03 iyul 2017 17:13
1210

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn müvafiq siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

TİPİİ-də keçirilən altıgünlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnmələrini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.