04 iyul 2017 16:39
272

Təhsil Nazirliyinə daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb

Təhsil Nazirliyinin telefon məlumat və vətəndaşların qəbulu mərkəzlərinə iyun ayında ümumilikdə 22 min 850 müraciət daxil olub. Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Əsasən sorğu xarakterli olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların qəbulu mərkəzində 2 min 157 sənəd (1028 məktub, 574 ərizə, 555 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

Telefon məlumat mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (4 986 zəng) və cümə axşamı (4 535 zəng) günləri, əsasən saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların qəbulu mərkəzinə isə ən çox həftənin cümə (1144 müraciət), bazar ertəsi (837 müraciət) və cümə axşamı (834 müraciət) günləri, əsasən saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.