinə dəstək və yardımlarını davam etdirəcək. Bununla da hökumət Yəmənin sabitliyinin bərpa edilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən gələcək.