12 may 2017 18:13
222

Siyəzənli abituriyent 685 bal toplasa da, yenidən imtahan vermək istəyir

Siyəzənli abituriyent Çinarə Kərimova qəbul imtahanlarında 685 bal toplayaraq şimal bölgəsi üzrə ən yüksək göstəriciyə nail olub.

AZƏRTAC xəbər verir ki, imtahanlarda cəmi üç sualı düzgün cavablandırmayan Çinarə nəticəsindən narazıdır. Onun hədəfi maksimum - yəni, 700 bal toplamaq olub. Məhz buna görə də o, iyul ayında keçiriləcək növbəti imtahanlara qatılacaq.

Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent təhsilini Tibb Universitetində davam etdirmək istəyir. Çinarənin ən böyük arzusu ürək-damar cərrahı olmaqdır.

Valideynləri bildirirlər ki, həkimlik Çinarənin uşaqlıq arzusudur.

Çinarə Kərimova ilə yanaşı, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin daha 5 şagirdi bu il keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.