16 iyun 2017 21:12
339

Rumıniyada Azərbaycan–Rumıniya diplomatik əlaqələrinə dair “dəyirmi masa” keçirilib

İyunun 16-da Rumıniya Diplomatiya İnstitutunda Azərbaycan-Rumıniya diplomatik əlaqələrinin 25 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirilib.

Tədbirdə Rumıniyanın Bakıdakı sabiq səfirləri Tasin Cəmil və Daniel Çiobanu, Azərbaycanın bu ölkədəki səfiri Fərid Abdinbəyov, deputatlar, Rumıniya Ticarət və Sənaye Palatasının nümayəndələri, siyasi analitiklər, “SOCAR Petroleum S.A” şirkətinin rəhbər heyəti və əməkdaşları, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təmsiçiləri iştirak ediblər.

Çıxış edən diplomatlar, şirkət və təşkilat rəhbərləri, analitiklər ikitərəfli əlaqələrin tarixi, mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıblar. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərin mövcudluğu xüsusi vurğulanıb. Həmçinin ölkə rəhbərlərinin 1990-cı illərdən etibarən qarşılıqlı səfərləri və əldə olunan müsbət nəticələr barədə söhbət açılıb. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, NATO ilə Azərbaycan arasında əlaqələrin fəal siyasi dialoqa əsaslandığı qeyd olunub. Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi, “SOCAR Petroleum S.A” şirkətinin bu ölkədə fəaliyyəti, regionda həyata keçirilən və gələcəkdə planlaşdırılan enerji layihələri, Avropanın enerji təhlükəsizliyi barədə geniş məlumat verilib.

Rumıniyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının işi, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin 2007-2016-cı illərdə Rumıniyada həyata keçirdiyi humanitar layihələr barədə ətraflı söhbət açılıb.