19 iyun 2017 21:49
214

Rumıniyanın XİN başçısı: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır"

Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr qurulmasının 25 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Teodor Meleşkanu arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

"Report" xəbər verir ki, məlumatı Rumıniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Məktubda T.Meleşkanu Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayıb.

XİN başçısı həmçinin 2009-cu ildə imzalanan Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamənin iki ölkənin münasibətlərində mühüm addım olduğunu qeyd edib. Onun sözlərinə görə, bəyannamə və onun həyata keçirilməsi üzrə Fəaliyyət Planı müxtəlif səviyyələrdə ikitərəfli əməkdaşlığın davamlı inkişafı üçün möhkəm təməl olub: "Azərbaycan indiyədək Rumıniyanın Cənubi Qafqaz regionunda strateji tərəfdaşlıq sazişi imzaladığı yeganə dövlət olaraq qalır. Geostrateji mövqeyi və təbii resursları sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynaya bilər. Rumıniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir, Avropa ölkələrinin qaz təchizatının diversifikasiyasına töhfə verəcək. Eyni zamanda, Rumıniya Avropa və Asiya arasında yük nəqliyyat marşrutlarının inkişafı üzrə regional layihələrdə maraqlıdır".

Nazir həmçinin xatırladıb ki, 2009-2016-cı illərdə Rumıniyanın Bakıdakı səfirliyi ardıcıl dördüncü dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirib. "Eyni zamanda, Rumıniya Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin gələcək inkişafını, o cümlədən Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında yeni saziş imzalanmasını dəstəkləyir. Bütün bunlar Rumıniya və Azərbaycan arasında siyasi və diplomatik dialoqun, bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır".