04 iyul 2017 15:09
450

Ordumuzun qüdrəti Ermənistanın səsini batırıb

İyunun 25-də Azərbaycan Rusiyadan xeyli miqdarda müasir tipli silahlar alıb. Bu silahlar daha çox ağır texnika əleyhinə istifadə edilən müasir tipli hərbi texnikadan ibarətdir. Hadisə Ermənistanın hərbi-siyasi elitasında şok effekti yaradıb. Rusiyadan hədiyyə edilən “İsgəndər” raketlərindən sonra yüksək pafosla danışan düşmən ölkə rəhbərliyi (hansı ki, “İsgəndər” raketlərinin Ermənistan ordusunda olub-olmamasının özü belə şübhə altındadır-red.) bu faktı şərh etməkdən yayınıb və obrazlı şəkildə desək, nitqi quruyub.

Bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Viqen Sarkisyan və Baş Qərargahın rəisi Movses Akopyan yerli jurnalistlərin bu barədə suallarını cavablandırmaqdan imtina ediblər. “Azadlıq radiosu”nun erməni bürosunun xəbərinə görə, jurnalistlərin təkidli sualları qarşısında Ermənistanın müdafiə naziri susqunluğunu qoruyub saxlayıb və müxbirlərə aqressiv reaksiya verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə özünün “Facebook” səhifəsində bir cümlə yazmaqla kifayətlənib: “Deyəsən “Xrizantema-S” tank əleyhinə raket kompleksləridir”.

Düşmən ölkə rəsmiləri nə qədər soyuqqanlı görünmək istəsələr də ictimaiyyətin və Ermənistan mətbuatının məsələyə reaksiyası aşkar göstərir ki, Azərbaycan Ordusunun günü-gündən güclənməsi erməniləri ciddi narahat edir. Ermənistanda sosial şəbəkə istifadəçiləri və ekspertlər arasında bu məsələ geniş əks-səda doğurub. Erməni siyasi şərhçi Armen Abovyan yazır ki, rus siyasətçiləri “gec-tez bu silahların rus əsgərlərinə də atəş açacağını dərk etmirlər”. Abovyan hesab edir ki, bu məsələdə nə ruslar, nə azərbaycanlılar günahkardır, əsas təqsirkar Ermənistan rəhbərliyidir: “Bu bizim iflasımızdır”. “Qafqaz” İnstitutunun rəhbəri, ekspert Aleksandr İsgəndəryan isə hesab edir ki, əsas təhlükə Azərbaycanın İsraildən aldığı silahlarla bağlıdır: “Daha çox Rusiyanın verdiyi bu silahlara yox, İsrailin “Spayk” raketlərinin verilməsinə diqqəti yönəltmək lazımdır. Ötən ilin aprel eskalasiyasında erməni qüvvələri üçün əsas problem “Spayk”lar idi. Bu yaxınlarda isə həmin raketin yeni versiyası tətbiq edilib”.

Görünən odur ki, ermənilər Azərbaycan Ordusunun hərbi-texniki üstünlüyünün təkcə Rusiyadan alınan silahlarla bağlı olmadığını anlayırlar. Bunu onlar ötən ilin “Aprel müharibəsi”ndə daha real və ağrılı hiss etdilər... Ermənistanda başa düşürlər ki, Azərbaycan Ermənistan kimi hansısa ölkədən yararsız silah hədiyyələri qəbul etmir və silahlanmaya yetərincə vəsait xərcləmək və onu istədiyi ölkədən almaq əzmindədir.

Yeri gəlmişkən, qeyd edək ki, “Global Firepower” Analitik Mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqlayıb. Siyahıda dünyanın 132 ölkəsi yer alıb. Azərbaycan Ordusu reytinq cədvəlində 59-cu, Ermənistan isə 95-ci yerdə qərarlaşıb. Reytinq ölkənin havada, quruda və suda olan potensial imkanları nəzərə alınmaqla, 50 faktor əsasında tərtib olunub.

Onu da vurğulayaq ki, bu tipli reytinq cədvəllərinin istisnasız olaraq hamısında Azərbaycan Ordusu bütün parametrlərə görə Ermənistan silahlı qüvvələrini xeyli geridə qoyur. Bir neçə gün əvvəl cəbhə xəttində Ermənistan ordusunun təxribatlarına cavab verərkən Azərbaycan Ordusunun qüdrətini erməni tərəfi yenidən hiss etdi. Cəbhənin təmas xəttində 6 erməni hərbçisinin məhv edilməsi Ermənistanda böyük təlaş və ruh düşkünlüyü yaratmışdı.

İndi Ermənistan cəmiyyətində Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə hazırlaşdığı fikri hakimdir və bu, əsassız deyil. Təbii ki, Azərbaycan aldığı silahları vitrinlərə qoymaq üçün deyil, təcavüzkarı öz ərazisindən çıxarmaq üçün istifadə edəcək...

Taleh Turqut, “İki sahil”