22 iyun 2017 21:47
276

Əfqanıstanda parlament seçkilərinin vaxtı müəyyənləşib

Əfqanıstanda seçkilər üzrə müstəqil komissiya ölkədə parlament seçkilərinin 2018-ci il iyulun 7-də keçiriləcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının məlumatına görə, həmin gün yerli şuralara da seçkilərin keçirilməsi planlaşdırılır. Komissiyanın rəhbəri Nəcibulla Əhmədzay əhalini əməkdaşlığa çağıraraq qeyd edib ki, Əfqanıstan hökuməti parlament seçkilərinin uğurla keçməsi üçün diqqəti hərbi əməliyyatlar və münaqişələrlə bağlı problemlər üzərində cəmləşdirməlidir.

Əfqanıstan parlamentinin beşillik səlahiyyət müddəti 2015-ci il iyunun 22-də başa çatmalı idi. Lakin təhlükəsizlik mülahizələri və ölkədə qeyri-sabit vəziyyətdə səslərin sayılmasının düzgün aparılmasına inamsızlıq səbəbindən seçkilər başqa vaxta keçirilmişdi. Ölkə prezidenti Əşrəf Qəni parlamentin mandatının ölkədə seçkilərin keçirilməsinə imkan yaranan vaxtadək uzadılması barədə sərəncam vermişdi.