21 may 2018 22:20
944

Çin ailəsində uşaq sayı məhdudiyyəti ləğv oluna bilər

Çin hökuməti ailə başına düşən uşaq sayı məhdudiyyətini ləğv edə bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, müvafiq qərar cari ilin sonuna qədər qəbul oluna bilər. Çin bu yolla ölkə əhalisinin sürətlə qocalması problemi ilə mübarizə aparmağı, həmçinin beynəlxalq tənqidlərə son qoymağı düşünür.

Qeyd edək ki, Çində “bir ailə - bir uşaq” məhdudiyyəti siyasəti ölkənin demoqrafik partlayış ərəfəsində olduğu vaxt - 1979-cu ildə qəbul edilib.

2015-ci ilin oktyabr ayında Çin Kommunist Partiyasının 5-ci plenumunda ailənin birdən çox uşaq saxlamasına qoyulan qadağa aradan qaldırılıb. Bütün çinli ailələrə iki uşaq saxlamağa icazə verən qanun isə 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.