03 iyul 2017 20:02
236

Universitetdə “Açıq qapı” günü keçirilib

Zahid Oruc: UNEC-də həyata keçirilən yeniliklər onu beynəlxalq məkanda tanınmış təhsil ocağına çevirəcək

UNEC-də yay imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov, Milli Məclisin deputatı Zahid Oruc, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva 30-dan çox müraciəti dinləyiblər. Rektor UNEC tələbələri, valideynləri və universitet əməkdaşlarının müraciətlərinin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verib.

UNEC-də keçirilən “Açıq qapı”da ilk dəfə iştirak etdiyini bildirən Z.Oruc görüşdən müsbət təəssürat aldığını vurğulayıb: “Hər zaman deyirik ki, ölkənin bünövrəsi onun təhsili üzərində qurulub. Mən UNEC-in doğru yolda olduğunun bir daha şahidi oldum. UNEC-in rəhbərliyinin əməkdaşlara, tələbələrə, valideynlərə, ictimaiyyət nümayəndələrinə əlçatanlığını təqdirəlayiq hesab edirəm. Bu, universitetin müsbət imicini formalaşdırmaqla yanaşı, ali məktəbdə tətbiq edilən yeniliklərə maneə törədən qüvvələri də aradan qaldırır. Hesab edirəm ki, UNEC-də həyata keçirilən yeniliklər qısa müddətdə onu beynəlxalq məkanda tanınmış təhsil ocağına çevrəcək. UNEC-in idarəetmə sistemi, məzunları Azərbaycanın gələcək iqtisadi, siyasi idarəetməsinə uğurla daxil olacaqlar”.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev UNEC-də ictimai nəzarət institutunun formalaşdığını diqqətə çatdırıb. “Açıq qapı” günündə müraciətlərə obyektiv yanaşıldığını vurğulayan B.Quliyev onların böyük əksəriyyətinin müsbət həll olunduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər cəmiyyətdə artıq “UNEC modeli” formalaşdırıb.

Məhərrəm Ağalaroğlu