17 noyabr 2017 21:38
535

İraq ordusu İŞİD-in nəzarətindəki son bölgə olan Ravanı geri alıb

Bu gün səhər İŞİD terror qruplaşmasının İraqda nəzarətdə saxladığı son bölgə olan Ravaya üç istiqamətdən həlledici hücuma keçən hökumət qüvvələri şəhəri terrorçulardan tam azad edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hökumət qoşunlarının və yerli tayfalardan olan döyüşçülərin apardığı əməliyyat artilleriya atəşləri ilə müşayiət olunub. Koalisiya təyyarələri şəhəri bombalayıb.

Rava şəhəri Suriya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən kiçik yaşayış məntəqəsidir. Şəhər üzərinə hücumlar bir neçə gün əvvəl başlamışdı. O vaxt hərbçilər bildirirdilər ki, terrorçuların çoxu Suriyaya qaçdığı üçün Ravanı azad etmək çətin olmayacaq və çox vaxt aparmayacaq.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hesablamasına görə, terrorçular Suriya və İraqda ələ keçirdikləri ərazilərin 95 faizini itiriblər. İŞİD “xilafəti”nin mövcudluğuna ilin axırınadək son qoyulacaq.

Ekspertlər isə hesab edirlər ki, Rava uğrunda döyüşlərdən sonra qruplaşma ilə mübarizə başqa format alacaq və hələ uzun müddət davam edəcək. Bu, səhralıq ərazilərdə savaşdan və dağlıq rayonlarda partizan müharibəsindən ibarət olacaq. Həmin ərazilərə gəlincə, onlar çox genişdir və relyef cəhətdən mürəkkəbdir.